Məsuliyyətli azadlıq: valideyn və müəllimlər harada səhv edir?
14 Oktyabr 23:50

Müasir dövrdə qlobal informasiya mühiti, ideoloji təsirlər və rəqəmsal çağırışlar fonunda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi hər bir dövlətin təhlükəsizliyi və gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlər yalnız nəzəri çərçivələrlə məhdudlaşmamalı, ailə, təhsil müəssisələri və cəmiyyətin birgə fəaliyyətinə əsaslanan sistemli və kompleks bir mexanizm kimi formalaşdırılmalıdır.
Mövzu barədə “Xalq Cəbhəsi”nə danışan millət vəkili Ceyhun Məmmədov müasir dövrdə informasiya və düşüncə müharibəsinin getdiyini, bu şəraitdə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurları qəbul edə bilməyən qüvvələr sosial media və ictimai rəy vasitəsilə ölkəni hədəfə almağa çalışırlar: “Bu baxımdan gənc nəslin düzgün istiqamətləndirilməsi mühüm məsuliyyət tələb edir. Gənclərin milli ruhda və vətənpərvərlik prinsipləri əsasında yetişdirilməsi üçün məktəblərdə, televiziya məkanında və ictimai mühitdə ardıcıl iş aparılmalıdır. Bu gün dünyamızda gedən beyinlərin, düşüncələrin müharibəsidir. Hər meydanda bizi yenə bilməyənlər sosial media və ictimai rəy vasitəsilə bizi hədəfə salmağa çalışırlar. Ona görə də üzərimizdə çox ciddi məsuliyyət var. Gənclər vətənpərvərlik ruhunda yetişdirilməli, məktəblərdə və televiziyalarda geniş iş aparılmalı, filmlər çəkilməli, jurnallar hazırlanmalıdır. Ardıcıl və sistemli addımlar atılmalı, qan yaddaşımız hər zaman təzə saxlanılmalıdır”.
C. Məmmədov hesab edir ki, gənclərin milli şüurunun formalaşdırılması birdəfəlik tədbirlərlə məhdudlaşmamalı, bu istiqamətdə davamlı fəaliyyət həyata keçirilməlidir: “Gənclərə milli tarix, dövlətçilik və vətənpərvərlik dəyərləri mütəmadi şəkildə aşılanmalıdır. Həmçinin sosial medianın və süni intellektin yaratdığı çağırışlara diqqət çəkib. Müasir dövrdə informasiya mühitində baş verən proseslərə qarşı ardıcıl və sistemli tədbirlərin görülməsi vacibdir. Sosial medianın və süni intellektin tənzimlənməsi məsələləri də diqqətdə saxlanılmalı, gənclərin düzgün informasiya mühitində formalaşması və milli dəyərlərə bağlılığının gücləndirilməsi üçün kompleks yanaşma tətbiq edilməlidir”.
Milli yaddaş
Milli Məclisin deputatı Elnarə Akimova bu barədə açıqlamasında söyləyib ki, Milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi dövlətin, ailənin, təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.
O qeyd edib ki, milli mənlik şüuru formalaşmış, tarixini bilən, ana dilinə və mədəniyyətinə sahib çıxan, dövlətinin gələcəyi qarşısında məsuliyyətini dərk edən gənclik Azərbaycanın gələcəyinin ən etibarlı təminatıdır: “Gənclərin milli ruhda tərbiyəsi yalnız ailənin və ya təhsil müəssisələrinin deyil, dövlətin, cəmiyyətin, ziyalıların və medianın birgə məsuliyyətidir. Azərbaycanda ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Gənclərin intellektual, mənəvi və fiziki inkişafı, ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirakı dövlət siyasətinin mühüm istiqamətlərindəndir”.
Deputat vurğulayıb ki, milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda müasir dünyanın inkişaf meyillərinə uyğun düşünən gəncliyin formalaşdırılması əsas məqsədlərdən biridir. Bu baxımdan, milli kimliklə müasirlik bir-birini tamamlamalıdır: “Milli-mənəvi tərbiyə təhsil sisteminin də əsas vəzifələrindəndir. Məktəblərdə Azərbaycan tarixinin, dövlətçilik ənənələrinin, ana dilinin və mədəni irsin öyrədilməsi ilə yanaşı, şagirdlərdə müstəqil düşüncə, vətəndaş məsuliyyəti və dövlət rəmzlərinə hörmət hissi formalaşdırılmalıdır. Vətənpərvərlik tərbiyəsi tariximizin mühüm hadisələrinin mahiyyətinin gənc nəslə düzgün çatdırılmasını da tələb edir. 20 Yanvar faciəsi, Birinci Qarabağ müharibəsi, şəhidlərimizin qəhrəmanlığı, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası milli yaddaşımızın ayrılmaz hissəsidir”.
Onun sözlərinə görə, bu hadisələr gənclərə müstəqilliyin və suverenliyin hansı qurbanlar bahasına qorunduğunu anlatmalı, onlarda milli birlik və güclü dövlətin əhəmiyyəti barədə aydın təsəvvür yaratmalıdır: “Məktəblilərin şəhid ailələri və müharibə iştirakçıları ilə görüşləri, tarixi məkanlara səfərləri və hərbi-idman yarışları da vətənpərvərlik hisslərinin gücləndirilməsində mühüm rol oynayır”.
Deputat milli kimliyin təməlində ailənin dayandığını da vurğulayıb.
O bildirib ki, uşaqlar ana dilinə, milli adət-ənənələrə, böyüklərə hörmətə və mənəvi dəyərlərə münasibəti ilk növbədə ailədə öyrənirlər: “Bu səbəbdən ailə ilə məktəb arasında əməkdaşlıq gücləndirilməli, uşaqların dünyagörüşünə və rəqəmsal mühitdə qarşılaşdıqları məlumatlara diqqət yetirilməlidir”.
E.Akimova ana dilinin milli kimliyin əsas sütunlarından biri olduğunu qeyd edərək, məktəblərdə mütaliə mədəniyyətinin inkişaf etdirilməsinin, Azərbaycan ədəbiyyatının təbliğinin və milli mədəni irsə marağın artırılmasının vacibliyini diqqətə çatdırıb.
Onun fikrincə, müasir texnologiyalardan istifadə etməklə milli dəyərlərin təbliği gənclərin bu irsə marağını daha da artıra bilər:
“İctimai diqqət yalnız şöhrət və maddi uğur qazanan şəxslərə deyil, elmə, təhsilə, mədəniyyətə və ictimai rifaha töhfə verən insanlara da yönəldilməlidir.Vətənpərvərlik təkcə tarixi qəhrəmanlara ehtiram deyil, bu gün ölkənin inkişafına töhfə verməkdir. Gənclərin elm, təhsil, mədəniyyət və sosial sahələrdə təşəbbüslərinin dəstəklənməsi, yaradıcı ideyalarının təşviqi və ictimai fəallığının artırılması milli-mənəvi dəyərlərin təbliği üçün yeni imkanlar yaradır”.
Deputat, həmçinin milli dəyərlərə bağlılığın dünyadan təcrid olunmaq demək olmadığını bildirib: “Azərbaycan gənci müasir elmi və texnologiyaları mənimsəməli, xarici dilləri öyrənməli, beynəlxalq rəqabətə hazır olmalı, eyni zamanda milli kimliyini qorumalıdır. Milli mənlik şüuru ilə vətənpərvərlik bir-birini tamamlayan anlayışlardır. Dövlətin siyasəti, təhsil müəssisələrinin fəaliyyəti, ailənin nümunəsi və cəmiyyətin dəstəyi tarixini bilən, milli-mənəvi dəyərlərinə sahib çıxan və ölkəsinin gələcəyi qarşısında məsuliyyətini dərk edən nəslin yetişdirilməsinə xidmət etməlidir”.
Vətənpərvərlik, əməli fəaliyyət
Təhsil eksperti Əmrah Həsənli açıqlamasında bildirib ki, gənc nəslin milli mənlik şüurunun formalaşması, milli-mənəvi dəyərlərə sadiqliyi və vətənpərvərlik ruhunda tərbiyəsi müasir müstəqil Azərbaycanın strateji prioritetlərindən biridir.
Onun sözlərinə görə, vətənpərvərlik tərbiyəsi məhdud və ya şüarçılıqdan ibarət deyil, sistemli, elmi və milli ideologiyaya söykənən vahid mexanizmdir: bu prosesdə təhsil müəssisələri əsas institusional platforma kimi çıxış edir. Məktəblərdə və ali təhsil ocaqlarında təkcə nəzəri biliklərin verilməsi ilə kifayətlənməməli, tariximizin, zəngin mədəniyyətimizin, ana dilimizin tədrisi gənclərdə milli qürur və milli şüuru formalaşdıracaq interaktiv üsullarla həyata keçirilməlidir. Xüsusilə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfər, tariximiz, Vətən müharibəsi qəhrəmanlığı, dövlətçilik ənənələrimiz tədris proqramlarının ana xəttini təşkil etməlidir. Gənclərimiz bu tarixi zəfərin fəal daşıyıcısına çevrilməlidirlər”.
Ə.Həsənli vurğulayıb ki, gənclərin milli kimlik şüurunun formalaşmasında ailə institutunun da müstəsna əhəmiyyəti var: “Uşaqların ana dilinə və milli dəyərlərə hörməti ilk növbədə ailə mühitində formalaşır. Valideynlərin şəxsi nümunəsi, övladlarını radikal, kənar, zərərli ideologiyalardan qoruyaraq sağlam milli ruhda böyütməsi müstəsna əhəmiyyət kəsb edir”.
Ekspert müasir dövrdə cəmiyyətin və medianın üzərinə düşən məsuliyyətə də diqqət çəkib.
O bildirib ki, rəqəmsal dövrdə xarici ideoloji təsirlərin və manipulyasiyaların artdığı şəraitdə gənclərin milli-mənəvi dəyərlər sistemini gücləndirən rəqəmsal məzmunların, maarifləndirici layihələrin və milli brendlərin dəstəklənməsi vacibdir: “Vətənpərvərliyin sözdən əmələ keçməsinin ən effektiv mexanizmlərindən biri gənclərin ölkənin inkişafında, elm, idman, sosial və könüllü fəaliyyətlərdə fəal iştirakının təmin edilməsidir. Çünki öz savadı, peşəkarlığı və əməyi ilə dövlətinə, xalqına xidmət edən, hüququn aliliyinə, dövlət nizamına ehtiram göstərən hər bir gənc vətənpərvərliyi tam olaraq əməli müstəvidə nümayiş etdirmiş olur”.
O əlavə edib ki, təhsil müəssisələrinin, ailənin və cəmiyyətin əlaqələndirilmiş fəaliyyəti nəticəsində həm müasir dünyanın tələblərinə cavab verən savadlı, həm də öz kökünə, dilinə, bayrağına və dövlətçiliyinə sona qədər sadiq olan güclü gənc nəsil formalaşdırmaq mümkündür.
Günel Elxan