ASEAN Gənclər təşkilatının saytı Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi barədə geniş məqalə yayıb Siyasət

ASEAN Gənclər təşkilatının saytı Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi barədə geniş məqalə yayıb

İndoneziyada fəaliyyət göstərən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) Gənclər Təşkilatının saytında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətrafdakı altı rayonu işğal etməsi haqqında geniş məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, “Qarabağın tarixi” adlı məqalədə bu qədim Azərbaycan torpaqlarının tarixi barədə indoneziyalı oxuculara ətraflı məlumat verilib.

Gənclər təşkilatının hökumətlə əlaqələr bölməsinin rəhbəri, fəal bloger Annisa Xasya Fadilanın Dağlıq Qarabağın tarixini tədqiq edərək hazırladığı məqalədə ermənilərin XVIII əsrdə bölgəyə köçürülməsi və 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından bəhs olunub. Müəllif ermənilərin ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi torpaqlarına qarşı qaldırılan iddiaları, Sovet hakimiyyətinin zəifləməsindən istifadə edərək Muxtar Vilayətin Ermənistan SSR-ə ilhaq edilməsi kampaniyası və 250 minə yaxın azərbaycanlının Ermənistandakı tarixi ata-baba yurdlarından qovulması haqqında ətraflı şəkildə yazıb.

Məqalədə 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın müstəqilliyini bərpa etməsi və ölkəmizdəki daxili siyasi qeyri-sabitlikdən istifadə edən Ermənistanın xarici hərbi dəstəyə arxalanaraq Dağlıq Qarabağı və ona bitişik 6 rayonu işğal etdiyi qeyd olunub. 1992-ci ilin fevralında Xocalıda dinc əhaliyə qarşı törədilən misli görünməmiş soyqırımı barədə ətraflı məlumat verilib. Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyinin BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi məsələsi də əksini tapıb.

Müəllif ölkəmizin ərazi bütövlüyünü tanıyan və Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə də geniş yer ayırıb. Bununla yanaşı, A.X.Fadila 2008-ci ildə BMT Baş Assambleyasında qəbul edilmiş 62/243 saylı qətnamənin Azərbaycanın ərazi bütövlüyünü, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəklədiyini, işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələrinin dərhal çıxarılması tələbini, azərbaycanlıların evlərinə qayıtmaq hüququnu və heç bir dövlətin işğal nəticəsində yaranmış vəziyyəti qanuni olaraq tanımadığını bir daha təsdiqlədiyini xüsusi olaraq vurğulayıb.

Münaqişənin İƏT çərçivəsində dəfələrlə müzakirə olunduğu və beynəlxalq hüququn prinsipləri və normaları nəzərə alınmaqla Azərbaycana qarşı hərbi təcavüz faktının tanındığı bildirilib. 1993-cü ildə Pakistanın Kəraçi şəhərində keçirilən İƏT Xarici İşlər Nazirlərinin XXI Sessiyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan dərhal çıxarılmasını tələb edən, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və sərhədlərin toxunulmazlığı prinsipi əsasında, münaqişənin sülh yolu ilə ədalətli həllinə çağıran qətnamə qəbul edildiyi qeyd olunub. Bununla yanaşı, İƏT-in digər qətnamələrində BMT Təhlükəsizlik Şurası münaqişənin həllində fəal rol oynamağa, dörd qətnamənin icrasını təmin etməyə və Azərbaycan Respublikasına qarşı hücum faktını tanımağa dair çağırışların olduğu da bildirilib.

Müəllif Avropa İttifaqının da BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrinin icrasını, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlarımızdan çıxarılmasını, tərəflərin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsini tələb edən bəyanatlar verdiyini qeyd edib. 2017-ci il noyabrın 24-də Brüsseldə Şərq Tərəfdaşlığı Sammitində imzalanan Birgə Bəyannamənin Avropa İttifaqının bütün tərəfdaşlarının ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəklədiyi bir daha qeyd olunub.