Azərbaycan COVİD-19-la mübarizədən üzüağ çıxıb Siyasət

Azərbaycan COVİD-19-la mübarizədən üzüağ çıxıb

Bütün dünya ötən ilin dekabr ayından etibarən COVİD-19-la savaş içərisindədir. Son statistikaya görə dünyada COVID-19-a yoluxanların ümumi sayı 81 milyonu ötüb.

Koronavirusa görə dünya üzrə ümumi ölüm sayı 1 milyon 771 min 981-ə çatıb. Ümumi yoluxma sayı isə 81 144 min 994 nəfər olub. 57 milyon 293 min 765 kişi nəfər isə virusa qalib gələrək sağalmağa müvəffəq olub.
Azərbaycan isə koronavirusla mübarizədə əhəmiyyətli tədbirlər həyata keçirməklə əhalinin sağlamlığını maksimun dərəcədə qorumağa müvəffəq olub. Xatırladaq ki, Azərbaycanda COVİD-19-a ilk yoluxma halı 28 fevralda qeydə alınıb. Dünənə olan məlumata görə, ümumilikdə 217 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 180 295 nəfər müalicə olunaraq sağalıb, 2 609 nəfər vəfat edib, aktiv xəstə sayı 34 732 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 904, ötən müddət ərzində isə ümumilikdə 2 185 247 test aparılıb.
Azərbaycan elə bir strateji mövqedə yerləşmişdir ki, şərqdən qərbə, şimaldan cənuba bir çox yollar məhz Azərbaycanda kəsişir. Bütün bu faktlar göstərir ki, Azərbaycan riskli bölgədə yerləşmişdir. Burada düzgün mübarizə sisteminin qurulmayacağı təqdirdə ciddi fəsadların, fəlakətlərin baş verməsi qaçılmaz idi. Ölkə rəhbərliyinin müəyyən etdiyi qabaqlayıcı və operativ tədbirlər nəticəsində Azərbaycan bu bəladan üzüağ çıxdı. Azərbaycan ilk əvvəl sərhədləri bağladı, aviauçuşlar öncə məhdudlaşdırıldı, daha sonra isə tamam dayandırıldı. Xarici ölkələrdə səfərdə olan vətəndaşlarımızın geri qaytarılması üçün çarter reysləri açıldı və Azərbaycan vətəndaşları vətənə gətirildi. Vətənə qaytarılmış insanlarımız xüsusi avadanlıqlar və tibbi personal ilə təchiz edilmiş xəstəxanalarda karantinə alındı.

Ölkə üzrə aptek və ərzaq mağazaları istisna edilməklə, bütün obyektlər fəaliyyətlərini dayandırdı. Bütün dövlət və qeyri-dövlət təşkilatlarının əməkdaşları ödənişli məzuniyyətə buraxıldı. Ölkə əhalisinə evdə qalmaq üçün çağırışlar edildi, əhali bu virusla mübarizədə dövlətin yanında olmaq üçün evlərində qaldı!
Həkimlər bu müddət ərzində demək olar ki, evə getməyərək xəstəxanalarda virusla mübarizə apardılar. Onların bu xidmətlərini Azərbaycan xalqı yüksək qiymətləndirir və yəqin ki, heç bir zaman unutmayacaq.
Polis əməkdaşları gücləndirilmiş iş rejimində 24 saat fasiləsiz xidmətdə oldular. Təmkinlə, səbrlə, nəzakətlə əhaliyə xidmət etdilər.

Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov “Xalq Cəbhəsi”nə açıqlamasında buldirib ki, Azərbaycan hökumətinin qabaqlayıcı tədbirləri nəticəsində ölkədə koronavirusdan ölüm halları digər ölkələrə nisbətən çpx aşağıdır: “Ölkə rəhbərliyi bu sahədə bütün səyini, diqqətini artırıb. Hökumətin əsas məqsədi əhalinin sağlamlığını qorumaqla yanaşı, təhlükəsizliyini də təmin etmək olub. Hökumət bütün vasitə və imlkanlardan istifadə etməklə pandemiya ilə mübarizədə yüksək nəticələr əldə edib”.

QHT sədri onu da qeyd edib ki, Azərbaycan bu məsələdə də beynəlxalq aləmdə ilkə imza atıb. 2020-ci ildə Qoşulmama Hərəkatı və Türk Şurasında sədrlik edən Azərbaycan il ərzində çoxtərəfli diplomatiyanı təşviq edən bir sıra vacib təşəbbüslərlə çıxış etdi. Beynəlxalq münasibətlər sistemində pandemiya ilə bağlı yaranan yeni reallığa çevik uyğunlaşan Azərbaycan bir ilkə imza ataraq İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının onlayn zirvə görüşünü təşkil etdi: “May ayında Azərbaycan Prezidentinin təşəbbüsü ilə QH-nin dövlət və hökumət başçılarının pandemiya ilə mübarizəyə həsr edilmiş onlayn zirvə görüşü təşkil edildi. Bu görüşdə Azərbaycan Prezidenti BMT Baş Assambleyasının pandemiyaya qarşı Xüsusi Sessiyasının keçirilməsi kimi tarixi təklif irəli sürdü. BMT-nin 150-dən çox üzv dövləti bu təşəbbüsü dəstəklədi. Bu beynəlxalq ictimaiyyətin Azərbaycana olan hörmət və ehtiramının bariz göstəricisidir BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət Ermənistan oldu. Səbəb bu təklifin Azərbaycan tərəfindən irəli sürülməsi idi. Bütün dünyanın ehtiyacı olan bir tədbirə qarşı çıxmaqla növbəti dəfə Ermənistan beynəlxalq aləmdə rəzil oldu 3-4 dekabr tarixlərində Xüsusi Sessiyanın dövlət və hökumət başçıları səviyyəsində müzakirələri təşkil edildi. Tədbirdə 37 ölkə prezident, 40 ölkə baş nazir səviyyəsində təmsil olundu Bütün dünya ölkələrini birləşdirən və “dünya parlamenti” hesab edilən BMT Baş Assambleyasında bu məsələnin müzakirəsi beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı tam səfərbər olmasına çox böyük töhfə verdi Azərbaycan Prezidentinin sözügedən təşəbbüsünün əsas ideyası o idi ki, bəşəriyyətin COVİD-19 pandemiyası ilə üz-üzə qaldığı bir zamanda ölkələr özünütəcrid və yalnız öz milli maraqlarına köklənmiş siyasətdən uzaq durmalıdır və bu gün dünyada multilateralizmə daha çox ehtiyac var Bu uğurlu təşəbbüs Azərbaycanın “orta gücə” çevrilməsinin daha bir göstəricisidir. 21 sentyabr tarixində Prezident İlham Əliyev BMT-nin yaradılmasının 75 illik yubileyinə həsr edilmiş tədbirdə həm Qoşulmama Hərəkatının sədri, həm də milli qisimdə çıxış etdi. Prezident multilateralizmin önəmini qeyd etdi, qlobal təhdidlərə qarşı qlobal cavablara ehtiyac olduğunu vurğuladı və bu xüsusda BMT-nin xüsusi rola sahib olduğunu bildirdi Pandemiya başlayandan Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx münasibətlər qurdu. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi edib. Bununla yanaşı, bu günədək Azərbaycan koronavirusla bağlı 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib”.

QHT sədri Emin Əliyev isə bildirib ki, bu il bütün ölkə əhalisi bu pandemiya ilə mübarizə üçün səfərbər oldu. İmkanlı şəxslər ayrı-ayrı xeyriyyə qruplarında birləşərək qocalara, xəstələrə, imkansız ailələrə ərzaq və tibbi ləvazimat yardımları etdilər. Tələbələr də dövlət dəstəyindən kənarda qalmadı. Ödənişli əsaslarla təhsil alan aztəminatlı ailələrin övladlarının təhsil haqları dövlət büdcəsindən ödənildi: “Ölkə rəhbərliyi prosesi düzgün qiymətləndirərək qabaqlayıcı tədbirlərlə bağlı qərarlar verdi. İlk iş olaraq bu mübarizənin bir mərkəzdən idarə olunmasını təmin etmək məqsədi ilə dövlət başçısının tapşırığı ilə Baş nazirin rəhbərlik etdiyi Operativ Qərargah yaradıldı və bu mərkəz vasitəsilə proses nəzarətdə saxlanıldı. Büdcədən 2,5 milyard manat vəsait ayrılaraq həm aztəminatlı əhalinin, həm də pandemiyadan zərər görmüş biznes sahələrinə dövlət dəstəyi göstərildi. Tibb sahəsində və sosial xidmət sahəsində çalışan bütün işçilərin əmək haqları pandemiya dövrü üçün 2-5 dəfə artırıldı. Bundan əlavə ölkə başçısının qərarı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Prezident və Birinci vitse-prezident özlərinin bir illik əmək haqlarını bu fonda yatırdılar. Bundan sonra isə bütün kateqoriyadan olan ölkə əhalisi könüllü olaraq fonda müxtəlif məbləğlərdə ianələr köçürdü”.

Ölkədə qısa müddətdə tibbi maska fabriki quruldu və dərhal istehsalata başlayaraq ölkə əhalisini tibbi maska ilə tam təmin etməyə nail olundu. Daha sonra alkoqol içkilər istehsal edən zavodlar ölkə başçısının çağırışlarına uyğun olaraq antiseptik məhlul istehsalına başladı və bu çatışmazlıq da qısa zamanda aradan qaldırıldı: “600 nəfərlik böyük bir xəstəxananın açılışı oldu və bu xəstəxana tamamilə COVİD-19-la mübarizə üçün istiqamətləndirildi və bu virusa yoluxmuş şəxslər bu ultralyuks xəstəxanada müalicə olunmağa başladı. Bununla bərabər daha 6 ədəd modul tipli xəstəxananın tikilməsi ilə bağlı qərar verildi.

Bütün bu maliyyə dəstək proqramları ilə yanaşı sosial dəstək tədbirləri də həyata keçirildi. Belə ki, həbsxanalarda cəza çəkən məhbusların 65 yaşdan yuxarı olanları Prezidentin əfv fərmanı ilə azadlığa buraxıldılar”.

E.Əliyev onu da vurğulayıb ki, Azərbaycan sadəcə daxildə bu virusla mübarizə aparmaqla məhdudlaşmadı. Bir neçə xarici dövlətə tibbi ləvazimatlar, ərzaq məhsulları və digər zəruri mallar göndərdi. Pandemiya ilə mübarizədə dünya dövlətləri ilə həmrəylik nümayiş etdirmək məqsədilə Bakının, eyni zamanda dünyanın ən gözəl memarlıq abidələrindən biri sayılan Heydər Əliyev Mərkəzi pandemiyadan ən çox əziyyət çəkmiş ölkələrin bayraqları ilə işıqlandırıldı.
Azərbaycan riskli coğrafi bölgədə yerləşməsinə, pandemiyadan ən çox əziyyət çəkən dövlətlərlə sıx münasibətlərinin olmasına və digər bu qəbildən olan risklərə baxmayaraq vaxtında görülmüş tədbirlər nəticəsində pandemiyadan nisbətən az zərərlə çıxmağa nail oldu.

Cavid