Ombudsmandan parlamentdə hesabat verdi Siyasət

Ombudsmandan parlamentdə hesabat verdi

Elmira Süleymanova: "2014-cü ildə bizə 13 min 150 müraciət daxil olub"

Milli Məclisin ötən gün növbəti plenar iclası keçirilib. İclasda 17 məsələ gündəliyə çıxarılıb. Bunlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə, Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında iki saziş, Su Məcəlləsinə dəyişiklik və digər məsələlər olub.
İclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə xanım deputatları və parlamentdə akkreditasiyadan keçən jurnalist xanımları təbrik edib.
Sonra gündəlikdə məsələlərin müzakirəsi başlanıb. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2014-cü il üzrə məruzə ilə çıxış edib.
Elmira Süleymanova bildirib ki, fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 114 min 690, 2014-cü ildə isə 13 min 150 müraciət daxil olub. Həmin müraciətlərin 74,2 faizi şikayətlərdən, 25,8 faizi isə ərizələrdən ibarət olub.
Ombudsman deyib ki, 2014-cü ildə aparatda və regional mərkəzlərdə ümumilikdə 2468 şəxs qəbul edilib. 388 şəxs isə əvvəllər təqdim etdikləri müraciətlərlə bağlı aparatda qəbul olunub, onlara müvafiq məsləhət və izahat verilib.
O bildirib ki, cəzaçəkmə müəssisələrində, həbsxanalarda, istintaq təcridxanalarında, müvəqqəti saxlama yerlərində, hərbi hissələrdə, uşaq, ahıl və əlil evlərində, internatlarda baxışlar zamanı 3547 şəxs qəbul edilib. Onun sözlərinə görə, şikayətlərin müvəkkilin səlahiyyətlərinə aid olmaması halları nəzərə alınaraq onların 51 faizinə baxılmaqdan imtina edilib: "Yerdə qalan şikayətlərin 49 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların 56,8 faizi təmin olunub. Bundan başqa, Ermənistan tərəfindən atəşkəsin müntəzəm pozulması nəticəsində yaralanaraq əsir düşən və ya girov götürülən vətəndaşlarımızın, o cümlədən, əsgərlərin azad olunması və onların qaytarılması ilə bağlı dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edilib. Müvəkkilin vəsatəti ilə fəaliyyəti dövründə 455 məhkum əfv edilib və ya barələrində amnistiya aktı tərtib edilərək azadlığa buraxılıblar".
Sonra məruzə ilə bağlı müzakirələr keçirilib.
Deputat Musa Qasımlı Ombudsman Elmira Süleymanovanın 2014-cü il üzrə illik məruzəsinə münasibət bildirərkən deyib ki, ombudsmanın hesabatı mükəmməl hazırlanıb: "İllik məruzədən görünür ki, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq yüksək səviyyədə qurulub".
O qeyd edib ki, Ombudsman Aparatı vətəndaşların etimadını qazanıb. Musa Qasımlı bir məsələnin hesabatda öz əksini tapmamasına da diqqət çəkib: "Dünyadakı bəzi təşkilatlar, QHT-lər Azərbaycanda guya insan hüquq və azadlıqlarının pozulmasına dair hesabat hazırlayırlar. Yaxşı olardı ki, bu məsələlər də Ombudsmanın hesabatında öz əksini tapaydı".
Deputat Musa Quliyev isə Ombudsmanın hesabatına irad bildirib. O, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində dinamik işlərin getdiyini, dövlət və hökumət bu istiqamətdə lazımı tədbirlər gördüyünü qeyd edib: "Hesab edirəm ki, insan hüquq və azadlıqlarının qorunması ikitərəfli işdir. Bu məsələdə həm hüquq-mühafizə orqanları, həm də vətəndaşlar özləri xüsusi rol oynamalıdır. Təcrübə göstərir ki, öz hüquqlarını bilən şəxsin hüquqlarını pozmaq mümkün olmur. Ancaq hesabatda həbs edilən hüquq müdafiəçilərinin, siyasi fəaliyyəti olan insanların və mətbuatda işləmiş, sonradan həbs edilən şəxslərin adları xüsusilə qeyd edilib. Təbii ki, bu şəxslər törətdiyi konkret cinayətə görə həbs edilib. Hesab edirəm ki, ya onların adları xüsusilə qeyd edilməməlidir, ya da bütün müraciət edən vətəndaşların adları hesabatda sadalanmalıdır".
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bəzi beynəlxalq təşkilatların insan hüquq və azadlıqlarında dair hesabatına toxunub.
YAP rəsmisi bildirib ki, bir qrup beynəlxalq təşkilat Azərbaycan dövləti haqqında şər kampaniyası aparmaqda davam edir, Bakıda keçiriləcək I Avropa Oyunların haqda şayiələr yayılır.
""Eurovision" ərəfəsində də belə kampaniya gedirdi. Onlar erməni mənşəli, qrant verib sonra şapka aldığı şəxsləri dəstəkləyənlərdir. Buradan bir qrup şəxs də onlara material ötürür. Bunlar AXCP sədri Əli Kərimli, onun ətrafı, erməni mənbəsindən qrant alaraq saxladığı QHT-lərdir. Hesab edirəm ki, millət vəkilləri, Ombudsman öz xətləri ilə bu məsələdə mövqeyini ortaya qoysun. Belə bir möhtəşəm tədbir bizim ölkəmizdə keçirilir".
S. Novruzov vurğulayıb ki, İsveçrə səfirliyində bir adamı 6 aydır ki, gizlədirlər. O, bunla səfirlikdə gizlənən jurnalist və hüquq müdafiəçisi Emin Hüseynova diqqət çəkib: "Bu adam milyonlarla qrant alıb, 240 min manatı vergidən yayındırıb. Mən təklif edirəm ki, Ombudsman İsveçrə səfirliyinə müraciət etsin. Qoy bu səfirlik 3 gündə bir məcburi köçkünə və ya müəllimə yemək versin. Hələ bir dəfə eşitməmişik ki, bu qurumlar həkimi, müəllimi müdafiə etsin".