Daşkənddən Türk dünyasına birlik mesajı Dünya

Daşkənddən Türk dünyasına birlik mesajı

Daşkənd şəhərində keçirilən “Nəvaidən Ələsgərə: Türk Dünyasının Ortaq Mənəvi İrsi” beynəlxalq elmi-praktik konfransı yüksək səviyyədə öz işinə başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, konfransın açılışını Özbəkistan Respublikası Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlarla Əlaqələr Komitəsi sədrinin müavini Bekzod Şukuruv edərək, Azərbaycan ilə Özbəkistan arasında mövcud olan sarsılmaz dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərindən geniş bəhs edib.

O, vurğulayıb ki, son illərdə dövlət başçılarının siyasi iradəsi sayəsində iki qardaş ölkə arasında əməkdaşlıq bütün sahələrdə sürətlə inkişaf edir və bu kimi beynəlxalq tədbirlər həmin münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Bekzod Şukuruv qeyd edib ki, Əlişir Nəvai və Dədə Ələsgər kimi dahi şəxsiyyətlərin zəngin irsi türk dünyasının ortaq mənəvi sərvətidir və onların irsinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması böyük əhəmiyyət daşıyır. O, konfransın elm, mədəniyyət və humanitar əməkdaşlığın inkişafına yeni imkanlar açacağını bildirərək, bu istiqamətdə həyata keçiriləcək gələcək layihələrə uğurlar arzulayıb.

Çıxışının sonunda Komitə rəhbərliyi konfransın təşkilatçılarına minnətdarlığını ifadə edib, bütün iştirakçılara məhsuldar müzakirələr arzulayıb və beynəlxalq elmi-praktik konfransı rəsmi olaraq açıq elan edib.

Bu mötəbər tədbir bir daha sübut edib ki, Azərbaycan və Özbəkistan arasında dostluq münasibətləri yalnız siyasi və iqtisadi sahələrdə deyil, elm, mədəniyyət və ortaq mənəvi irsin qorunması istiqamətində də uğurla inkişaf edir. Türk dünyasının birliyi və həmrəyliyi naminə atılan bu cür addımlar gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Cavid