Rusiya Minsk qrupundan imtina etməyə hazırlaşır? Siyasət

Rusiya Minsk qrupundan imtina etməyə hazırlaşır?

Sergey Markov: "Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu formatında həllini görmürəm, çünki orda ABŞ var"

"Atəşkəs müqaviləsinin imzalanmasından keçən illər ərzində Azərbaycanın ordusu da, iqtisadiyyatı da inkişaf edib". APA-nın məlumatına görə, bunu rusiyalı ekspert, Rusiya İctimai Palatasının üzvü Sergey Markov deyib.
O qeyd edib ki, bunu hər kəs, o cümlədən ermənilər də hiss edir: "Digər tərəfdən, blokada vəziyyəti onları bezdirməyə başlayıb. Əminəm ki, bölgədəki insanlar sülh içində yaşamaq və sosial şəraitlərini yaxşılaşdırmaq istəyirlər. Yeni mərhələ üçün isə ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar geri qaytarılmalı, hərbi gərginlik azaldılmalıdır. Ondan sonra xüsusi status ətrafında danışmaq olar. Ümid edirəm ki, 7 rayonun azad edilməsi ilə də bağlı danışıqlar gedir. Belə olan halda həm infrastrukturun inkişafı üçün şərait yaranacaq, həm də bölgədə davamlı sülhün yaradılması üçün əsaslar olacaq".
S. Markov vurğulayıb ki, onun dediyi parametrlər Moskva tərəfindən də məqbul sayıla bilər, amma əvvəlcə, mövqelər yaxınlaşmalıdır.
"Münaqişənin ATƏT-in Minsk qrupu formatında həllini görmürəm. Çünki orda ABŞ var və daim prosesi bloklamaqla məşğuldur. Kim Rusiyanın əngəl olduğunu düşünürsə, o, Amerika agentidir. Rusiya bu bölgədə müharibənin olmasında maraqlı deyil. SSRİ dövründə Azərbaycan da, Ermənistan da müttəfiq idi və münaqişə yox idi. Düşünürəm ki, hər iki ölkə yenidən Avrasiya İttifaqında təmsil olunsa, münaqişənin həllində böyük irəliləyiş əldə olunar. Mən demirəm ki, Rusiya Ermənistandan Qarabağı alıb, Azərbaycana verəcək, amma dialoq və sülh üçün daha münbit şərait yaradıla bilər", - deyə S. Markov əlavə edib.
O, rusiyalı hərbçi Valeri Permyakovun Gümrüdə bir erməni ailəsini öldürməsindən sonra Rusiya-Ermənistan münasibətlərindəki vəziyyət barədə də sualı şərh edib: "Rusiyanın Ermənistandan da sadiq müttəfiqləri var - Belarus və Qazaxıstan. Amma bu münasibətlərin gərginləşməsinə xidmət edən hadisənin mahiyyətini açanda başqa mənzərə yaranır. Həmin şəxs hərbi xidmətdən əvvəl bir xristian sektasının üzvü olub və həmin sekta ABŞ-dan idarə olunur. O, birdən-birə və heç bir səbəb olmadan Ermənistana göndərilməsi üçün müraciət edir, altı ay sonra da bu dəhşətli qətli törədir. Fikrimcə, kimlərsə onun dini inanclarından istifadə edərək, belə bir cinayətə sürükləyiblər. Daha sonra isə Rusiya əleyhinə nümayişlər oldu, Rusiya bayrağı yandırıldı. O qətlin törədilməsində də, Rusiya bayrağının yandırılmasında da bir xüsusi xidmət iştirak edib".
Markov Azərbaycanda xaricdən maliyyələşən QHT-lər üzərində dövlət nəzarətinin gücləndirilməsini doğru addım saydığını da deyib. Onun sözlərinə görə, bir çox ölkələrdə xaricdən maliyyələşən QHT-lərin bəzən dövlət çevrilişinə səbəb olan xətt yürütməsi gizli məsələ deyil: "Bakıda çox yaxşı başa düşürlər ki, bu təşkilatların əsas məqsədi nə ola bilər. QHT sektoruna nəzarət çox vacibdir".