Bələdiyyə seçkiləri ilə bağlı yetərincə təbliğat aparılıbmı? Siyasət

Bələdiyyə seçkiləri ilə bağlı yetərincə təbliğat aparılıbmı?

Vüqar Tofiqli: "Son vaxtlar seçkilərdə seçici fəallığını artıqmaq məqsədilə xeyli maarifləndirmə işləri aparılıb"

Qadir İbrahimli: "Əhali maksimum səviyyədə bələdiyyə seçkisində fəal iştirak etməlidir"

Aydın Səfixanlı: "Yerlərdə də silsilə hazırlıq tədbirlərinin keçirilib"


Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Məlumdur ki ötən illərdə bələdiyyə seçkilərinə maraq az olub. Bəs indi necədir, bələdiyyə seçkilərinə maraq varmı və bununla bağlı maarifləndirmə yetərincədirmi?
"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin rəhbəri Vüqar Tofiqli son vaxtlar seçkilərdə seçici fəallığını artıqmaq məqsədilə xeyli maarifləndirmə işləri aparıldığını deyir. Onun sözlərinə görə, təşkilat üç ay ərzində Bakının Suraxanı və Şamaxı rayonunda formalaşan bələdiyyələrində gəncləri və qadın seçiciləri maarifləndirməklə, onlar arasında seçki prosesində iştirakçılıq səviyyəsini, həm də seçici aktivliyini artırmaq niyyətiylə hüquqi dərslər həyata keçirib: "Hazırda gənclərin və qadınların bələdiyyələrə marağını artırmaq üçün ilk növbədə bələdiyyə sisteminin qarşılaşdığı problemləri aradan qaldırmaq üçün addımlar atılmalıdır. Qanunvericilikdə olan boşluqların aradan qaldırılması, icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün qanun hazırlanması, bələdiyyələrin kadr potensialının artırılması nəticəsində gənclərin və qadınların bələdiyyələrə marağını artırmış olacaq".
Güzəran Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimli ötən illərlə müqayisədə ölkədə bələdiyyə seçkilərində seçici fəallığının qismən artdığını bildirib. Qadir İbrahimli deyir ki, bələdiyyə yerli özünü idarəetmə institutudur: "Əhali buna görə də maksimum səviyyədə bələdiyyə seçkisində fəal iştirak etməli, özlərinin etimad göstərdiyi yerli idarəetməni yaratmalıdırlar. Seçici aktivliyini artırmaq üçün insanları buna inandırmaq lazımdır, aktivlik yoxdursa deməli inandıra bilməyiblər. Əhalini inandırmaq lazımdır ki, bələdiyyə onların lokal problemlərinin həlli ucun lazımlı strukturdur. Ancaq təəssüf ki, son 15 ildə sakinlər bunu təcrübədə, əməldə görməyiblər ona görə də inandıra bilmirlər". Qadir İbrahimli deyir ki, bizdə də bələdiyyələrə nominal yox, real səlahiyyətlər verilməlidir ki, əhalinin real problemləri ilə məşğul olsun: "Ancaq realda bələdiyyənin icra hakimiyyətinin 1 şöbəsi qədər belə səlahiyyəti yoxdur, real səlahiyyət və real resurslar olmadan əhali bələdiyyəyə belə biganə münasibət göstərəcək". Qadir İbrahimlinin sözlərinə görə, yerli özünüidarəetmə orqanlarında təmsil olunacaq üzvlərdən daha çox təşəbbüskarlıq, əhali ilə daimi təmasda olmaq, onların probemləri ilə mütəmadi maraqlanmaq kimi mühüm vəzifələr qoyulur. Buna görə də insanlar seçkilərdə cəmiyyətdə daha çox tanınan, təşəbbüskarlığı ilə fərqlənən namizədlərə üstünlük verəcəklər.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, seçki hüquqları xüsusi əhəmiyyət kəsb edir, seçmək və seçilmək hüquqları prioritet məsələdir, bu seçkilər xalqımızın və demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında mühüm əhəmiyyətə malikdir. Bu seçkilərlə bağlı MSK tərəfindən plana uyğun olaraq, yerlərdə də silsilə hazırlıq tədbirlərinin keçirilib və nəzərdə tutulmuş tarixlər çərçivəsində namizədlərin irəli sürülüb və onların qeydiyyatı istiqamətində işlər aparılıb. Qeyd olunub ki, ölkə Konstitusiyasının 56-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var. Beynəlxalq standartlara uyğun olaraq, respublikamızda seçki hüquqları sahəsində qanunvericilik, Seçki Məcəlləsi daha da təkmilləşdirilib, bu sənədə zəruri əlavə və dəyişikliklər edilib. Ölkə Prezidentinin 11 may 2005-ci il tarixli və 25 oktyabr 2005-ci il tarixli müvafiq sərəncamları mühüm əhəmiyyət kəsb edir, bu sərəncamların əsas müddəaları Seçki Məcəlləsində nəzərə alınıb və adı çəkilən sənədlərin təbliği zəruridir. Müvəkkil və onun Aparatının əməkdaşları ötən dövrdə ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq müşahidəçi qismində izləyib, bu istiqamətdə müəyyən təcrübə qazanılıb. Bildirilib ki, Ombudsman və əməkdaşları bu seçki prosesində də ölkənin müxtəlif rayonlarında müşahidəçi qismində iştirak edəcəklər. Bununla yanaşı, bir qədər əvvəl təsisatda əməkdaşlar üçün treninq təşkil olunub, faydalı məlumatlar əldə edilib.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib ki, bələdiyyə seçkiləri mühüm siyasi kampaniyadır: "İnsanların arzu və tələbatının ödənilməsi mənasında çox əhəmiyyətlidir. Həm də insanların özünü göstərməsi, qazandığı hörmət və etibarını təsdiq ifadəsidir. Hansı partiya bunu dəyərləndirmir, öz işidir. YAP-da bələdiyyədəki nümayəndələri ilə daim maraqlanır – istər qadınlar, istərsə də gənclərlə olsun, təbliğat işləri aparır, konfranslar keçirir, seminarlar təşkil edir. Hər partiyanın özünün istiqamət proqramı var. Ona görə heç kimi seçkiyə getməyə məcbur etmək olmaz. Seçkilərdə iştirak edəcək partiyaların fəallığı hiss olunur. Onlar başa düşürlər ki, bu, partiyaların nüfuzu üçün də çox vacibdir. Siyasi partiyalar nüfuzu nə ilə qazanmalıdır? Bu iş mitinq keçirməklə, xarici ölkələrdən qrant almaqla olmur. Gərək xalqın arasında olasan, əvvəlcə insanların hörmətini, sonra da səsini qazanasan. İstərdik ki, bələdiyyələrdə qadınlar daha fəal olsunlar. Amma xanımların digər sahələrə olan marağı burada zəifdir. Bununla belə, müəyyən irəliləyiş var. Məsələn, ötən bələdiyyə seçkisindən sonra qadınların sayı atrıb və hazırda ümumi tərkibin təxminən 30 faizini təşkil edir. Xanım bələdiyyə sədrlərinin də sayında artım müşahidə olunur. Düzdür, bəziləri bələdiyyə üzvü seçiləndən sonra bu işdən kənarlaşdı, ancaq bu, sıtf ailə münasibətləri ilə əlaqədar baş verən prosrsdir. Bizim isə əsas prinsipimiz qadınların bələdiyyələrdə təmsilçiliyinin kəmiyyətə yox, keyfiyyətə söykənməsinə nail olmaqdır. Qoy sayları az olsun, amma fəallıqları ilə seçilsinlər".

Əli