“Azərbaycan Cənub Qaz Dəhlizini xilas etdi” Siyasət

“Azərbaycan Cənub Qaz Dəhlizini xilas etdi”

Əli Həsənov: "Ölkəmiz mili vətəndaş birliyinə, güclü ordu və müdafiə potensialına malikdir"

"Ərazisinin ölçüsünə, maddi və mənəvi resurslarından yararlanmasına görə Azərbaycan Cənubi Qafqazın ən potensiallı ölkəsi hesab olunur".
Bunu dünən Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Azərbaycan müasir dünyada" mövzusunda konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, Xəzəryanı ölkələr arasında ən əhəmiyyətli geoiqtisadi və geostrateji mövqe Azərbaycana məxsusdur: "Yürüdülən düzgün iqtisadi siyasət Azərbaycanı Avrasiyanın mənəvi mərkəzinə çevirib. Ölkə beynəlxalq birliyin artan enerji ehtiyacına uyğun enerji siyasəti yürüdərək öz əhəmiyyətini artırıb. Hazırda Qazaxıstan, Türkmənistan və Azərbaycan artan enerji tələbatında ən alternativ mənbə hesab olunur. Azərbaycan Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri ilə bağlı strateji seçim etdi, bu, Azərbaycanın geostrateji əhəmiyyətini, nüfuzunu artırdı. Hazırda Bakı-Subsa, Bakı-Novorosiysk, BTC kimi illik gücü 70 mln ton, Bakı-Tbilisi-Ərzurum və digər qaz kəmərləri sayəsində ötürmə qabiliyyəti 30 milyard kubmetr olan şəbəkəyə malikdir. TAP və TANAP bu sahədə imkanları daha da artıracaq".
Əli Həsənov bildirib ki, TAP və TANAP Cənubi Qaz Dəhlizinə yeni nəfəs gətirib: "Azərbaycan öz təşəbbüsü və addımları ilə yeni enerji dəhlizinin əsasını qoydu, Cənub Qaz Dəhlizini xilas etdi".
Ölkənin nəqliyyat dəhlizi kimi oynadığı roldan danışan Əli Həsənov bildirib ki, nəqliyyat sistemi yenidən qurulub: "Azərbaycan mili vətəndaş birliyinə, güclü ordu və müdafiə potensialına malikdir və buna söykənərək müstəqil xarici siyasət yürüdür. Heydər Əliyevin nüfuzu və idarəetmə qabiliyyəti sayəsində ilk 10 ildə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, onu sabit inkişaf yoluna çıxarmaq mümkün olub. Nəticədə həm dövlət uğurlu neft strategiyasını reallaşdırıb, həm də iqtisadi inkişafının əsasını yaradıb. Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan mili maraqlarına söykənən, beynəlxalq aləmdə sözünü deyə bilən dövlətə çevrilib. Bu gün Azərbaycan BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarla əməkdaşlıq edərək qlobal siyasətdə çəkisi və rolunu artırır. Azərbaycanın maddi v insan resursları, bu sahədə yürütdüyü siyasət mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Hazırda Azərbaycanın 4,6 milyard ton təsdiqlənən, 10 milyard ton ehtimal olunan enerji ehtiyatları var".
PA rəsmisi bildirib ki, adambaşına düşən xarici investisiyaların miqdarına görə Azərbaycan dünyanın lider ölkələrindən biridir. O deyib ki, mütəxəssislərin sözlərinə görə, Xəzər regionunun hazırkı regional hərbi-siyasi balansı Rusiyadan, geoiqtisadi və təbii enerji balansı Azərbaycan, Qazaxıstan və Türkmənistandan, nəqliyyat-kommunikasiya dəhlizi Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiyadan asılıdır: "Xəzər hövzəsinin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mühitinin gələcək taleyində Azərbaycanın mövqeyi kifayət qədər yüksəkdir. Azərbaycanın geostrateji xarakteristikasının əsas göstəricilərindən biri onun zəngin insan resurslarına malik olması, ölkədaxili sabit ictimai-siyasi, mili-etnik və dini vəziyyətin hökm sürməsidir və bu dövlətin bu sahələr üzərində nəzarət imkanları ilə bağlıdır. Ölkənin ümumi demoqrafik göstəriciləri müsbət istiqamətdə inkişaf edir, əhalinin ümumi sayı hazırda 9 milyondan artıqdır. Artım balansı da getdikcə müsbətə doğur dəyişir. Respublika üzrə hər kvadrat kilometrə təxminən 96 sakin düşür. Tədqiqatçılar ictimai-siyasi, sosial və mənəvi resursların mili maraqların təmin edilməsinə yönəldilməsi sahəsində Cənubi Qafqaz ölkələri içərisində ən balanslı geosiyasətin və effektli siyasi idarəçilik sistemini də Azərbaycana aid edirlər".
Əli Həsənov qeyd edib ki, qloballaşmanın vüsət aldığı yeni mühitdə Azərbaycan dünyanın universal və qlobal iqtisadi sisteminə müvəffəqiyyətlə inteqrasiya olunur: "Azərbaycan Avropa İttifaqı, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər transmilli iqtisadi maliyyə qurumları ilə hərtərəfli əməkdaşlıq edir. Təsadüfi deyil ki, həmin qurumların dəstəyi və təqdimatı ilə postsovet ölkələri içərisində ən çox xarici kapital da məhz Azərbaycan və Qazaxıstan iqtisadiyyatına yatırılıb. Hazırda adambaşına düşən xarici investisiyaların miqdarına görə Azərbaycan nəinki postsovet məkanının, həmçinin dünyanın lider ölkələrindən biri kimi tanınır. Hazırda Azərbaycan öz ictimai-siyasi, sosial-mənəvi vəziyyəti, yekdil mili, dini vətəndaş birliyi, cəmiyyətin vəziyyəti ilə Cənubi Qafqazın ən sabit və tolerant ölkəsi hesab olunur".
Əli Həsənov Azərbaycanın dünyanın təhlükəsizlik maraqlarında ciddi amilə çevrildiyini bildirib: "Azərbaycanın planet və regional geosiyasi təsirinə həlledici təsir göstərən əsas amillərdən biri də ölkənin mövcud hərbi-geostrateji potensialı, regional və beynəlxalq təhlükəsizlik blokları ilə münasibətləri və təhlükəsizlik siyasəti hesab olunur. Malik olduğu hərbi-geostrateji potensialına, bu sahədə göstəricilərinə və mili resurslarına görə Azərbaycan Cənubi Qafqazın lider ölkəsi hesab olunur".
Əli Həsənov deyib ki, Azərbaycan əhalisinin sayına müvafiq olaraq həm onun mili ordusunun say tərkibi və hərbi-texniki hazırlığı, həm də silahlanma keyfiyyəti Gürcüstan və Ermənistandan qat-qat yüksəkdir: "Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə xərclərinə görə də Azərbaycan Cənubi Qafqazın lider ölkəsi hesab olunur. Odur ki, Azərbaycan keçən müddətdə təkcə Avropa Birliyinin enerji təhlükəsizliyinin, yaxud Qonşuluq Siyasətinin əsas fiqurlarından biri kimi deyil, həm də dünyanın müxtəlif bölgələrində – Əfqanıstanda, İraqda, Balkanlarda, digər münaqişə bölgələrində Qərbin həyata keçirdiyi sülhyaratma proseslərindəki birbaşa iştirakına, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması fəaliyyətinə görə də xüsusi fərqlənib. Azərbaycan regionda yürütdüyü balanslı təhlükəsizlik siyasəti ilə həm avroaltlantik təhlükəsizlik strukturları, həm də regionun aparıcı dövlətləri ilə hərbi-geostrateji tərəfdaşlıq xətti yürütməklə dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi amilə çevrilib. Keçən dövrdə Azərbaycan Cənubi Qafqazda və Avrasiya məkanında bir-biri ilə ilə toqquşan iki hərbi blokun – NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mövcudluğunu nəzərə alaraq davamlı tarazlı siyasət aparmağa üstünlük verib. Mütəxəssislər hesab edirlər ki, Azərbaycanın bu siyasəti Cənubi Qafqazın mövcud reallığına tam adekvatdır".
Əli Həsənov qeyd edək ki, Azərbaycanın xarici aləmlə tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərən və geosiyasi dəyərini aşağı salan bəzi amillər də mövcuddur: "Tədqiqatçılar bu sıraya ilk növbədə Ermənistanla münaqişənin və Dağlıq Qarabağ probleminin 20 ildən artıq müddətdə həll edilməməsini aid edirlər. Ümumiyyətlə, müstəqilliyə qovuşduğu andan Azərbaycanın mili inkişafı yolunda rastlaşdığı ən mühüm problem Dağlıq Qarabağ münaqişəsi olub. Müstəqilliyin ilk illərində bu problem ölkənin bölgədə və dünyada kəsb etdiyi geosiyasi əhəmiyyəti ciddi surətdə azaldaraq beynəlxalq investisiya qurumlarının ölkəyə davamlı kapital qoyuluşu siyasətinə uzun müddət ciddi mənfi təsir göstərib. Bununla yanaşı, Xəzər dənizinin hüquqi statusunun sona qədər həll edilməməsindən, Transxəxər layihəsinə region dövlətlərinin fərqli yanaşmasından qaynaqlanan bəzi digər bölgə problemləri də həm Azərbaycanın, həm də digər qonşu ölkələrin xarici aləmlə tərəfdaşlığına mənfi təsir göstərib. Bir faktı da qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Cənubi Qafqaz, Xəzər, Qara dəniz hövzəsindəki regional qarşıdurmalara və bəzi problemlərə görə bir çox maraqlı dairələr dünya investorlarına Azərbaycanı nə qədər əlverişsiz ölkə kimi təqdim etməyə çalışsalar da, malik olduğu zəngin enerji resursları, Xəzər hövzəsində yürütdüyü effektli neft-qaz siyasəti və reallaşdırdığı çoxsaylı transmilli layihələr onu bütün dünya üçün bir o qədər cəlbedici və arzu edilən tərəfdaşa çevrilib. Beləliklə, müstəqilliyinin 20 ili ərzində Azərbaycan siyasi, iqtisadi, ictimai və mənəvi həyatın bütün sahələrində keçid dövrünü uğurla başa vurub və bir dövlət olaraq tam formalaşıb, güclü regional amilə çevrilib və qlobal siyasətdə öz sözü, rəyi, prinspial mövqeyi ilə seçilən nüfuzlu dövlət kimi çıxış etməyə başlayıb"