Parisdə Fransa və Azərbaycan prezidentlərinin görüşü olub Siyasət

Parisdə Fransa və Azərbaycan prezidentlərinin görüşü olub

Rəsmi Bakının Paris görüşü ərəfəsində beynəlxalq aləmə göndərdiyi əsas mesaj bundan ibarətdir ki, Ermənistan torpaqları azad etməsə, sülh olmayacaq

Parisdə Fransa prezidenti Fransua Ollandla Azərbaycan prezidenti İlham Əliyevin görüşü olub.
F. Olland Azərbaycan dövlət başçısını Yelisey Sarayında qarşılayıb.
Azərbaycan prezidenti ilə görüşdən sonra F. Olland Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. "Cənub" dəhlizi enerji layihəsinin reallaşması ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparıldı. Münaqişə ilə bağlı "status-kvo"nun dəyişilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulanıb.
"Atlas" Araşdırmaları Mərkəzi bu görüşü Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində təxminən 7 il davam edən təkbaşına vasitəçilik missiyası başa çatması kimi dəyərləndirir. Belə ki, prosesə yenidən Fransa qoşulur. Azərbaycan və Ermənistan prezidentləri bu gün Parisdə görüşürlər: "Bu, Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində 3-cü vasitəçilik cəhdidir.
Azərbaycan və Ermənistan prezidentləri Parisdə birinci dəfə 2001-ci ildə bir araya gəlmişdilər. Fransa prezidenti Jak Şirak sülh sazişinin Parisdə imzalanacağına ümidli idi. Bu məqsədlə rəsmi Paris sülh müqaviləsinin detallarını da hazırlamışdı. Ancaq həmin layihənin vacib detalları Azərbaycanın maraqlarına cavab vermirdi və buna görə də Parisdə saziş imzalanmadı".
İkinci dəfə isə Azərbaycan və Ermənistan prezidentləri 2006-cı ildə Paris yaxınlığındakı Rambuye qəsrində bir araya gəldilər. Jak Şirak yenə də ümidli idi. Fransa prezidenti Rambuyedə Dağlıq Qarabağ probleminin nizama salınmasının əsasının qoyulması istiqamətində real şansların olduğunu söyləmişdi. Ancaq onda da nəticə alınmadı. Rambuye görüşü Ermənistan prezidenti Robert Köçəryanın görüşü tez tərk etməsi ilə yadda qaldı. Demək Rambuyedəki danışıqlar da rəsmi Yerevanın maraqlarına cavab vermirdi.
Mərkəzin qənaətincə, üçüncü dəfənin də Fransa üçün uğurlu olacağını proqnozlaşdırmaq çətindir: "Çünki münaqişə tərəfləri arasında konseptual fərqlər ortadan qaldırılmayıb. Doğrudur, Fransa prezidenti Fransua Oland bu il həm Azərbaycanda, həm də Ermənistanda rəsmi səfərdə oldu və prezidentlər ona Parisdə görüşə hazır olduqlarını bildirdilər. Ancaq keçən bu müddət ərzində Azərbaycanın və Ermənistanın mövqeyində heç nə dəyişməyib.
Bu yaxınlarda ATƏT-in Minsk qrupu həmsədrləri bölgəyə səfər etdilər. Beynəlxalq vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin Parisdəki görüşünə hazırlıq məsələsinə toxundular. Həmsədrlər Bakı və İrəvanda keçirdikləri görüşlərin ardından ümidverici bir açıqlama vermədilər.
Əksinə, son günlər cəbhə bölgəsində atəşkəsin pozulması halları yenidən intensivləşib. Halbuki son iki ayda nisbi sakitlik hökm sürürdü. Hər zaman prezidentlərin görüşü ərəfəsində cəbhə bölgəsində atəşkəsin pozulması halları baş verir. Bu, taktiki xarakter daşıyır. Məqsəd gələcək görüşdə daha üstün mövqeyə sahib olmaqdır".
Qeyd olunur ki, rəsmi Bakının Paris görüşü ərəfəsində beynəlxalq aləmə göndərdiyi əsas mesaj bundan ibarətdir ki, Ermənistan torpaqları azad etməsə, Cənubi Qafqaz bölgəsində müharibə ehtimalı azalmayacaq. Təsadüfi deyil ki, keçən həftə Azərbaycan ordusunun cəbhə bölgəsinə yaxın hissələrində döyüş hazırlığı yoxlanıb.
Ermənistan atəşkəsi pozmaqla Azərbaycana göstərmək istəyir ki, ordusunun müdafiə qabiliyyəti yüksəkdir və danışıqlarda güzəştə getməyəcək. Ona görə də belə bir gərginlik şəraitində Paris görüşü uğurla nəticələnə bilməz.