“Mitinqə 800 nəfər gəlsə, bu nonsens olacaq” Siyasət

“Mitinqə 800 nəfər gəlsə, bu nonsens olacaq”

Elçin Mirzəbəyli: "Bu qurum adını təcili surətdə "Əli Kərimlinin Şurası" olaraq dəyişməlidir"

Elşən Musayev: "Radikal müxalifət düşünür ki, mütləq ölkədə iğtişaş, səs-küy yaratmalıdırlar"


Bakı Şəhəri İcra Hakimiyyəti Milli Şuranın martın 15-də keçirməyi planlaşdırdığı mitinqlə bağlı məktubunu hələ cavablandırmayıb. Bir çox siyasilər isə bu aksiyanın növbəti fiasko ilə nəticələnəcəyini və bura az adamın qatılacağını düşünürlər.
Milli Şuranın martın 15-də keçiriləcək mitinqinə 80 min nəfərin qatılacağı ilə bağlı iddiasına cavab verən BAXCP-nin beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli "mitinqə 800 nəfər gəlsə, bu nonsens olacaq",-deyə bildirib. Milli Şura adlı birliyin olmadığını deyən E.Mirzəbəylinin sözlərinə görə, qurum adını təcili surətdə "Əli Kərimlinin Şurası" olaraq dəyişməlidir. O, təşkilatın AXCP sədri Əli Kərimlinin tabeliyində olduğunu bildirib. "Vaxtilə ayrı bir ölkənin layihəsi olaraq yaradılmış və həmin xarici ölkə tərəfindən idarə olunduğu konkret faktlarla sübuta yetirilən Milli Şura adlı təşkilatın Azərbaycanda baş verən proseslərə qarşı hansısa nəinki aksiya keçirməyə, hətta bəyanat verməyə mənəvi haqqı yoxdur. Son dövrlərdə quruma daxil olan siyasi partiya üzvlərinin Milli Şura rəhbərliyində təmsil olunan şəxslərin verdiyi istefalar və bundan sonra qurumun fəaliyyəti haqqında səsləndirdiyi fikirlər, Şuranın mahiyyətini üzə çıxarır. Razi Nurullayevin dediyi kimi, Əli Kərimli "80 min nəfər"i "Feysbuk"da yazdığı statuslara saxta profillərdən gələn laykların sayına nəzərən deyib. Milli Şura həmin saxta layklarla planlı mitinq keçirməyi qarşısına məqsəd qoyub. Onlar ancaq virtual aksiyalar keçirə bilərlər, onu da ancaq saxta profilləri arasında" – deyə BAXCP rəsmisi qeyd edib.
Politoloq Elşən Musayev deyib ki, ümumiyyətlə "Milli Şura"nın martın 15-nə planlaşdırdığı aksiyanı iqtidar-müxalifət dialoquna qatılmayanlar təşkil edir: "Çünki bu insanlar özləri haqqında o qədər yüksək fikirdədirlər və müştəbehdirlər ki... Necə məzmunları radikaldır, eləcə də fikirlərini radikal şəkildə çatdırırlar". Politoloqun sözlərinə görə, radikal müxalifət düşünür ki, mütləq ölkədə iğtişaş, səs-küy yaratmalıdırlar: "Onlar ölkəyə, hakimiyyətə, dövlətə təzyiq yolunu yalnız bunda görürlər. Təbii ki, bu bir tək onların öz iradəsindən asılı olan məsələ deyil. Burada xaricdən onlara verilən stimulverici tapşırıqlar, pullar da mühüm rol oynayır. 15 mart aksiyası ümumiyyətlə, Əli Kərimlinin və onun əlaltısı olan "Milli Şura"nın heç şübhəsiz növbəti fiaskolarından biri olacaq. Ümumiyyətlə, ictimai-siyasi proseslərdə iştirak edən insanların mitinq və aksiya keçirmək haqqı var. Təbii ki, bu haqqı dövlət hər zaman onlara tanıyıb. Sadəcə olaraq onlar heç bir zaman öz ağılları, siyasi kontigentləri, gücləri ilə siyasi proseslərə təsir etməyi məqbul hesab etmirlər. Bəs gəlin görək səbəb nədir? Səbəb ondan ibarətdir ki, onlar ən xırda nüans axtarırlar ki, dövləti bu hakimiyyətə qarşı çevirə bilsinlər".
E.Musayev bildirib ki, bu gün müxalifət həmin aksiyaya ən radikal, dini kəsimlərin, eləcə də bunlara dəxli olmayan insanları çağırmaq çabasındadır: "Bu şəxslər bir dəfə də olsun rayonlara getmir, bölgələrə səfər etmirılər. Onlar ancaq siyasətlərini "facebook", twitter" və s. üzərindən yürüdürlər. Təbii ki, belə olan halda da onların mitinqinə 5-10 nəfər gəlir və hay-küy salırlar ki, bəs niyə belə oldu. Hər bir addımın, siyasətin nəticə etibarı var. Yəni onların mahiyyəti nədirsə, nəticələri də elə olur".
Müsavat Partiyası başqanlığına sabiq namizəd Səxavət Əlisoy indiki mərhələdə hansısa aksiyada iştirak etmək niyyətlərinin olmadığını vurulayıb: "ADR olaraq kütləvi aksiyalarda indiki mərhələdə iştirak etmək fikrində deyilik. Nədən ki, daha 22 rayonda may ayına qədər təşkilatlanmağa qərar vermişik. Lakin Hərəkat üzvlərinin bu tipli icazəli aksiyalarda iştirakına sərbəstlik vermişik".
S.Əlisoyun qənaətincə, hakimiyyəti geri çəkilməyə vadar etmək üçün meydanda minlərin deyil, on minlərin təmsilçiliyinə ehtiyac var: "O fikirdəyəm ki, qiymətlərin kəskin artımı 15 mart aksiyasının kütləviliyinə səbəb olmayacaq. Bunun bir əsas səbəbi var. Xalq mövcud radikal müxalifətə yetərincə etimad göstərmir və bu da radikal müxalifətdaxili intriqaların kəskin surətdə artması ilə bağlıdır. Xalqı ənənəvi radikal müxalifətə dəstək verməməməkdə ittiham etmək olmaz, çünki o bu çəkişmələrdən təngə gəlib. İnam yoxdursa, dəstəkdən söhbət gedə bilməz... Bu gün cərəyan edənlərə bolşevik, populist düşüncəsi ilə yox, məntiqlə yanaşsaq bu xamırın hələ çox su aparacağı qənaətinə gəlmək olar. Xalqda əsla günah yoxdur, günah biri-birini didib-parçalamaqdan məmnun olan müxalifətdədir".

Əli