“Ermənistanı sülhə məcbur edəcək mexanizmlər nəzərdən keçirilməlidir” Siyasət

“Ermənistanı sülhə məcbur edəcək mexanizmlər nəzərdən keçirilməlidir”

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Moskvada keçirdiyi mətbuat konfransında söylədiyi fikirləri şərh edib.
XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinə xatırladıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqeyi həmsədrlərin mandatına dair 1995-ci il Budapeşt sənədində qeyd olunduğu kimi, beynəlxalq hüquq, BMTNizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır:
"BMT Təhlükəsizlik Şurasının qətnamələrində isə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edilir. Əgər Ermənistan xarici işlər naziri iddia edirsə ki, Ermənistanın münaqişənin həllinə dair mövqeyi beynəlxalq ictimaiyyət və ATƏT Minsk Qrupunun həmsədrlərinin mövqelərinə uyğundur, onda Ermənistan öz işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarılmalı və Böyük Sülh Sazişi üzərində işə başlamalıdır. Sual olunur ki, bəs onda Ermənistan Böyük Sülh Sazişi üzərində işə başlamaqdan niyə imtina edir və bununla əlaqədar ATƏT-in Minsk Qrupu həmsədrlərinin ən yüksək səviyyədə olan çağırışlarını rədd edir? Ermənistan xarici işlər naziri bu bəyanat ilə əslində ölkəsinin rəhbərliyinin danışıqlar prosesində yalan və möhtəkirlik əsasında yürütdüyü siyasətini bir daha ifşa edir. Ona görə də məqsədyönlü şəkildə danışıqlar prosesini pozan və Azərbaycana qarşı işğal və təcavüz nəticəsində yaranan mövcud status kvonu saxlamağa çalışan Ermənistana münasibətdə sülhə məcburedici mexanizmlər, o cümlədən sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir".