“HƏMAS-ın hazırlıq fəaliyyəti kifayət qədər real görünür” Gündəm

“HƏMAS-ın hazırlıq fəaliyyəti kifayət qədər real görünür”

HƏMAS-ın yeni müharibəyə hazırlaşdığı barədə məlumatlar paylaşılır.

Siyasi şərhçi Elnur Ənvəroğlu xalqcebhesi.az-a açıqlamasında qeyd edib ki, bu məlumatı İsrail Hərbi Kəşfiyyatı və Cənub Komandanlığının yüksək rütbəli zabitləri və Baş Qərargah rəisi Eyal Zamirə bildirib: “Düzdür, məlumat olduqca ciddi bir mənbə tərəfindən verilsə də, məncə, HƏMAS-ın yaxın günlərdə və ya həftələrdə mütləq genişmiqyaslı hücuma başlayacağı anlamına gəlmir. Bu sadəcə bir hazırlıq ola bilər. HƏMAS bölgədə İsrail qüvvələrinə qarşı yaradılmış daimi bir təşkilatdır. Bu təşkilat bir müddət hərbi cəhətdən zəiflədilsə də öz potensialını artırmaq istiqamətində daim güc toplamaq əzmindədir”.

E.Ənvəroğlunun fikirlərinə görə, hazırkı şəraitdə HƏMAS-ın hazırlıq fəaliyyəti kifayət qədər real görünür: “İsrailin uzunmüddətli əməliyyatlarına baxmayaraq təşkilat tamamilə sıradan çıxarılmayıb və imkan düşdükcə qüvvələrini yenidən təşkil etməyə çalışması gözlənilən davranışdır. Amma HƏMAS-ın yaxın perspektivdə 2023-cü il 7 oktyabr hücumuna bənzər genişmiqyaslı əməliyyat keçirməsi mənim fikrimcə daha az real görünür. Çünki səbəblər bəllidir və bunlardan biri budur ki, İsrail ordusu Qəzza ətrafında kəşfiyyat və müşahidə imkanlarını ciddi şəkildə gücləndirib. Digəri az öncə dediyim kimi HƏMAS-ın ciddi canlı qüvvə və komanda heyəti itkisi verməsidir. Hətta ehtimallara görə təşkilatın silah və sursat ehtiyatları əvvəlki səviyyədə deyil. Digər bir səbəb də Qəzzadakı humanitar vəziyyət və dağıntılardır ki, bu da təşkilatın hərəkət imkanlarını məhdudlaşdırır”.

O qeyd edib ki, bununla yanaşı, İsrail təhlükəsizlik qurumları üçün belə xəbərdarlıqların xüsusi əhəmiyyəti var: “Yəni məsələyə daha ciddi yanaşmaq və bütün mümkün ehtimalları dərindən qiymətləndirmək. İngilislərdə bir misal var (Never take for granted). Əgər rəqibini kiçik görərsənsə, o zaman böyük problemlərə hazır olmalısan”.

Röya İsrafilova