Rusiya Federasiya Şurasının üzvü təkzib edib Siyasət

Rusiya Federasiya Şurasının üzvü təkzib edib

"Kazan forumunda Azərbaycanın ərazi bütövlüyünə zidd videoçarx və xəritə nümayiş etdirilməyib"

"Kazan şəhərində keçirilən "Avrasiya inteqrasiyası: nailiyyətlər və problemlər" adlı II İctimai Forumda Azərbaycanın nə ərazi bütövlüyünü pozan xəritə, nə də videoçarx nümayiş olunub. Nümayiş olunan xəritədə Azərbaycan ərazisi tam şəkildə, yəni beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər çərçivəsində verilib. Videoçarxda isə postsovet məkanındakı münaqişə ocaqları göstərilib".
Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında bu yaxınlarda Kazanda keçirilmiş "Avrasiya inteqrasiyası: nailiyyətlər və problemlər" adlı Forumun təşkilatçısı, Rusiya Federasiya Şurasının üzvü Andrey Klimov deyib.
A. Klimov bildirib ki, forumun yekunlarına dair kitab da nəşr etdirilib: "Kitabın üz qabığında xəritə əks olunub. Həmin xəritədə Azərbaycan ərazisi olduğu kimi göstərilib. Başqa cür ola da bilməz. Çünki Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Videoçarxda nümayiş olunan xəritəyə gəldikdə isə, burada anlaşılmazlıq yaranıb. Belə ki, videoçarxda 1991-ci ildə SSRİ-nin dağılması barədə söhbət açılıb və Sovet İttifaqı dağılandan sonra konfliktlərin yarandığı barədə məlumat verilib. Yaranan konfliktlər xəritədə işarələnib. Bu münaqişələr Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və s.-dir. Burada heç bir ölkənin ərazi bütövlüyünün pozulmasından söhbət gedə bilməz. Sadəcə olaraq, münaqişə ocaqları xəritədə işarələnərək göstərilib. Dağlıq Qarabağ ayrıca dövlət kimi və ya Ermənistanın tərkibində göstərilməyib. Əgər münaqişə zonası Ermənistanın ərazisi kimi işarələnsəydi, mən buna görə üzr istəyərdim, cavabdeh əməkdaşlarımızı isə cəzalandırardıq".
A. Klimov forumda nümayiş olunan videoçarxın əvvəlcədən Azərbaycanın Rusiyadakı səfirliyi ilə razılaşdırılması barədə məlumatları təkzib edib: "Tədbirdən on gün əvvəl foruma dəvətli ölkələrin səfirləri Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub. Burada onlara forumda müzakirə olunacaq məsələlər barədə məlumat verilib, o cümlədən həmin videoçarx nümayiş etdirilib. Azərbaycan səfiri Polad Bülbüloğlu müəyyən obyektiv səbəblər üzündən həmin dəvətə qatıla bilməyib. Mətbuatda məlumat yer alıb ki, guya biz videoçarxı səfirlə razılaşdırmışıq. Bu, tamamilə yanlışdır. Birincisi, biz keçirəcəyimiz forumda görəcəyimiz işləri heç kəslə razılaşdırmırıq. Çünki burada razılaşdırmağa ehtiyac olan heç bir şey yoxdur. Hətta Rusiya XİN-də keçirilən görüşdə səfir və ya səfirliyin nümayəndəsi iştirak etsəydi belə, bizə videoçarx barədə sual ünvanlana bilməzdi. Çünki həmin videoçarxda Dağlıq Qarabağ Azərbaycanın tərkibindən kənar göstərilməyib. Bu, ola da bilməz, Rusiya rəhbərliyinin bu barədə rəsmi mövqeyi var. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ Avrasiya İqtisadi Birliyinin ərazisinə daxil deyil. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik mövqeyini davam etdirir. Hesab edirik ki, münaqişə ancaq sülh yolu ilə həll oluna bilər. Rusiya Dağlıq Qarabağı nə müstəqil dövlət kimi, nə də Ermənistanın ərazisi kimi tanıyır".