Həmsədrlərin gəlişi, ermənilərin növbəti təxribatı... Siyasət

Həmsədrlərin gəlişi, ermənilərin növbəti təxribatı...

Elman Nəsrov: "Həmsədrlər regiona səfər edib və atəşkəsin qorunması naminə müəyyən addımlar atırlar"

Mübariz Əhmədoğlu: "Yalnız dinc yolla" ifadəsi Minsk qrupunun sinoniminə çevrilib"

Minsk qrupunun həmsədrləri bölgədə səfərdədirlər. Həmsədrlər bölgədə olmasına baxmayaraq Ermənistan cəbhədə təxribatlarından əl çəkmir. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 43 dəfə pozub. Azərbaycan Müdafiə Nazirliyinin saytında bildirilir ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Eyni zamanda, Ermənistanın Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə məruz qalıb.
Tərtər rayonunun Göyarx, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Kəngərli, Şıxlar, Cəvahirli, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.
Siyasi elmlər doktoru, politoloq Elman Nəsirov ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan səfərini şərh edərkən "ATƏT-in Minsk qrupu həmsədrləri ciddi cəhdlə çalışırlar ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşə nail olsunlar və ardınca prezidentlər səviyyəsində görüş keçirsinlər. Politoloq qeyd edib ki, həmsədrlər belə görüşləri təşkil etməklə atəşkəs rejimin qorunub saxlanmasına çalışırlar: "Son bir ayda Ermənistan tərəfi 3 min dəfədən çox atəşkəs rejimini pozub. Atəşkəs rejiminin intensiv şəkildə pozulması isə istənilən vaxt hərbi əməliyyatların bərpasına səbəb ola bilər. Bundan narahat olan həmsədrlər regiona səfər edib və atəşkəsin qorunması naminə müəyyən addımlar atırlar". E. Nəsirov bildirib ki, həmsədrlərin bu səfərindən möcüzə gözləməyə dəyməz: "Həmsədrlər regiona yeni təkliflə gəlməyiblər. Bu artıq bəllidir. Ortada "yenilənmiş Madrid prinsipləri"ndən başqa sənəd yoxdur. Həmin prinsipləri isə Ermənistan indiyə qədər qulaq ardına vurur".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin 2015-ci ildəki fəaliyyətindəki dəyişiklik diqqəti çəkir: "Həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrılıqda görüşlər keçirib, ünvanlı bəyanatlar yaydılar. Bu, həm də görüşdən yayınan Ermənistana ağıllandırıcı təsir edəcək. Çünki Ermənistan tərəfi həmsədrlərin hər iki tərəf üçün ünvanlanmış bəyanatının ünvanı kimi yalnız Azərbaycan tərəfini göstərirdi". Onun sözlərinə görə, həmsədrlərin Azərbaycana ünvanlanmış bəyanatında Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməsi məsələsi qabardılmışdı: "Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində həmsədrləri qəbul etmək, onların işinə şərait yaratmaq Azərbaycanın üzərində beynəlxalq öhdəlikdir. Amma son illərdə həmsədrlər Azərbaycanın ərazi bütövlüyünə qarşı laqeydlik nümayiş etdirdilər. Hətta bəzən bunu aşkar şəkildə inkar etdilər. Amerikalı həmsədr ermənidən artıq erməni olmaq kursunu götürmüşdü. Belə olan təqdirdə Azərbaycan rəhbərliyinin həmsədrlərə laqeyd münasibəti başa düşüləndir. Amma elə Azərbaycana aid bəyanatda da həmsədrlər hərbi gərginliyin azaldılması məsələsinin ünvanı kimi Ermənistanı göstərmişdilər. Bu mövzu vasitəçilərin Ermənistan xarici işlər naziri Nalbandyanla görüşdən sonra yaydığı bəyanatda da özünü qabarıq şəkildə göstərdi. Həqiqətən, hərbi gərginliyin yeganə mənbəyi Ermənistan qoşunlarının Azərbaycan torpaqlarında mövcudluğudur".
Politoloq əlavə edib ki, Ermənistan qoşunlarının Azərbaycan ərazisində mövcud olmasına imkan verən heç bir beynəlxalq hüquqi prinsip yoxdur: "Ona görə həmsədrlər ilk növbədə mənbəni aradan qaldırmalıdırlar. Ermənistan həmsədrlərə inanırsa, həmsədrlər Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi barədə Azərbaycandan zəmanət ala bilər. Dağlıq Qarabağın statusu müəyyən olunan müddətədək Azərbaycan tərəfi Dağlıq Qarabağ ermənilərinin indiki vəziyyətinə tam zəmanət verə bilər. Müstəqil Azərbaycan bu vaxtadək üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Bu öhdəliyi də yerinə yetirəcək. Ermənilərin xoşladığı və Azərbaycanın qəbul etdiyi "Helsinki Yekun Aktı"nın 3 prinsipindən birincisi - güc tətbiq etməmə prinsipinin reallaşması məhz burdan başlanmalıdır. Ermənilər havadarlarından istifadə edərək Azərbaycana qarşı güc tətbiq ediblər və nəticəsi Azərbaycanın ərazilərinin işğal olunmasıdır. Ermənilərin güc elementləri - hərbi qüvvəsi Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarıldıqdan sonra Azərbaycan Dağlıq Qarabağ ermənilərinə güc tətbiq etməyəcəyinə dair öhdəlik götürəcəkdir".
Mübariz Əhmədoğlunun fikrincə, vasitəçilərin ünvanlı bəyanatlarında ermənilərin əsir götürdüyü 2 azərbaycanlının vəziyyətinin yer alması da müsbət hadisədir: "Ermənilərin etimad tədbirlərinin möhkəmləndirilməsinə dair özünəməxsus yanaşmaları var. Ermənilər yalnız snayperlərin geri çəkilməsini etimad tədbiri kimi başa düşürlər. Amma azərbaycanlı girovları həbsdən azad etmək etimad tədbirlərinin başlanğıcıdır. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunu təşkil etmək isə etimad tədbirlərinin ən yüksək mərhələsidir. Həmsədrlərin ayrı-ayrılıqda yaydığı ünvanlı 2 bəyanatda ehtiyatla işlətdiyi termin var- "Hərtərəfli Sülh danışıqlarına yaxınlaşmaq". Əslində həmsədrlərin bütün fəaliyyətini heçə endirən də məhz bu məsələdir. Həmsədrlər Hərtərəfli və ya Böyük Sülh Sazişi terminini işlədə bilmirlər. Amma prezidentlərdən siyasi iradə tələb edirlər. "Böyük Sülh Sazişi" terminini istifadə etməyə siyasi iradəsi olmayan adamların ölkə prezidentlərindən siyasi iradə tələb etməsi komediya janrında yenilikdir. Həmsədrlər Ermənistana ünvanlanmış bəyanatında vurulmuş "vertolyot" insidentini də qaldırırlar. Bu faktiki Ermənistanın qarşısında tələbdir".
Mübariz Əhmədoğlu əlavə edib ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın həmsədrlərlə görüşdən sonra süni təşkil etdiyi görüşlərdə verdiyi bəyanatlar göstərir ki, Ermənistan həmsədrlərin tənzimləmə variantını qəbul etmir:
"Ümumiyyətlə, Edvard Nalbandyan üçün belə vasitəçilər mövcud deyil. Bu, vasitəçilərin özlərinin Ermənistanda itirdiyi nüfuzun nəticəsidir. Nalbandyanın həmsədrlərlə görüşdən sonra həmsədrlərə qarşı bəyanat vermək üçün təşkil etdiyi görüşlərin statistikası bunu deməyə əsas verir. Sanki Nalbandyan hətta Münhendə küçədə də qışqırırdı ki, həmsədrlərin dediyi bir yana, Ermənistan öz bildiyini edəcək. Vasitəçilər təxminən 10 ildir eyni şablon fikirləri təkrarlayırlar. 2009-cu ildən sonra ən azı 3 dəfə öz ölkələrinin prezidentlərinin imzaladıqları sənədin mahiyyətini dəyişməyə cəhdlər göstərirlər. "Yalnız dinc yolla" termini ATƏT-in Minsk qrupunun sinoniminə çevrilib. Bu termin Ermənistanda "Dağlıq Qarabağın Ermənistana verilməsi və ya müstəqil olması" kimi tərcümə edilir".
Politoloqun sözlərinə görə, həmsədrlərin bu yöndəki fəaliyyəti Dağlıq Qarabağ münaqişəsi regionunu müharibədən uzaqlaşdırmayıb, əksinə müharibəyə yaxınlaşdırıb. Mübariz Əhmədoğlu deyib ki, indi qoşunların təmas xəttində qumbaraatanlardan və minamyotlardan geniş istifadə edilir:
"Hərbi təlimlərdə isə ağır raketlərdən istifadə olunur. Bir addımdan sonra hərbi təlimdə istifadə olunan ağır raketlər döyüş əməliyyatlarında tətbiq ediləcək. Həmsədrlərin siyasi iradə göstərməsi hər şeydən vacibdir. Onların siyasi iradəsinin tətbiqi özünü Hərtərəfli (böyük) Sülh Sazişinin hazırlanmasında göstərməlidir. Böyük Sülh Sazişi Dağlıq Qarabağ tənzimlənməsinin açarıdır. Böyük Sülh Sazişi "yalnız dinc yolla" terminini, "Helsinki Yekun Aktı"nın 3 prinsipinin, qoşunların təmas xəttindən snayperlərin geri çəkilməsini, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasındakı dialoqu və s. özündə birləşdirir. Hərtərəfli Sülh Sazişinin Dağlıq Qarabağ tənzimlənməsində hansı məsələni əhatə edə bilməməsini Ermənistan və həmsədrlər göstərsinlər. Hərtərəfli Sülh Sazişi bütün məsələləri həll edə bilir. Eləcə də, vasitəçilərin bu sülh sazişini hazırlamağa başlaması prezidentləri dialoqa maqnit kimi cəlb edə bilər. Hansı prezident Böyük Sülh Sazişinin hazırlanmasında iştirakdan imtina edirsə, deməli o prezident Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin tərəfdarı deyil. Başqa variantlarla münaqişənin tənzimlənməsi gündəliyə gətirilməlidir".
Mübariz Əhmədoğlu əlavə edib ki, Yenilənmiş Madrid Prinsipləri 2009-cu ilin iyul ayından ortadadır: "Faktiki Böyük Sülh Sazişinin hazırlanmasının bazasıdır. Bunu implementasiya etməklə həmsədrlər çox qısa müddət ərzində Böyük Sülh Sazişini ortalığa qoya bilərlər. Bu işi etmirsə deməli, həmsədrlərə dediklərində səmimi deyillər. Məqsədləri münaqişəni tənzimləmək deyil, bir-biri ilə geosiyasi ötürmələr etməkdir. Azərbaycan isə öz yolu ilə davam edir. Qeyri-səmimi, ermənilərin əlində alət olan "Böyük Sülh Sazişi " terminini dilə gətirə bilməyən həmsədrlər çox zəifdirlər və Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək istiqamətindəki fəaliyyətinə maneçilik törədə bilməzlər".

Əli