“Azərbaycan öz yolunu və siyasətini dəyişməyəcək” Siyasət

“Azərbaycan öz yolunu və siyasətini dəyişməyəcək”

Yunus Oğuz: "Bütün bu oyunların başında Azərbaycanı müstəqil siyasətdən çəkindirmək məqsədi dayanır"

Azərbaycana qarşı davam etdirilən beynəlxalq kampaniyanın ölkənin öz maraqlarına uyğun siyasət yürütməsindən qaynaqlandığı bildirilir.
ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən istiqamətləndirilən bu qarayaxma kampaniyasına yönəlik etirazlar səngimir.
Azərbaycan əleyhinə başladılmış bu kampaniyanın məqsədini Gün.Az-a şərh edən "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz bildirib ki, ölkəyə yönəldilmiş təzyiqlər Qərbin Azərbaycanı öz planlarına cəlb etmək niyyətindən irəli gəlir:
"Buna təəccüblənmək lazım deyil - çünki Azərbaycan kimi dövlətlərin öz maraqlarına uyğun müstəqil siyasət yürütmələri böyüklük iddiasında olan dövlətlərin mənafelərinə cavab vermir.
Azərbaycan isə bütün bu təzyiqlərə baxmayaraq, dünyaya göstərib ki, öz yolunu və siyasətini dəyişməyəcək.
Bu mövqe isə təbii ki, Azərbaycanı öz planlarının icrasına cəlb etmək istəyən, ölkəmizi məlum sözəbaxan dövlətlərin sırasına salmağa çalışan Amerikanı, Qərbi məmnun etmir.
Nəticədə isə onlar heç bir əsas olmadan belə təzyiq kampaniyasına başlayırlar və bu yolla məqsədlərinə çatmağa, Azərbaycanı dünyadakı mövcud qütbləşmədən qaynaqlanan qarşıdurmaların mərkəzinə gətirməyə cəhd göstərirlər.
Amma əlbəttə ki, bu təzyiqlər, kampaniyalar Azərbaycanın mövqeyinə təsir göstərə bilməz. Bununla belə, düşünürəm ki, bu təzyiqlərə sərt münasibət göstərilməlidir".