Müsavatda qarşırurmanın yeni mərhələsi Siyasət

Müsavatda qarşırurmanın yeni mərhələsi

Partiyanın indiki rəhbərliyinin siyasətindən narazı qalan bir qrup müsavatçı bəyanat yayıb

Qubad İbadoğlu: "Arif Hacılıya etiraz edənlərə qarşı partiyada repressiyalara start verilib"

Səxavət Əlisoy: "Onlar düşünürlər ki, hər şey avtoritar qaydada həll olunmalıdır"

Tural Abbaslı: "Arif Hacılı və partiya rəhbərliyi narazılara hədə-qorxu gəlir"

Müsavat Partiyasında son qurultaydan bəri davam edən ixtilaflar gün-gündən dərinləşir. Qurultayının nəticələrindən və partiyanın indiki rəhbərliyinin siyasətində narazı qalan bir qrup müsavatçı dünən bəyanat yayıb.
Bəyanatda deyilir: "Son zamanlar Müsavat Partiyasında hazırkı rəhbərlik tərəfindən bir qrup üzvlərin iradəsinə təzyiq yolu ilə partiya daxilindəki idarəçilikdən narazı olan, onun gələcəyi ilə bağlı narahatçılıq keçirərək konkret mövqelərini bölüşən üzvlərə qarşı "cəza vermək" çağrışlarını əks etdirən bəyanatların qəbulu, tənqidi mövqedə olan üzvlərin bəzilərinin partiya sıralarından çıxarılması, digərlərinin isə cəzalandırmaq məqsədilə mərkəzi orqanlara dəvət edilməsi kimi insan haqlarına, siyası plüralizmə, fikir, ifadə və söz azadlığına qarşı olan siyasi xəttin önə çəkilməsi partiya üzvləri arasında ciddi narahatçılıq doğurmaqdadır. Belə ki, Müsavat Partiyası Qubadlı rayon təşkilatının qərarı ilə partiya üzvü Məhəbbət Muradovun Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) qərarı ilə Qaradağ rayon təşkilatının üzvü Kamil Xəlilbəylinin şəxsi yazışmaları və mövqeləri əsas götürülərək partiya sıralarından kobud nizamnamə pozuntuları ilə çıxarılması üzvlər arasında mərkəzi orqanların və hazırkı rəhbərliyin fəaliyyətinə etimadsızlığın artmasına, eləcə də qeyri-qanuni, qeyri-demokratik qərarlarla partiyada repressiyaların başlanması ilə bağlı məlumatların yayılmasına səbəb olub. Müsavat Partiyası Divanının sonuncu toplantısında partiya üzvləri Müsavat Partiyası başqanlığına sabiq namizəd Səxavət Əlisoy və partiyanın MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlının Divanın növbəti iclasına çağırılması ilə bağlı qərarı, Sumqayıt şəhər təşkilatının üzvü, keçmiş siyasi məhbus Ənvər Əhmədin partiya sıralarından xaric olunması məsələsinin müzakirəyə çıxarılması hazırkı vəziyyətin daha da gərginləşdirilməsinə gətirib çıxarıb".
Bəyanatı imza edən şəxslər Müsavat Partiyasının hazırkı rəhbərliyi qarşısında bir sıra tələblər qoyublar: "Partiya daxili demokratiyanın inkişafı üçün yaradılan baryerlər aradan qaldırılsın, siyasi plüralizm, fikir müxtəlifliyi, söz və ifadə azadlığına əməl olunsun, fərdi azadlıqlara hörmət olunaraq şəxsi mövqelərə görə partiya üzvlərinin cəzalandırılması çağırışlarına son qoyulsun.
Partiya üzvlüyündən mövqelərinə görə çıxarılmış Elman Elxanoğlunun, Məhəbbət Muradovun və Kamil Xəlilbəylinin hüquqlarının bərpası olunması üçün konkret addımlar atılsın və bu barədə qərar vermiş strukturlar məlum qərarlarına yenidən baxaraq onu nizamnamə normalarına uyğunlaşdırsınlar.
Partiyada ikitirəliyə, bölüşdürücülüyə şərait yaradan, dialoq, polemika imkanlarını məhdudlaşdıran, birlik və həmrəyliyə əks mövqe ifadə edən bəyanatların qəbuluna son qoyulsun. Partiya rəhbərliyini yanlış xətdən imtina etməyə çağırırıq".
Qeyd edək ki. bəyənatı Qubad İbadoğlu, Vurğun Əyyub, Hikmət Hacızadə, Mehman Cavadoğlu, İbrahim İbrahimli, Məryəm Oruclu, Fəxrəddin Bağırov, Hökümə İbrahimli, Adil Qeybulla, Ellada Məmmədli, Dünyaxanım Cahan, Hüseyn Məlik, Sədaqət Paşayeva, Lətafət Məlikova, Tural Abbaslı, Rafiq İsmayıl, Asif Məmmədli, Allahverdi Orucov imzalayıb.
Başqanlığa namizəd olmuş narazılar qrupunun rəhbəri Qubad İbadoğlu sözügedən prosesləri belə şərh edib: "Müsavat Partiyasının Nizamnaməsində heç bir yerdə qeyd edilməyib ki, üzvlər arasında şəxsi yazışmaya görə MNTK qərar qəbul etməlidir. Hətta belə qərarlar olsa da, birtərəfli olmalı deyil. Bu açıq aşkar siyasi qərardır, hüquqi müstəvidə araşdırılmayıb". Onun fikrincə, hüquqi müstəvidə belə qərar verilməsi üçün heç bir əsas yoxdur: "Bu qərarla repressiyalara start verilib. Partiyada rayon təşkilatları səviyyəsində verilən bəyanatdan sonra bu, gözlənilən idi. Çünki artıq partiyanın tanınmış üzvlərinin cəzalandırılması üçün bir siyahı hazırlanıb. Səxavət Əlisoy və Əlövsət Talışxanlı da Divanın növbəti toplantısına dəvət alıblar.Bu məsələlər orada da müzakirə olunacaq. Siyahıda kimlərin adının olması haqda konkret məlumat vermək niyyətim yoxdur. Sadəcə repressiyalar başlayıb, bu da həmin repressiyaların tərkib hissəsidir. Mən bunu qəti şəkildə pisləyirəm. Bəyanat kampaniyasına son verilməlidir. Partiyada demək olar ki, bəyanat verməyən bircə MNTK qalıb. Çox güman ki, onlar da bəyanat verəcək. Eyni mövqeni bölüşən adamların cəzalandırılmasına start verilib. MNTK müstəqil deyil və sifariş yerinə yetirməklə məşğuldur".
Müsavat Partiyası başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib ki, Müsavatdan narazı olanlar onsuz da fraksiya yaradıblar: "Sadəcə olaraq onun rəsmiləşdirilməsi prosesi qalıb. Bu rəsmiləşdirmə məsələsi isə bu ilin dekabrın 8-də baş tutacaq".
Səxavət Əlisoyun sözlərinə görə, Gülağa Aslanlı kimi Müsavatdan narazıların fraksiya yaratmasına qarşı çıxan insanlar demokratiyadan, fikir azadlığından plüralizmdən məlumatsız insanlardır: "Onlar düşünürlər ki, hər şey avtoritar qaydada həll olunmalıdır. Bu insanlar hesab edirlər ki, əgər kimsə onlardan deyilsə, həmin şəxsləri cəzalandırmaq olar. Yəni, Müsavat Partiyasının rəhbərliyini ələ keçirən bu qrup özlərini demokratiyanın elementar ünsürlərindən xəbərsiz kimi aparırlar. Təbii ki, bu da özünəməxsus avtoritar rejimdir. Axı cəzalandırmaq nə deməkdir? Yəni bu, 1937-ci illərin repressiyası deyil ki, partiyanın ideoloji xəttinə zidd olasan və onun hansısa prinsiplərinin əleyhinə gedəsən. Bütün bunların hər biri keçmişdə qalıb. Əgər mən fərqli düşünürəmsə bunun qarşısını almaq üçün onlar nə etməlidirlər? Məgər fərqli düşünən insanlara xüsusi dərman verilməlidir ki, onlar bir daha belə düşünməsin? Onların gücü yalnız insanları partiya sıralarından xaric etməyə hesablanıb. Artıq Müsavat daxilində siyasi repressiyalara start verilib".
Başqanlığa keçmiş namizəd bildirib ki, ötən gün Müsavat Partiyasının üzvlərindən Kamil Xəlilbəyli Müsavat ideologiyasına qarşı çıxnaqda ittiham olunaraq partiyadan xaric edilib: "Müsavat üzvləri "facebook" sosial şəbəkəsinin Müsavat üzvləri qrupunda aralarında olan şəxsi məsələləri orada müzakirə edib, bir-birilərini təhqir ediblər. Beləcə, onlar bu məsələni Mərkəzi Nəzarət Təftiş Komissiyasına (MNTK) çıxarıb, Arif Hacılının tərəfdarı olmayan Kamil Xəlilbəylini partiya sıralarından xaric ediblər. Hesab edirik ki, bütün bunlar tamamilə cəfəng bir oyundur. Qarşı tərəf sadəcə olaraq Müsavatın qurultayında saxtakarlıq etdiyinə və bu saxtakarlıq faş olduğuna görə, bu cür cəza üsullarına əl atırlar. Düşünürəm ki, fərqli düşünən insanların ağzını bağlamaq heç vaxt mümkün deyil. Çünki bu, təbii bir prosesdir. Müsavatdan narazı olanlar onsuzda fraksiya yaradıblar. Sadəcə olaraq onun rəsmiləşdirilməsi prosesi qalıb. Bu rəsmiləşdirmə məsələsi isə bu ilin dekabrın 8-də baş tutacaq".
Müsavat partiyasının başqanlığına keçmiş namizədi Tural Abbaslı da hesab edir ki, Arif Hacılı və partiya rəhbərliyi narazılarla ortaq məxrəcə gəlmək əvəzinə, onlara hədə-qorxu gəlir. "Arif Hacılı başqan seçildikdən sonra, partiyada vəziyyəti sabitləşdirmək istəsəydi bunu edərdi, amma bunu etmədi və hazırda vəziyyət daha da gərginləşib."
O bildirib ki, partiya rəhbərliyi qurum daxilində nizamnaməyə zidd fəaliyyət göstərən şəxslərin olduğunu söyləyir. Bu sözlər isə reallığı əks etdirmir: "Partiya daxilində heç kim Nizamnamə əleyhinə çıxmayıb. Çünki Nizamnəmə əleyinə çıxmaq, partiya əleyhinə çıxmaq kimi qiymətləndirilir. Sadəcə olaraq, hər kəs Nizamnaməni öz bildiyi kimi şərh edir. Nəticədə siyasi savadsızlığın uzbatından yalnış addım atırlar. Atılan adıma da bu və ya digər formada don geyindirirlər".
T. Abbaslı bildirib ki, əsas məsələ fraksiya yaradanların partiyadan çıxarılması deyil: "Partiya funkisionerləri fraksiya yaradılmasını Nizmnamə pozuntusu olduğunu sübut edə bilmirlər və bunu heç kim edə də bilməz. Partiya daxilində bir sıra məsələlərlə razılaşmayan şəxslərin bir araya gəlməsi qarşısını almaq mümkün deyil. Nizamnamədə də bununla bağlı hər hansısa bir bənd mövcud deyil. Məsləhət görürəm ki, istər Gülağa bəy, istərsə də başqan öncə nizamnaməni oxusun, sonra qərar versinlər".

Əli