Rusiyadan Xəzərdə boru kəmərləri layihəsinə reaksiya Siyasət

Rusiyadan Xəzərdə boru kəmərləri layihəsinə reaksiya

Sergey Lavrov: "Xəzəryanı ölkələr regionda əməkdaşlığın bütün istiqamətlərini müəyyən edəcəklər"
Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə Həştərxan sammitinin əsas prinsipləri növbəti zirvə toplantısında imzalanacaq prinsiplər haqqında konsepsiyanın əsasını təşkil edir. Bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirib. Bu barədə "Rossiya 24" kanalı məlumat verir.
Lavrov deyib: "Bəyannamədən indi konvensiyanı konkret razılaşmalar, maddələrlə zənginləşdirmək üçün istiufadə olunacaq. Bu konvensiyanın prinsiplərindən biri o olacaq ki, regionda əməkdaşlığın bütün istiqamətlərini Xəzəryanı dövlətlərin özləri müəyyən edəcəklər".
Onun sözlərinə görə, bu, hər şeydən əvvəl təhlükəsizliyə aiddir, çünki Xəzərdə üçüncü ölkələrin silahlı qüvvələri olmayacaq: "Xəzəryanı ölkələr suverenlik zonası və balıq ovu zonası daxil olmaqla dövlət zonalarının eni haqqında çox əhəmiyyətli məsələni razılaşdırdılar. Bu, Xəzərin hüquqi statusu haqqında konvensiyada əksini tapacaq əsas məsələlərdən biridir".
Lavrov deyib ki, daha bir neçə nizamlanmamış məsələ, o cümlədən Trans Xəzər qaz kəmərinin tikintisi haqqında məsələ qalır: "Biz ona əsaslanırıq ki, bu barədə qərarı Xəzər dövlətləri birgə qəbul etməlidirlər".
XİN rəhbəri Xəzərin ekoloji təhlükəsizliyinin təmin olunmasının vacibliyini də qeyd edib.
Xatırladaq ki, sentyabrın sonlarında Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV zirvə toplantısı keçirilib. "Xəzər beşliyi" iştirakçıları dənizdən birgə istifadə ilə bağlı bir neçə mühüm saziş imzalayıblar.
Lavrov Xəzər dənizində boru kəmərlərinin tikintisinə də münasibət bildirib: "Beş Xəzəryanı dövlət dənizin ekologiyasını qorumaq üçün boru kəmərlərin tikintisinə birgə qərar verməlidir".
O, iqtisadi təhlükəsizliklə bağlı Konvensiyanın və bioloji resursların qorunması barədə sənədin olduğunu da xatırladıb. Lavrov qeyd edib ki, Avropa İttifaqı funksionerləri Xəzəryanı dövlətlərin qərarlarına təsir etmək üçün cəhdlər göstərir.