Türkiyə Ermənistanla sərhədi aça bilərmi? Siyasət

Türkiyə Ermənistanla sərhədi aça bilərmi?

Qabil Hüseynli: "Ddünya gücləri ictimai rəyi güclü şəkildə hazırlamağa çalışırlar"

Zahid Oruc: "Qərb Rusiyanın hərbi bazasına yer vermiş Ermənistanı nəyin bahasına olursa olsun Moskvanın nüfuz zolağından çıxarmağa çalışır"

Sülhəddin Əkbər: "Türkiyə rəhbərliyinin Azərbaycan rəhbərliyinin razılığı olmadan, Azərbaycanla münasibətlərin korlanması hesabına Ermənistanla sərhədləri açacağını düşünmürəm"

Türkiyənin Azərbaycandakı sabiq səfiri Ünal Çeviközün Türkiyə-Ermənistan sərhədlərinin açılmasının zəruriliyi barədə məqaləsi, 22-23 noyabr Ankara Universitetində Hrant Dink Vəqfinin təşkilatçılığı ilə "Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi" mövzusunda beynəlxalq konfransın keçirilməsi, son olaraq Roma papası Fransiskin Türkiyə-Ermənistan sərhədlərinin açılmasını arzu etdiyini dilə gətirməsi bu mövzunun yenidən aktuallaşmasına səbəb olub.
Politoloq Qabil Hüseynli APA-ya açıqlamasında bildirib ki, dünya gücləri Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində həm ölkələrdə daxili ictimai rəyi, həm də beynəlxalq ictimai rəyi güclü şəkildə hazırlamağa çalışırlar. Onun sözlərinə görə, Türkiyə tərəfinin məqsədi Ermənistanla münasibətləri yaxşılaşdırmaq və qondarma "erməni soyqırımı"nın yüzilliyi ərəfəsində hər hansı qərarların qəbul edilməsinə mane olmaqdan ibarətdir: "Qərbin niyyətinə gəlincə, onlar hesab edir ki, Türkiyə-Ermənistan münasibətləri yaxşılaşdıqca, bu, Ermənistanı Rusiyanın ağuşundan çıxaracaq və Ermənistan Qərbyönümlü dövlətə çevriləcək. Hərənin öz strateji məqsədi var. Mühüm olan Türkiyənin güddüyü strateji məqsəddir və hər şey də bundan asılıdır. Çox təəssüf ki, Türkiyənin özündə, xüsusən səlahiyyət sahibləri arasında sərhədlərin açılmasının zəruriliyi ilə bağlı güclü rəy formalaşıb, Sürix protokollarını canlandırmaq istəyirlər. Güman edirəm ki, buna da nail olacaqlar".
Politoloq düşünür ki, baş verənlərin son nəticədə hansı nəticələrə, hansı məyusluqlara gətirib çıxaracağını proqnozlaşdırmaq olmaz: "Məsələn, mən indidən deyə bilərəm ki, Türkiyənin Ermənistanla bağlı ürəyində bəslədiyi fikirlər özünü doğrultmayacaq. Türkiyənin yeritdiyi siyasət erməni xislətinin dəyişməsinə, Ermənistanın xarici siyasət xəttinin dəyişməsinə gətirib çıxarmayacaq. Ona görə də bu siyasət məyusluq doğurur. Azərbaycanın isə gözləməkdən başqa əlacı yoxdur. Çünki Türkiyə ilə münasibətləri korlamaq olmaz, böyük layihələr həyata keçirilir. Bir dövr başlayacaqsa, bizi Türkiyə ilə siyasi maraqlardan çox, iqtisadi maraqlar birləşdirəcək və biz o dövrə hazır olmalıyıq. Yəni Türkiyə maraqlarını necə güdürsə, Azərbaycan da maraqlarını güdməklə öz siyasətini həyata keçirməlidir. Yəni qardaş ölkədir, qazı ucuz satım, tranzit məsələsində güzəşt edim, belə şeylər olmamalıdır. Həmin dövrdə digər ölkələrə münasibət necədir, Türkiyəyə də münasibət elə olmalıdır".
Millət vəkili Zahid Oruc da baş verənləri təsadüf saymır. Z. Oruc APA-ya açıqlamasında deyib ki, Türkiyəyə səfər kontekstində Roma papası Fransisk tərəfindən Türkiyə-Ermənistan sərhədlərinin açılmasının gündəmə gətirilməsini sıradan bir açıqlama kimi dəyərləndirmək olmaz. Onun sözlərinə görə, belə mühüm görüşlərdən sonra verilən açıqlamaların hər bir detalı hesablanır: "Ermənistan və Türkiyə arasında münasibətlərin qurulması mühüm beynəlxalq layihədir, Sürix protokollarının imzalanmasından sonrakı dövrdə Azərbaycanın müdaxiləsi ilə yarımçıq qalmışdı, dondurulmuşdu. Bu prosesi hər hansı formada yenidən hərəkətə gətirmək üçün daha mühüm qüvvələr vasitəsilə addımlar atılır".
Z. Oruc Qərbin Rusiyanın hərbi bazasına yer vermiş Ermənistanı nəyin bahasına olursa olsun Moskvanın nüfuz zolağından çıxarmağa çalışdığını nəzərə çatdırıb. O, əmin olduğunu bildirib ki, Azərbaycanın etirazları və narahatlıqları Türkiyə elitası tərəfindən düzgün dəyərləndiriləcək: "İstərdik ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu bir daha vurğulasınlar ki, siyasətçilərin, yaxud din adamlarının arzularından asılı olmayaraq, Türkiyə Ermənistanla sərhədləri açmayacaq".
Z. Oruc Vatikanın tək dini mərkəz olmadığını, dünyəvi siyasətdə də mühüm rol oynadığını vurğulayıb: "Vatikan dünyəvi siyasətin məxfi qismində hər zaman bir nüvə rolunda çıxış edib. Hazırda hər vəchlə katolik aləmini də Türkiyə-Ermənistan münasibətlərinə qatmaq istəyirlərsə, deməli, alt qatda dayanan ciddi doktrinalar, planlar var. Ona görə də Roma papasının açıqlamasını sıradan bir məsələ kimi qiymətləndirmək olmaz".
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər APA-ya açıqlamasında bəyan edib ki, dünyada bir çox güclər, o cümlədən ABŞ və Avropa Birliyi Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir. O, hesab edir ki, Türkiyədə də müəyyən dairələr sərhədin açılmasında maraqlıdırlar və bunu Türkiyənin maraqlarına uyğun sayırlar: "Qərbdə geniş yayılmış belə fikir də var ki, sərhədlər açılarsa, Ermənistanın Rusiyadan asılılığı böyük ölçüdə azalar və Ermənistan-Türkiyə münasibətlərində normallaşma prosesi başlayar. Ancaq Türkiyə-Azərbaycan münasibətlərinin xarakteri bu addımın atılmasına imkan vermir. Türkiyə Azərbaycanla strateji tərəfdaşdır. Türkiyənin də siyasi rəhbərliyinin də bəyan etdiyi kimi, dünyada Türkiyəyə Azərbaycandan yaxın dövlət yoxdur".
Qarşıdan "erməni soyqırımı"nın 100 illiyinin gəldiyini xatırladan S. Əkbər hər erməni diasporu, həm də Ermənistanın xüsusi proqramla hərəkət etdiyini söyləyib: ""Erməni soyqırımı" məsələsindən istifadə edərək Türkiyəyə təzyiqi artırmaq niyyətindədirlər. Ümumiyyətlə, sərhədlərin açılması məsələsi hər il aprel ayı yaxınlaşdıqca gündəmə gəlir. Türkiyədə də "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı müəyyən narahatlıq var. Ona görə də düşünürəm ki, yaxın aylarda sərhədlərin açılması mövzusunda müəyyən açıqlamaların və təşəbbüslərin şahidi olacağıq".
S. Əkbər Azərbaycanın xüsusən erməni məsələsi ilə bağlı öz xarici siyasətini Türkiyə ilə koordinasiya etməli olduğunu vurğulayıb: "Türkiyə rəhbərliyinin Azərbaycan rəhbərliyinin razılığı olmadan, Azərbaycanla münasibətlərin korlanması hesabına Ermənistanla sərhədlərin açılması yönündə addım atacağını düşünmürəm".