“Bütün siyasi partiyalar birmənalı olaraq ölkəmizdə keçiriləcək İlk Avropa Oyunlarını dəstəklədilər” Siyasət

“Bütün siyasi partiyalar birmənalı olaraq ölkəmizdə keçiriləcək İlk Avropa Oyunlarını dəstəklədilər”

Söhrab Abdullayev: "Azərbacana bir çox istiqamətlərdə divident gətirəcəyini vurğuladılar"

"Bu, iqtidarla müxalifət arasında sayca üçüncü dialoq idi ki, keçirilirdi. Fərqli məsələlər müzakirə olundu. Birinci görüşdən fərqli olaraq predmet artıq məlum idi". Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Söhrab Abdullayev iqtidarla müxalifət arasında dünən baş tutan növbəti dialoq haqqında danışarkən dedi. Onun sözlərinə görə, siyasi partiya rəhbərlərinin razılığı ilə ölkəmizdə əlamətdar hadisə kimi qeyd olunan İlk Avropa Oyunlarının keşirilməsilə bağlı müzakirələr aparıldı: "Bilirsiniz ki, həm xaricdə, həm də daxildə bu oyunların Azərbaycanda keçirilməsi ilə bağlı qara piar kampaniyası aparılır. Dünyada bu təbliğatı erməni lobbisi, ermənipərəst qüvvələr aparır. Təbii ki, Azərbaycana qarşı erməni təbliğatı Avropa Oyunlarına qədər də var idi və hər zaman mövcud olub. Dağlıq Qarabağın işğalına haqq qazandırma və bizi haqsız kimi təbliğ etmək üçün Azərbaycanda yaşamağın mümkün olmadığını ifadə edəcək təbliğat aparıblar. Bu gün də İlk Avropa Oyunları ilə bağlı antitəbliğatın aparılması bu tədbirin Azərbaycanda keçirilməsinin nə qədər önəm daşıdığını ifadə edən amillərdən biridir. İqtidar-müxalifət görüşündə bu məsələ müzakirə olundu və fərqli təkliflər verildi. Bütün siyasi partiyalar birmənalı olaraq ölkəmizdə keçiriləcək bu tədbiri dəstəklədilər və Azərbacana bir çox istiqamətlərdə divident gətirəcəyini vurğuladılar. Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun verdiyi məlumata görə, 1800-dən artıq xarici jurnalist qeydiyyatdan keçib. Onların sayı artmaqdadır. Onlar Azərbaycanla bağlı məlumat yayacaqlar. İlk Avropa Oyunları ermənilərin Azərbaycanla bağlı formalaşdırdığı antitəbliğatı alt-üst edəcək. Hesab edirəm ki, bu, Azərbaycan üçün xeyirlidir və Azərbaycanın daha yaxşı tanınması üçün imkan yaradacaq".
Söhrab Abdullayev diqqətə çatdırdı ki, görüşdə İlk Avropa Oyunlarının keçirilməsi məqsədilə çəkilən xərclərdən də danışılıb: "Təbii ki, çəkilən xərclər Azərbaycanın tanıdılması üçündür. Seçki ilə bağlı təkliflər də oldu. Bu məsələnin isə, İlk Avropa Oyunlarından sonra müzakirə olunacağı bildirildi. Çünki hazırda bu məsələyə ayrılacaq zaman yoxdur. Görüşdə iştirak edən partiyalar bundan sonra da dövlətimizin yanında olacaqlarını ifadə etdilər. Ümumiyyətlə, qənaətə gəlindi ki, bu cür görüşlər səmərəlidir və müzakirə olunan məsələ Azərbaycan dövlətinin maraqlarını ifadə edir. Qərara alındı ki, bütün məsələlərə Azərbaycan dövlətçiliyi və milli mənafeyi aspektindən yanaşılmalıdır. Bilirsiniz ki, oyunlar ərəfəsində şəhərdə müəyyən məhdudiyyətlər olacaq. Partiya olaraq bununla bağlı təkliflər irəli sürdük. Narahatlıq yaranmaması üçün biz təklif etdik ki, iyunun 12-si qeyri-iş günü olsun. Eyni zamanda, nəqliyyatla bağlı şəhərdə məhdudiyyətlər olsa da, şəhərdən kənarda tıxaclar yaranır. Ona görə də təklif etdik ki, həftənin cüt günləri cüt, tək günləri isə tək nömrələr şəhərə buraxılsa nəqlıiyyatın 50 faiz azalmasına gətirib çıxaracaq. Xarici ölkədə də bu təcrübə var. Bu da nəqliyyatla bağlı problemin aradan qaldırılmasına yardımçı olacaq".
"Ümumiyyətlə, dialoq səmərəli keçdi",- deyən S.Abdulayev əlavə etdi ki, görüşün 2 aydan bir keçirilməsi nəzərdə tutulur: "Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov da dedi ki, bu görüşlərin əhəmiyyəti böyükdür. O dedi ki "biz də istəyirik ki, taleyüklü məsələləri müxalifətlə müzakirə edək. Hansı msələlərin həlli mümkündürsə onu İlk Avropa Oyunlaırndan sonra gündəmə gətirəcəyik". Görüşdə təklif olundu ki, siyasi məhbus kimi təqdim olunan şəxslər azadlığa buraxılsın. Əli Həsənov isə bildirdi ki, onlar siyasi məhbus deyil, konkret əməllərə görə həbs olunublar. Eyni zamanda, əlavə etdi ki, bu, hüquqi məsələdir və buna məhkəmə baxacaq. Bunu siyasiləşdirmək olmaz".
BAXCP rəsmisi sonda bildirdi ki, iqtidar-müxalifət dialoquna Müsavat Partiyası və AXCP qatılmayıblar:"Müsavat bununla bağlı bəyanat verib və görüşdə iştirak etmək üçün şərtlər irəli sürüb. AXCP isə bildiyiniz kimi heç bir görüşə qatılmır. Onlar təcrid yolu seçiblər və bu da öz işləridir".

Əli