Arif Hacılının müavini yenə hədələdi Siyasət

Arif Hacılının müavini yenə hədələdi

Elman Fəttah: "Kimliyindən asılı olmayaraq partiya qərarlarının icrasına sistemli maneçilik törədənlərə qarşı tədbirlər görüləcək"

"Vurğun Əyyubun Müsavatın nüfuzuna zərbə vuracaq davranışlarını davam etdirməsi xoş hal deyil".
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah deyib. E. Fəttah Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun partiyada hansısa vəzifədə təmsil olunmaq şansının olduğunu bildirib: "Qurultaydan sonra Qubad İbadoğlu bəyanat vermişdi ki, nəinki özü, hətta tərəfdarları da heç bir seçkili orqanlarda iştirak etməyəcəklər. Əgər indi Qubad İbadoğlunun hər hansı vəzifədə təmsil olunmaq arzusu olarsa, istənilən vaxt Müsavat başqanı ilə görüşüb, bunu müzakirə edə bilər". E. Fəttahın fikrincə, qurultaydan sonra yaranmış narazılıqlarla bağlı kompromisin əldə olunmamasının əsas səbəbkarı qarşı tərəfdir: "Müsavat rəhbərliyində təmsil olunanların şəxsinə yönələn təhqirlər heç bir halda cavablandırılmır. Yalnız partiyanın ümumi mənafeyinə yönəlmiş ittihamlar Müsavat rəhbərliyi tərəfindən cavablandırılır və bu davranışların dayandırılması tələb olunur. Kimlər ki, partiya Nizamnaməsini sistemli şəkildə pozurlar və bunu davam etdirirlər, sözügedən şəxslərlə bağlı Nizamnamə çərçivəsində qərarlar qəbul edilir". E. Fəttahın sözlərinə görə, Müsavat rəhbərliyi partiya üzvlərinə qarşı tədbir görməyi planlaşdırmır, ancaq narazıların fəaliyyətləri sistemli şəkildə Nizamnamə ilə ziddiyyət təşkil edəcəksə, bunlar bir gün müəyyən qərarlara səbəb ola bilər: "Nizamnaməni, partiya rəhbərliyinin və ya strukturlarının qərarlarını tanımamaq, israrlı şəkildə bu məsələ ilə bağlı fəaliyyət, Müsavatı parçalamaq istiqamətindəki fəaliyyət kateqoriyasına daxildir. Ona görə də partiya rəhbərliyi bu kimi halların qarşısını almaq istiqamətində, zərurət yaranarsa, Nizamnamə çərçivəsində qərarlar qəbul edəcək". E. Fəttah Müsavat Məclisinin üzvü Vurğun Əyyubun partiyadakı strukturları saymaması və tanımamasına da münasibət bildirib: "Vurğun Əyyubun Müsavatın strukturlarını legitim hesab etməməsi məsuliyyətsiz yanaşmadır. O, uzun müddət Müsavat rəhbərliyində təmsil olunmuş və partiya strukturlarının qərarlarına əməl olunmasının önəmini bilən bir şəxsdir. Bütün bunlara baxmayaraq, onun Müsavatın nüfuzuna zərbə vuracaq davranışlarını davam etdirməsi xoş hal deyil. Biz bu kimi fəaliyyətlərin davam etməsini istəmirik. Ancaq kimliyindən, nüfuzundan asılı olmayaraq, hər hansı bir üzv partiya qərarlarının icrasına sistemli maneçilik törədəcəyi, ona əməl etməyəcəyi halda Nizamnamə qərarlarının qəbul edilməsinə zərurət yaranacaq". Başqan müavini qeyd edib ki, Müsavat Partiyasının parçalanması ilə bağlı iddiaların qətiyyən əsası yoxdur: "Müsavat 103 yaşlı bir partiyadır. Bu kimi iddialar, proqnozlar müxtəlif dövrlərdə səsləndirilsə də, heç bir halda özünü doğrultmayıb. Kimlərinsə partiyadan istefa verməsindən asılı olmayaraq, Müsavatın parçalanması mümkün deyil".