Çin və Pakistan ABŞ və İran arasında dərhal atəşkəs elan olunmasına çağırıblar Dünya

Çin və Pakistan ABŞ və İran arasında dərhal atəşkəs elan olunmasına çağırıblar

Çin və Pakistan ABŞ ilə İran arasında hərbi əməliyyatların dərhal dayandırılmasının və danışıqların tezliklə bərpa olunmasının tərəfdarı olduqlarını bildiriblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Van İ ilə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri İshaq Darın Şanxayda keçirilən görüşünün yekunlarına dair Çin XİN-in yaydığı məlumatda deyilir.

"Tərəflər münaqişə iştirakçılarını dərhal hərbi əməliyyatları dayandırmağa, çətinliklərin öhdəsindən gəlməyə, maneələri aradan qaldırmağa, təmasları və dialoqu bərpa etməyə, eləcə də danışıqlar yolu ilə hərtərəfli sülh sazişinin bağlanmasına çalışmağa çağırıblar", — deyə məlumatda qeyd olunur.

Van İ vurğulayıb ki, ABŞ və İran tərəfindən birinci mərhələdə əldə edilmiş anlaşma memorandumu asan başa gəlməyib. "Sülh artıq yaxındadır, səylərin hədər getməsinə yol vermək olmaz, xüsusən də artıq əldə edilmiş nailiyyətləri itirmək yolverilməzdir", — deyə o bildirib.

Çin XİN rəhbəri Pakistanın vasitəçilik rolunu qeyd edib və Pekinin İslamabadın səylərini dəstəkləməyə davam edəcəyini bəyan edib. Öz növbəsində, Pakistan diplomatı atəşkəsin təmin olunmasına və danışıqların bərpasına bundan sonra da kömək etməyə hazır olduqlarını bildirib.

Məryəm Quliyeva