Latviya Seymindən Xocalı soyqırımı bəyanatı Siyasət

Latviya Seymindən Xocalı soyqırımı bəyanatı

Xosams Abu Meri başda olmaqla Latviya Seyminin Azərbaycanla parlamentlərarası dostluq qrupunun iclasında Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib və Xocalı soyqırımı ilə əlaqədar, Azərbaycanla parlamentlərarası dostluq qrupu adından bəyanat qəbul edilib.
Bəyanatda qeyd olunur ki, Xocalı faciəsi Azərbaycan tarixinə ən dəhşətli və qara səhifələrdən biri kimi yazılıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın bu şəhərinin yüzlərlə dinc sakini qətlə yetirilib. Sənəddə qeyd edilir ki, parlamentlərarası dostluq qrupu insanlığa və Azərbaycanın suverenliyinə qarşı törədilmiş bu cinayəti qətiyyətlə pisləyir.
Seymin deputatları Azərbaycan xalqına Xocalı faciəsi ilə əlaqədar dərin hüznlə başsağlığı verir, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində sülh yolu ilə tənzimlənəcəyinə inandıqlarını bildirirlər. Fevralın 26-da Latviya Seyminin növbəti iclasında bir qrup deputat da parlamentlərarası dostluq qrupunun üzvləri ilə həmrəy olduqlarını bildirib və bəyanatı imzalayıb.
Latviya seyminin 100 deputatından 53-ü bu bəyanatı imzalamaqla Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirib və Xocalıda törədilmiş cinayəti pisləyib.