Qüdrət Həsənquliyev: “Heç kimin bizi dayandırmağa haqqı yoxdur” Siyasət

Qüdrət Həsənquliyev: “Heç kimin bizi dayandırmağa haqqı yoxdur”

“Xalqımız üçün çox fərəhli bir haldır ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə başlayıb. Sahibə xanım, mən təklif edirəm ki, bununla əlaqədar olaraq Milli Məclisin xüsusi iclası çağırılsın”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasındakı çıxışı zamanı səsləndirib. Millət vəkili bildirib ki, müvafiq dövlət orqanları, xüsusilə Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi həmin iclasa dəvət olunsun: “İclas qapalı keçirilsin. Həm millət vəkillərinə məlumat verilsin, həm də bizim fikirlərimiz öyrənilsin. Yəni millət vəkilləri bu məsələlərlə bağlı nələr təklif edirlər? Hesab edirəm ki, biz, qanunverici orqan kimi kənarda qalmamalıyıq. Bu məsələdə yaxından iştirak etməıi və Prezidentə dəstək olmalıyıq. Məni narahat edən məsələlərdən biri ondan ibarətdir ki, Ermənistan son vaxtlar Azərbaycanı kəskin formada ittiham edir ki, guya hansısa ölkədən gətirimiş könüllülüər Azərbaycan tərəfindən müharibədə iştirak edir, Türkiyə artıq bu prosesə qatılıb. Əlbəttə bizim rəsmilər bunu qətiyyətlə təkzib edirlər. Amma hesab edirəm ki, bu yalan məlumatlar təkzib olunduğu zaman o da qeyd olunmalıdır ki, biz istənilən vaxt, istənilən bir ölkəni torpaqlarımzın azad olunmasında bizə yardım etmək üçün dəvət edə bilərik. BMT Nizamnaməsinin 51-ci maddəsi buna imkan verir. Müharibə Azərbaycan ərazilərində gedir, Azərbaycan torpaqları işğal olunub. Yəni bu məsələ hər dəfə təkrar vurğulanmalıdır ki, bu addımı ata bilərik. Sadəcə bu gün buna ehtiyac görmürük. Bunu necə ki, vaxtilə İraq Küveyti işğal edəndə Amerika Birləşmiş Ştatları etdi. Yaxud bu gün Suriyanın qanuni hökumətinin dəvəti ilə Rusiya qoşunları orada vətəndaş müharibəsində yaxından iştirak edir. Dünyada belə təcrübə çoxdur. Yəni bizim kollektiv müdafiə olunmaq hüququmuz var. Məsələn, Ermənistanın özü də Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının üzvüdür. Yaxud NATO üzvü olan dövlətlər birlikdə öz müdafiələrini təşkil etmək istəyirlər. Yəni bu məsələni biz hər dəfə vurğulamalıyıq və bizim buna haqqımız var. Bilirik ki, bizim torpaqlarımız o zaman Rusiyanın hərbi birləşmələrinin dəstəyi ilə işğal olunub. Kim istəyirsə məhz rusiyalı jurnalist Aleksandr Nevzorovun internetdə olan çıxışlarına baxa bilər. O, dünyada rastlaşdığı ən qəhrəman insan haqqında danışır. O, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovdur. Aleksandr Nevzorov qeyd edir ki, “Biz Ağdərə istiqamətində gedən döyüşlərdə gördük ki, Rusiyanın “Pskov” desant taboru necə Azərbaycanın yaşayış məntəqələrini işğal edib ermənilərə təhvil verir”. Bundan başqa Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdiyi işğalda da 366-cı alayın iştirakı haqqında biz bilirik. Ona görə də biz bu məsələ ilə bağlı açıq danışmalıyıq. Bildirməliyik ki, siz vaxtilə başqa dövlətin köməyi ilə bizim torpaqlarımızı işğal etmisiniz. İndi də əslində Azərbaycanın ixtiyarı var ki, başqa dövlətlərin köməyi ilə öz torpaqlarını işğaldan azad eləsin. Amma hələ biz buna ehtiyac hiss etmirik. Bundan başqa Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Makron cənab Prezidentə müraciət edib və guya insan ölümündən narahatdılar və atəşin dərhal dayandırılmasını tələb ediblər. BMT Təhlükəsizlik Şurası təcili toplandı. Belə olanda sual çıxır meydana ki, yaxşı, ermənilər bizim torpaqları işğal edəndə öldürülənlər insan deyildi? Onlar sisi narahat etmirdi? Onda niyə tutaq ki, Almaniyanın kansleri, Fransanın prezidenti Ermənistanın prezidentinə zəng edib atəşin dayandırılmasını tələb etmirdi? Niyə onlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına mane olmurdular? Yaxud BMT Təhlükəsizlik Şurası toplanır və atəşin dayandırılması ilə bağlı qərar qəbul edir. Amma öz qətnamələrinin icrası ilə bağlı Ermənistan qarşısında heç bir tələb qoyulmur. Ona görə də hesab edirəm ki, Azərbaycan BMT Təhglükəsizlik Şurasının qərarına heç bir əhəmiyyət verməməlidir. Necə ki, Ermənistan 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə heç bir məhəl qoymur. Biz, öz torpaqlarımızı azad etməliyik. Mən dünən Azərbaycan televiziyasında çıxışımda da dedim. İkinci dünya müharibəsində Azərbaycan əhalisinin 12,8 fazini itirib. Belorusiyadan sonra ən çox itki verən respublika olmuşuq. 10 mini qadın olmaqla 640 min insan orduya səfərbər olunub. 300 mindən çox insan itirmişik. Müharibə dövründə ümumiyyətlə 780 minə qədər Azərbaycan əhalisi azalıb. Əgər bizim 1941-ci ildə əhalimizin sayı 3 milyon 380 min nəfər idisə, 1945-ci ildə 2 milyon 600 min nəfər olub. Buna görə də Azərbaycan xalqının haqqı var ki, səfərbərliyə getsin, itkilərdən, dağıntılardan qorxmadan öz torpaqlarını azad eləsin. Hesab edirəm ki, heç kimin bizi dayandırmağa haqqı yoxdur”.