““İŞİD və “Əl-Qaidə” kimi qruplaşmalara din adı vermirəm, onlar dindən kənardır” Siyasət

““İŞİD və “Əl-Qaidə” kimi qruplaşmalara din adı vermirəm, onlar dindən kənardır”

Möhsün Pak Ayin:"Onun sözlərinə görə, bu kimi qruplaşmaların arxasında Amerika Birləşmiş Ştatları dayanır"

"Azərbaycanla İran arasında müştərək müdafiə komissiyası yaradılacaq". APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İranın müdafiə naziri Hüseyn Dehqanın Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.
Səfir bildirib ki, bu komissiyaya Azərbaycanın və İranın müdafiə nazirlərinin rəhbərlik etməsi qərarı alınıb: "İki ölkə Müdafiə nazirlikləri arasında müzakirələr bu komissiya çərçivəsində aparılacaq və təkliflər irəli sürüləcək. Komissiya təhlükəsizlik məsələləri, regionun təhlükəsizliyi və sair istiqamətdə fəaliyyət göstərəcək".
Diplomat qeyd edib ki, İranın müdafiə nazirinin Azərbaycanda keçirdiyi görüşlərdə ikinci əsas mövzu regional məsələlər olub: "Dünyada və regionda bəzi məsələlər var ki, bizim ölkələrimizə də təsir edir. Xüsusi olaraq bölgəni və ölkələri təhdid edən "İŞİD" qruplaşması, "Əl-Qaidə" ilə bağlı məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, dini radikalizm sahəsində birgə addım atılsın və lazımi tədbirlər həyata keçirilsin".
Möhsün Pak Ayin deyib ki? "İŞİD və "Əl-Qaidə" kimi qruplaşmalara din adı vermir, onlar dindən kənardır".
Onun sözlərinə görə, bu kimi qruplaşmaların arxasında Amerika Birləşmiş Ştatları dayanır: "Bu kimi radikal qruplar bütün islam dünyası, xüsusən inkişafda olan müsəlman ölkələri üçün böyük təhdiddir. Onlar Suriya və İraqda, indi isə Yəməndə günahsız insanları məhv edirlər. Həmin qruplaşmalar son vaxtlar Əfqanıstanda da müəyyən işlər görməyə cəhd edirlər. Onlar ABŞ və Qərb ölkələrinin canişini olaraq müsəlman ölkələrini viran qoyurlar".
Səfir qeyd edib ki, islam ölkələrində baş verənlər şiə-sünni davasına aid edilə bilməz. "İslam dünyasının şiə və sünni məzhəbləri bu kimi terror əməllərinə qarşı çıxıblar. İslam dini sülh dinidir və terrorizmin, kobudluğun əleyhinədir".
M. Pak Ayinin sözlərinə görə, İŞİD üzvlərinin əksəriyyəti Avropadan gəlib Suriyavə İraqda döyüşürlər.
Səfir İranın Rəşt-Astara dəmiryol xəttinin inşası üçün sərmayələrin cəlbi ilə məşğul olduğunu da diqqətə çardırıb. Onun sözlərinə görə, bu yol çox əhəmiyyətli hesab edilir və şimalla cənubu birləşdirəcək əhəmiyyətli dəhliz hesab olunur: "Şimal-cənub dəhlizində iştirak edən bütün ölkələr bu layihədə iştirak etməli və onu dəstəkləməlidirlər. Biz bu məsələni İslam İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) tərkibində olan bankda qaldırmışıq və planın həyata keçməsi üçün lazım olan sərmayələrin cəlbi istiqamətində çalışacağıq. Çindən bəzi şirkətlər tikintiyə maraq göstərirlər və burada pay sahibi olmaq istəyirlər. İranla Rusiya arasında da müzakirələr gedir. Ümid edirəm ki, bu müzakirələr tezliklə nəticələnəcək. Həmçinin İranla Azərbaycan arasında Astara körpüsünün salınmasına dair razılıq əldə olunub".