“Bütün dünya bilsin ki...” Siyasət

“Bütün dünya bilsin ki...”

Əfqan Ala: "Azərbaycana qarşı edilən hərəkət Türkiyəyə, Türkiyəyə qarşı edilən hərəkət Azərbaycana qarşı edilən hərəkətdir"

"Son günlər Roma Papası,Avropa Parlamenti və digər ölkələr qondarma erməni soyqırımı ittihamını yenidən gündəmə gətiriblər. Biz də bu ittihamları olduğu kimi onlara geri qaytardıq. Biz Xocalı soyqırımını gündəmə gətirməsək heç kim bu haqda danışmır".
Bu sözləri hakim AKP-nin Ərzurumdan millət vəkilliyinə namizədi, parlament seçkiləri ilə əlaqədar martda daxili işlər naziri postundan istefa verən Əfqan Ala Türkiyədə səfərdə olan bir qrup azərbaycanlı jurnalistlə görüşü zamanı deyib.
Ə. Ala görüşdə çıxışı zamanı bildirib ki, Azərbaycan və Türkiyə daha sıx şəkildə əməkdaşlıq etmək məcburiyyətindədir: "Biz nə qədər çox əməkdaşlıq etsək, bir o qədər yerləşdiyimiz regiona təsir gücümüz artar. Bu isə dünyaya təsir imkanlarımızın artmağı deməkdir. Biz birlikdə çox güclü olmalıyıq ki, bizə qarşı atılan böhtanları, bizə qarşı təşkil olunan hücumların qarşısını ala bilək".
Ə. Ala qeyd edib ki, Türkiyə heç vaxt soyqırımı ittihamlarını qəbul etməyəcək: "Biz soyqırımı ittihamını şiddətlə rədd edirik. Osmanlı müharibə vəziyyətində olarkən o vaxta qədər sadiq təbəqə adlandırdığımız ermənilər bizə xəyanət edib, böyük qırğınlar törədiblər. Osmanlı hökuməti də həmin qırğınları törədən erməniləri öz idarəçiliyi altındakı Suriya, Livan və Fələstinə köçürüb. Buna utanmazcasına soyqırımı deyirlər. Biz də deyirik ki, soyqırımı görmək istəyənlər Xocalıya, Avropanın mərkəzindəki Bosniyaya baxsınlar. Bizim tariximizdə, bizim mədəniyyətimizdə soyqırımı məfhumu yoxdur. Biz deyirik arxivləri açın. Yaxına durmurlar, çünki nə etdiklərini çox gözəl bilirlər. Yalanla, böhtanla nəticə əldə etmək olmur. Eyni zamanda, biz hər yerdə bu yalanlara qarşı birlikdə çıxış etməli və bir millət olduğumuzu heç vaxt unutmamalıyıq. Eyni məfkurə üçü çalışmalıyıq. Gənclərimizə də bunları aşılayıb, öyrətməliyik. Bütün dünya bilsin ki, Azərbaycana qarşı edilən hərəkət Türkiyəyə, Türkiyəyə qarşı edilən hərəkət Azərbaycana qarşı edilən hərəkətdir".
Qeyd edək ki, 4-8 may tarixlərində Ərzurum, Qars və Iğdır şəhərlərinə təşkil olunacaq səfər Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyi, Mətbuat Şurası, TİKA, KİVDF, TRT və "Anadolu" agentliyinin Bakı nümayəndəliklərinin ortaq layihəsi olan Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Layihəsi (TAMEP) çərçivəsində həyata keçirilir. Səfərin məqsədi 1915-ci il hadisələrinin izlərini daşıyan bölgələrdə erməni zülmü ilə bağlı yazılar hazırlamaqdır. Səfər zamanı həm də regiondakı media təmsilçiləri ilə görüş də nəzərdə tutulub.