“Türkiyəyə təzyiq göstərməyi tərcih etdilər” Siyasət

“Türkiyəyə təzyiq göstərməyi tərcih etdilər”

Osman Korutürk: "Avropa Parlamentinin qərarı bölgədə sülhə yox, xalqlar arasındakı kin-nifrətin artmasına xidmət edir"

"Avropa Parlamentinin 15 apreldə Türkiyənin əleyhinə qəbul etdiyi qərar gözlənilən idi, çünki erməni diasporası uzun müddətdən bəri buna hazırlaşırdı".
Bu sözləri APA-ya müsahibəsində Türkiyənin Parisdəki keçmiş səfiri, Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili Osman Korutürk deyib. Sabiq diplomatın sözlərinə görə, bu qərar xalqlar arasında münasibətləri yaxınlaşdırmağa yox, xalqları bir-birindən daha da uzaqlaşdırmağa yönəlib: "İstər diplomatiya, istərsə də siyasət həyatımda Avropa ölkələrində bu işlərlə çox məşğul oldum. İtaliyada, Fransada və Avropanın digər ölkələrində daima bunu dedim: parlamentlər bu işlərə qarışmasınlar, tarixi hadisələr barədə parlamentlər qərar qəbul etməsinlər. Çünki parlamentlərin bu cür məsələlər barədə qərarları ümumilikdə siyasi mahiyyət daşıyır. Siyasətçilər ya öz seçicilərinin, ya hansısa ölkənin xoşuna gəlsin deyə, ya da bəzi ölkələrin, yaxud qrupların təzyiqi altında bu cür qərarları dəstəkləyirlər ki, bu da tarixi gerçəklərə uyğun gəlmir. Türkiyə Böyük Millət Məclisi bu işdə marağı olan ölkələrə müraciət edərək arxivlərini açmağı və iddia edilən məsələ ilə bağlı müstəqil tarixçilərdən ibarət komissiyanın bu işlərlə məşğul olmasını təklif etmişdi. İşin ən doğru yolu da budur. Ona görə Türkiyə müstəqil tarixçilərin arxivlərdə işləyərək ortaya qoyacaqları raportu qəbul edəcəyini əvvəlcədən açıqlamışdı. Ancaq ABŞ, Fransa, Rusiya, Almaniya, İngiltərə kimi ölkələr buna əməl etməyib siyasət yolu ilə Türkiyəyə təzyiq göstərməyi tərcih etdilər ki, Avropa Parlamentinin 15 apreldə qəbul etdiyi qərar da bu çərçivədə dəyərləndirilməlidir. 1915-ci il hadisələrinin "soyqırım" kimi qiymətləndirilməsinin heç bir tarixi və hüquqi zəmini yoxdur. Çünki Birinci Dünya müharibəsində imperialist dövlətlərin təhriki ilə dövləti bölməyə çalışan ermənilərin imperiyanın başqa yerlərə köçürülməsi prosesi baş verib, ondan daha əvvəl ermənilərin türklərə yapdığı zülmlər var. Bir halda ki nə olubsa, qarşılıqlı şəkildə olub, onda Osmanlı dövləti erməni mənşəli vətəndaşlarına necə "soyqırım" həyata keçirib? Diplomatik fəaliyyətimə təzə başlayanda - 1974-cü ildə Kiprdə Sülh Hərəkatı vardı, ona görə gecələr Xarici İşlər Nazirliyində növbətçi qalırdıq. O vaxt nazirliyin baş katibinin (indi icra aparatının rəhbəri) otağında Əhməd Emin Yalmanın "Gördüklerim ve geçirdiklerim" kitabını oxuyurdum. Kitabda ermənilərin 1915-ci ildə 600 min ermənin öldürüldüyünü iddia etdiklərini yazan müəllif, sənədlərlə dəqiqləşdirməyə çalışsa da, buna müvəffəq ola bilmirdi. Bu gün isə 1.5 milyon erməninin "soyqırım"a məruz qoyulduğu iddia edilir. Təsəvvür edin ki, 45-50 il 600 min erməninin öldürüldüyünü sübut edə bilməyənlər indi 1.5 mliyondan danışırlar. Cənub-Şərq bölgələrimizdə ermənilərin türkləri qətlə yetirmələrini xalq ədəbiyyatında əks etdirən 500 səhifəlik "Ermeni mezalimiyle ilgili Anadolu ağıtları" kitabı var. Əgər ermənilərin o dövrdə türklərə qarşı törətdikləri cinayətlərlə bağlı 500 səhifəlik ağıtlar kitabı çıxıbsa, zülmün səviyyəsini siz düşünün. Əlbəttə ki, biz 1 insanın ölümünə belə qarşıyıq. AncaqAvropa Parlamenti unutmamalıydı ki, Türkiyə əleyhinə qəbul etdiyi qərarla bölgədə sülhə yox, xalqlar arasındakı kin-nifrətin artmasına xidmət edir. O qərardan sonra ermənilərin bizə nifrəti daha da artacaq, bizim gəncliyimizin əks tərəfə qarşı milliyyətçi duyğuları o qərardan sonra daha da güclənəcək, Azərbaycan haqlı şəkildə Xocalı soyqırımının acısını daha çox hiss edərək, onu törədənlərin cəzalandırılmasını dünya ictimaiyyətindən daha qərarlı şəkildə tələb edəcək. Burada yeganə yol işi müstəqil tarixçilərin öhdəsinə buraxmaqla bağlıTürkiyə Böyük Millət Məclisinin təklifinə riayət etmək idi. AP qərarının heç bir hüquqi və sanksiya gücü yoxdur, qərar bölgə xalqları arasındakı ədavətin daha da güclənməsinə xidmət edir".