“Rusiya Azərbaycanla daha da yaxınlaşmaq istəyir” Siyasət

“Rusiya Azərbaycanla daha da yaxınlaşmaq istəyir”

Razi Nurullayev: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanla Avropa İttifaqı arasında dərin fikirayrılığı var"

Rusiya mətbuatında Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının boşaldılması məsələsi gündəmə gəlib. Bildirilib ki, Ermənistan tərəfi ilkin mərhələdə 6 rayonu geri qaytararaq, Türkiyə və Azərbaycanla əlaqələrini bərpa edəcək. Rusiyalı politoloq, Kremlə yaxınlığı ilə seçilən Sergey Markov da belə bir iddia ilə çıxış edib. "Region" Beynəlxalq Analitik Mərkəzinin direktoru, politoloq Razi Nurullayev mütəmadi olaraq Rusiya mediasında gündəmə gətirilən bu tip məlumatların yeni olmadığını bildirib. Rusiya – Azərbaycan yaxınlaşması prosesinin davam etdirildiyini deyən R. Nurullayevin sözlərinə görə, Rusiya Azərbaycanın hazırkı geosiyasi davranışından razıdır: "Bunun müqabilində Rusiya Azərbaycanla daha da yaxınlaşmaq istəyir. Azərbaycanın bir zəif nöqtəsi var – Dağlıq Qarabağ. Həmin həssas məsələni həll etməklə Azərbaycanla daha yaxın olmaq mümkündür. Mövcud vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanla Avropa İttifaqı arasında dərin fikirayrılığı var. Ümumiyyətlə, Avropa İttifaqının Dağlıq Qarabağa münasibəti Ukrayna, Moldova və Gürcüstandakl münaqişələrdən fərqlənir. Bu, Avropa İttifaqı münaqişənin Azərbaycanın xeyrinə həll olunmasında maraqlı kimi görünmür yox, sadəcə olaraq bununla bağlı qətiyyətli mövqe nümayiş etdirmir. Rusiya da bunu bilir. Bu baxımdan masada belə bir məsələ var. Hazırda ən çətin məsələ Rusiya tərəfinin Ermənistanı buna razı sala bilməməsi ilə bağlıdır. Ola bilsin ki, Türkiyə də bu prosesə qoşulub. Ermənistana müəyyən təkliflər etməklə 6 rayonun boşaldılmasına razı salmaq istəyirlər. Əgər Azərbaycan da Avropa İttifaqına qoşulmaqla bağlı müəyyən öhdəlik götürsə, yəqin ki, Putin özündə güc taparaq Ermənistanın işğal altında olan torpaqların boşaldılmasına razı sala bilər. Amma bunun müqabilində ola bilsin ki, bölgəyə Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilsin. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həll prosesində hansısa irəliləyiş olacaqsa, burada həm Azərbaycan, həm də digər tərəflərdən çox ciddi kompromislərin olması vacib olacaq".

Əli