Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli fəaliyyəti ilə Azərbaycanın haqq işinə dəstəkdir - Naqif Həmzəyev Siyasət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli fəaliyyəti ilə Azərbaycanın haqq işinə dəstəkdir - Naqif Həmzəyev

Azərbaycanın dahi şairi, mütəfəkkiri Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yarandığı ilk gündən xalqımızın qədim mədəni irsinin və zəngin tolerantlıq ənənələrinin təbliğinə qiymətli töhfələr verir.

Bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı elmi-mədəni mərkəzləri ilə səmərəli əməkdaşlıq münasibətləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin məqsədinin uğurla həyata keçməsində müsbət rol oynayır. Çində, Cənubi Koreyada, ABŞ-da, Bosniya və Herseqovinada, Latviyada və digər ölkələrdə mərkəzin Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyada təbliği ilə bağlı reallaşdırdığı layihələr əhəmiyyətli hadisə kimi dəyərləndirilir.

Ölkə Prezidenti İlham Əliyev Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini həmişə yüksək qiymətləndirib, Azərbaycanın siyasi, mədəni həyatında onun əhəmiyyətli rol oynadığını xüsusi ilə vurğulayıb. Ölkə başçısı fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin ilə videoformatda olan görüşündə II Vətən müharibəsi vaxtı və müharibədən sonra Mərkəzin ərazi bütövlüyümüzə, haqq işimizə güclü dəstək verdiyinin ölkəmizdə yüksək qiymətləndirildiyini diqqətə çatdıırıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi erməni terroruna, onun müharibə cinayətlərinə qarşı susmayan əsas beynəlxalq təşkilat kimi 44günlük Vətən müharibəsi günlərində - oktyabr ayında Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə ardıcıl raket zərbələri endirməsini, nəticədə mülki insanların qətlə yetirilməsini, infrastrukturun dağılmasını pislədi. Həmin terror hadisəsindən dərhal sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin Prezident İlham Əliyevə ünvanladıqları məktubda tarixi və mühüm əhəmiyyətli Gəncə şəhərində mülki şəxslərin həlak olması ilə bağlı xəbərlərin onlarda ciddi narahatlıq doğurduğunu qeyd edirdilər: Cənab Prezident, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvləri olaraq Sizin yanınızdayıq. Biz bu problemlə bağlı təbliğat işlərinin aparılması məqsədilə lazımi tədbirləri əlaqələndirmək üçün həmsədrlərimiz və baş katibimizlə sıx əməkdaşlıq edirik. Ölkəniz və xalqınız üçün dua edirik".

Vətən müharibəsi dövründə - oktyabrın 15-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə dahi Azərbaycan şairinin Gəncə şəhərində yerləşən məqbərəsindən "Nizami Gəncəvinin şəhərini xilas edək” adlı kampaniyasına start verdi, sosial şəbəkə platformaları vasitəsilə geniş təbliğat həyata keçirdi. "Twitter”, "Facebook”-un yüz minlərlə istifadəçi Nizami Gəncəvinin şəhərinə edilən erməni terrorunu pisləyərək kampaniyaya dəstək oldu. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın müxtəlif ölkələrində yaşayan öz üzvləri və dostlarını da Ermənistanın Azərbaycana qarşı təcavüzü, o cümlədən Gəncə terror hadisələri haqqında daim məlumatlandırdı. Bunun nəticəsində dünyanın 20 ölkəsindən 60-a yaxın nüfuzlu elm adamı və ziyalı da kampaniyaya dəstək verərək Nizami Gəncəvinin doğma yurdunun erməni təcavüzündən qorunması, Gəncə şəhərində yaşayan dinc əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin dayandırılması məqsədilə dünya liderlərinə çağırış etdi.

Ölkə Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsini böyük ruh yüksəkliyi ilə qarşılayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sözsüz ki, səmərəli fəaliyyəti ilə bu il də Azərbaycanın qədim mədəni irsinin, zəngin tolerantlıq ənənələrinin təbliğinə və “Nizami ili"nə qiymətli töhfələr verəcək.