“Vaşinqton ikili siyasət yürüdür” Siyasət

“Vaşinqton ikili siyasət yürüdür”

Novruz Məmmədov: "ABŞ separatçı Dağlıq Qarabağ rejiminə birbaşa maliyyə dəstəyi göstərir"

"ABŞ tərəfindən separatçı Dağlıq Qarabağ rejiminə birbaşa maliyyə dəstəyi göstərilir. Azərbaycan beynəlxalq münasibətləri bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda qurur, bu baxımdan Qərb ölkələri və ABŞ istisna təşkil etmir". Bunu Lenta.ru-ya müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın mövqeyində ikilik mövcud deyil: "Biz davamlı dialoqun, qarşılıqlı faydalı əməkdaşlığın və ölkələrin bir-birilərinin daxili işlərinə qarışmamasının tərəfdarıyıq".
Lakin N.Məmmədov qeyd edib ki, Azərbaycan ayrı-ayrı ölkələrin mövqeyini və aydın ifadə edilən ikili standartlar siyasətini həmişə başa düşmür: "Azərbaycan çox vaxt bəzi Qərb siyasətçilərinin əsassız tənqidinin obyektinə çevrilir. Onlar Azərbaycanın müstəqil mövqeyi ilə heç cür barışa bilmirlər. Bu ölkələrdə erməni diasporunun maraqlarına xidmət edən digər tənqidçilər isə Azərbaycanı qaralamağa və silahlı təcavüzə, Azərbaycan torpaqlarının 20 faizinin işğalı faktına haqq qazandırmağa çalışırlar. Bununla yanaşı, milyondan çox qaçqın və məcburi köçkünün tapdalanmış hüququ diqqətdən kənarda qalır. Separatçı Dağlıq Qarabağ rejiminə ABŞ tərəfindən birbaşa maliyyə yardımı göstərilir, halbuki qitənin digər regionlarındakı analoji vəziyyətlərdə ABŞ sankiya siyasəti həyata keçirir və maliyyə strukturlarına həmin ərazilərdə fəaliyyət göstərməyi qadağan edir".
N.Məmmədov əlavə edib ki, Azərbaycan iri enerji və logistik layihələri reallaşdırmaqla məsuliyyətli tərəfdaş qismində özünü göstərib: "Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu kimi regional layihələrə təşəbbüs göstərir və həyata keçirir. Bu, 1991-ci ildə müstəqilliyin qazanılmasından etibarən transmilli maliyyə korporasiyalarının iştirakı olmadan maliyyələşdirilən ilk regional layihədir".
Novruz Məmmədov Avropa İttifaqı bazarlarına eyni vaxtda çıxışı üçün Rusiya və Azərbaycanın daha sıx koordinasiya imkanlarına dair suala cavab verərkən bildirib ki, rəsmi Bakı sırf iqtisadi mülahizələri rəhbər tutaraq enerji layihələrini həyata keçirib və bundan sonra həyata keçirəcək. .
Onun sözlərinə görə, Rusiya və Azərbaycanın enerji layihələri bir-birilərini qarşılıqlı şəkildə tamamlayırlar: "Avropa bazarı enerji ehtiyatlarına ehtiyac duyur və bu bazar ən ödəmə qabiliyyətli və qanunvericiliklə tənzimlənən bazardır".
Moskva və Bakının münasibətləri haqqında danışan N.Məmmədov deyib ki, Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinə liderlər İlham Əliyev və Vladimir Putinin münasibətlərinə əsaslanan çoxtərəflilik xasdır: "2014-cü ildə siyasi dialoqun dərinləşməsində, iqtisadi və humanitar layihələrin reallaşdırılmasında, hərbi-texniki əməkdaşlığın genişləndirilməsində dinamika müşahidə edildi. Rusiya Federasiyası bizim üçün strateji tərəfdaşdır və qarşılıqlı əlaqələrimizi yüksək qiymətləndiririk".
Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinin mümkün formatları haqqında suala cavab verən Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Azərbaycan Avrasiya məkanındakı inteqrasiya proseslərini diqqətlə izləyir: "Kiçik ölkə olsaq da, Azərbaycanın qitələrin kəsişməsində yerləşməsi bizi çoxlu sayda logistik layihələrin iştirakçısına çevirir. Azərbaycanın iqtisadi potensialı əməkdaşlıq üçün öz şərtlərini diktə edir və bu gün ikitərəfli format daha nikbin görünür. Avrasiya İqtisadi İttifaqının üzvləri - Rusiya, Qazaxıstan və Belarusla uğurlu qarşılıqlı faydalı münasibətlərimiz yaranıb. Bizim həmin ölkələrin hər biri ilə çox yaxşı əmtəə dövriyyəmiz var və onun gələcəkdə artması üçün böyük potensial var".
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Ermənistanın Avrasiya İqtisadi İttifaqının daxil olması ilə bağlı mövqeyini Qazaxıstan Prezidenti səsləndirib və həmin mövqe ondan ibarətdir ki, Yerevan istənilən ittifaqa daxil ola bilər, lakin yalnız beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində.
N.Məmmədov qeyd edib: "Biz bütün inteqrasiya layihələrinə iqtisadi və siyasi faydalılıq mövqeyindən yanaşırıq. Hazırda əməkdaşlığın ikitərəfli formatı bizi, eləcə də tərəfdaşlarımızı qane edir".
PA rəsmisi Azərbaycanla İran arasında münasibətlərə də toxunub: "İran və Azərbaycan qonşudurlar və bu iki ölkə arasında üçüncü tərəf ola bilməz. Azərbaycan digər ölkələrlə qarşılıqlı münasibətlərdə öhdəliklərinə məsuliyyətlə yanaşır və İranla əlaqələr istisna təşkil etmir. Biz İranla bütün səviyyələrdə tərəfdaşlığı genişləndirməyə hazırıq. 2014-cü ildə Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri baş tutub. Münasibətlərin bütün spektri müzakirə olunub, nəqliyyat, ticarət, mədəniyyət sahələrini əhatə edən əməkdaşlığın yeni istiqamətləri nəzərdə tutulub".