Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi vəziyyəti Layihə

Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi vəziyyəti

I yazı

Azərbaycan Respublukasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2013-cü il üzrə illik məruzəsi hüquqi dövlət quruculuğu prosesi ilə bağlı təhlil imkanı verir. Ombudsman Elmira Süleymanova məruzəsində bildirir ki, məruzənin əsas məqsədi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 2013-cü ildə ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının vəziyyətinin öyrənilməsi və təhlili, müsbət nəticələrlə yanaşı, çatışmazlıqların və pozuntuların aşkar edilməsi, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması üzrə fəaliyyəti haqqında məlumatların verilməsindən ibarətdir: "Məruzə ərizələrin, şikayətlərin və təkliflərin, Müvəkkil, o cümlədən aparatın və regional mərkəzlərin əməkdaşları tərəfindən cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə, hərbi hissələrə, uşaq, ahıl və əlillər evlərinə, internatlara, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, səhiyyə, təhsil, əhalinin sosial müdafiəsi müəssisələrinə baxışların, həmçinin yerlərdə əhali ilə görüşlər və aparılmış araşdırmalar zamanı aşkar edilmiş müxtəlif halların, problem və çətinliklərin, eyni zamanda dövlət orqanlarının və vəzifəli şəxslərin rəsmi cavablarının, dövlət qurumlarına təqdim edilmiş təklif və tövsiyələrin, insan hüquqları üzrə milli və beynəlxalq seminar və konfransların materiallarının, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində görülmüş işlərin, kütləvi informasiya vasitələrində verilmiş məlumatların ümumiləşdirilmiş təhlilinə əsasən hazırlanıb. İllik məruzədə Müvəkkilin vətəndaşların mülki və siyasi, iqtisadi və sosial hüquqlarının, habelə müxtəlif əhali qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, həmçinin insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirilmiş tədbirləri, elmi-analitik sahədə fəaliyyəti, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələri, beynəlxalq əməkdaşlıq məsələləri, eyni zamanda insan hüquqlarının səmərəli təmin edilməsinə, əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb".
İllik məruzədə daha sonra vurğulanır ki, ölkə həyatının bütün sahələrində ardıcıl olaraq həyata keçirilən və sosial rifahın getdikcə yüksəlməsinə istiqamətlənmiş əlverişli hüquqi və sosial-iqtisadi siyasət insan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsində və etibarlı müdafiəsində, ümumilikdə davamlı inkişafında mühüm əhəmiyyət kəsb edir: "Ölkəmizdə sürətli iqtisadi inkişaf proseslərinin həyata keçirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması, sosial infrastruktur layihələrinin uğurla icra olunması, dövlət orqanlarında işlərin operativ həlli, bu sahədə bürokratik əngəllərin aradan qaldırılması, ASAN xidmətin tətbiqi, korrupsiyaya qarşı mübarizə istiqamətində ardıcıl işlər görülüb".
Eləcə də məruzədə vurğulanır, bu müddət ərzində ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri tikilib və ya əsaslı təmir edilib, müalicə-diaqnostika və bərpa mərkəzləri, xəstəxana və ambulatoriya-poliklinika müəssisələri, olimpiya idman kompleksləri, hava limanları, avtovağzal kompleksləri, metro stansiyaları tikilib istifadəyə verilib, yeni körpülər və avtomobil yolları salınıb, elektrik stansiyaları inşa edilib, istirahət-mehmanxana kompleksləri, dövlət təbiət qoruqları və milli parklar yaradılıb, dövlət tərəfindən ayrılan güzəştli kreditlər nəticəsində sahibkarlıq mühiti möhkəmlənib, yeni istehsal və xidmət müəssisələri təşkil edilib".
Qeyd olunur ki, Ombudsman fəaliyyəti ərzində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalarla, habelə beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq şəraitində fəaliyyət göstərib: "Öz fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında quran Müvəkkil dövlət qurumları və vətəndaş cəmiyyəti təsisatları, habelə beynəlxalq qurumlarla səmərəli əməkdaşlıqda bu prosesə öz töhfəsini verib. Müvəkkilin insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi naminə dövlət qurumları və vətəndaş cəmiyyəti təsisatları ilə mövcud olan əməkdaşlığı daha da inkişaf etdirilib ki, bu da ölkənin tərəqqisinə və cəmiyyətin rifahına xidmət edib. Ölkəmizin konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, habelə insan hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində fəaliyyət göstərən Müvəkkil insan hüquqlarının məhkəmədənkənar müdafiəsi məqsədi ilə davamlı tədbirlər həyata keçirib. İnsan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmadan və onları əvəz etmədən, mövcud hüquq-müdafiə vasitələrini tamamlayan, səlahiyyət dairəsi və funksiyaları Konstitusiya Qanunu ilə müəyyən edilən Müvəkkil öz fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında qurub. Müvəkkil insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçiliyə, bürokratik əngəllərə, məmur özbaşınalığına, vətəndaşların müraciətlərinə və problemlərinə laqeyd münasibətə, həmçinin insan hüquqları sırasında xüsusi yeri olan, digər hüquqlardan istifadədə böyük əhəmiyyət daşıyan müraciət etmək hüququnun pozulmasına qarşı kəsərli tədbirlər həyata keçirilib. 2013-cü ildə daxil olmuş müraciətlər üzrə əhatəli iş aparılıb, pozulmuş hüquqların bərpası istiqamətində müvafiq işlər görülüb. Müvəkkil və onun tapşırığı ilə aparatın əməkdaşları müntəzəm qaydada, o cümlədən ictimai dinləmələr çərçivəsində respublikanın müxtəlif yerlərində əhali ilə görüşlər, habelə cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə, hərbi hissələrə, uşaq evlərinə, internatlara, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, habelə səhiyyə, təhsil, əhalinin sosial müdafiəsi müəssisələrinə baxışlar keçirib, qəbullar təşkil edilib, izahat və məsləhət işi aparılıb, insan hüquqlarının müdafiəsi məqsədilə tədbirlər görülüb, icraata qəbul edilmiş şikayətlər araşdırılıb, bir çoxu müsbət həll olunub. İnsan hüquqlarının təmin edilməsi sahəsində aşkar edilmiş və narahatlıq doğuran bir çox hallar dövlət orqanları ilə əməkdaşlıqda öz həllini tapıb, pozulmuş hüquqlar bərpa olunub.
Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 101540, 2013-cü ildə isə 13670 müraciət daxil olub. 2013-cü ildə aparatda, o cümlədən regional mərkəzlərdə ümumilikdə 2969 şəxs, o cümlədən 525 şəxs təkrar olaraq qəbul edilib. Qeyd edilən müraciətlərin 75,8%-i şikayətlərdən, 24,2%-i isə ərizələrdən ibarət olub. Müvəkkil Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq, şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən onların 52,4%-nin baxılmasından imtina edib. Şikayətlərin 47,6%-i baxılmaq üçün icraata qəbul edilib, bunların da 65,5%-i təmin olunub.
Mülki, iqtisadi və sosial hüquqların pozulmasına dair şikayətlər – şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi, qeydiyyata alma, informasiya sorğusunun cavablandırılması, torpaq, mülkiyyət, mənzil, o cümlədən təbii fəlakətin vurduğu ziyan, pensiya və müavinətlər, ünvanlı sosial yardımlar, işə bərpa, məhkəmə qərarlarının icrası, xüsusilə alimentin və borcun ödənilməsi ilə bağlı bir çox şikayətlər öz həllini tapıb, müvafiq dövlət qurumları ilə əməkdaşlıqda pozulmuş hüquqlar bərpa edilib.
Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılıb, ərizəçilərdən daxil olmuş bütün müraciətlər cavablandırılıb. Müraciət edən vətəndaşlara həm qəbul zamanı, həm də məktub vasitəsilə çoxsaylı hüquqi məsləhətlər, habelə insan hüquq və azadlıqlarının müdafiəsi formaları, üsulları, o cümlədən bu və ya digər məsələlərlə əlaqədar müvafiq orqanlara müraciət edilməsi ilə bağlı izahatlar verilib.
Müvəkkilin təşəbbüsü, təklifi və təşkilatçılığı ilə ötən dövrdə insan hüquqlarının müdafiəsi və təşviqi üzrə bir sıra önəmli tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası, təbliği və tətbiqinin müzakirəsi ilə bağlı respublikamızın hər bir şəhər və rayonunda ictimai dinləmələr davam etdirilib.
İllik məruzədə daha sonra vurğulanır ki, Müvəkkil ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini ehtiva edən və həyata keçirilməsi müvafiq dövlət proqramları vasitəsilə gerçəkləşdiriləcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının xüsusi əhəmiyyətini qeyd edərək, respublikamızın yeni inkişaf mərhələsində əsas məqsədinin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişafın təmin olunması və əhalinin rifahının yüksək səviyyəyə çatdırılmasından ibarət olduğunu, habelə ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasına, ümumilikdə insan hüquqlarının və azadlıqlarının daha səmərəli təmin olunmasına və etibarlı müdafiəsinə xidmət edəcəyini bildirib.
Müvəkkil və təsisatın əməkdaşları müxtəlif beynəlxalq tədbirlərdə ölkəmiz üçün prioritet olan bir sıra aktual problemlərə dair məruzələrlə çıxışlar edib, insan hüquqlarının ayrı-ayrı sahələrinə dair geniş fikir və təcrübə mübadilələri aparıblar".

Uğur