“Münaqişəsi dondurulmayıb” Siyasət

“Münaqişəsi dondurulmayıb”

Aİ-nin xüsusi nümayəndəsi: "İstənilən zaman regionda genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər"

"Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil". Gün.Az xəbər verir ki, bu barədə Avropa Parlamentinin xarici işlər komitəsinin toplantısında Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salber deyib.
H.Salber bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycan və Ermənistanın ATƏT-in Minsk qrupu ilə konstruktiv dialoqu davam etdirməsi vacibdir:
"Avropa İttifaqının məsələ ilə bağlı mövqeyi dəyişmir. Biz ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanmasına yönəlmiş səylərini dəstəkləyirik. Həmçinin tərəflər arasında keçirilən sammitləri təqdir edirik. Bununla yanaşı, tərəflər arasında qarşılıqlı inam yaradan tədbirlərin həyata keçirilməsi zəruridir".
Aİ nümayəndəsi əlavə edib ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, fəal münaqişədir və istənilən zaman genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər:
"Son dəfə Azərbaycanda olarkən məcburi köçkünlərin yaşadıqları qəsəbələri ziyarət etdim. Azərbaycan hökumətinin onlar üçün yaratdığı şəraiti gördüm, ancaq buna baxmayaraq, bəzi məcburi köçkünlərin yaşayış şərtlərini təsvir etmək belə çətindir".
Xüsusi nümayəndə onu da deyib ki, Azərbaycan və Ermənistan hökumətlərinə Dağlıq Qarabağ və digər rayonlara səfər etmək icazəsi almaq üçün rəsmi müraciət edib. O, həmin ərazilərdəki vəziyyəti öz gözləri ilə görməli olduğunu bildirib və hələlik icazə almadığını əlavə edib.
Qeyd edək ki, H.Salber sentyabr ayında regiona səfər edərək, Azərbaycan və Ermənistanda rəsmi görüşlər keçirib.