Vətəndaş cəmiyyəti institutları və əməkdaşlıq istiqamətləri Layihə

Vətəndaş cəmiyyəti institutları və əməkdaşlıq istiqamətləri

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyəti institutları müəyyən inkişaf yolu keçib. Vətəndaş Cəmiyyəti institutlarının fəaliyyəti bir çox sahədə problemlərin həllinə yardımçı olur. Buna görə də Vətəndaş Cəmiyyəti institutlarının dövlət, media və digər quurmlarla sıx əməkdaşlıq etməsi vacib şərtdir. Hələ 170 il öncə məşhur fransız sosioloqu Aleksis de Tokvil "Amerikada demokratiya" kitabında yazırdı: "Amerikalılar yaş fərqindən və vəziyyətlərindən asılı olmayaraq bayramlar təşkil etmək, məktəblər yaratmaq, mehmanxanalar, yeməkxanalar və kilsələr tikmək, kitab yaymaq, missionerləri dünyanın başqa ölkələrinə göndərmək üçün müxtəlif ittifaqlarda birləşirlər".
İnsanlar öz güclərini təkcə praktik məqsədlər - ərzaq məhsulları istehsal etmək, mal mübadiləsi aparmaq, yeni texnologiyalar yaratmaq üçün birləşdirmir. Hətta dostluq və ünsiyyət qurmaq üçün də birləşmək tələbatı duyulur. Bizim başqaları ilə birləşməyimiz nəticəsində əmələ gələn təşkilatı vətəndaş cəmiyyəti adlandırırlar. Bu cür birləşmələr zaman-zaman ailə, məktəb, klub, kommersiya təşkilatları formasında mümkün olub. Əsas məqsəd ictimai fayda əldə etməyə yönəlib.
Vətəndaş cəmiyyətinə insanların spontan birləşməsinin məhsulu kimi baxmaq olar. Geniş anlamda isə vətəndaş cəmiyyətini insanların təbii və müqavilə əsasında birləşmələri nəticəsində yaranan birliklərin məcmusu kimi xarakterizə etmək olar. Dövlətin əhatə etdiyi bütün sahələrdə əsas həlledici rolu sahibkarlar və qeyri-hökumət təşkilatlarında (QHT) fəaliyyət göstərən vətəndaşlar oynayır.
Beləliklə, vətəndaş cəmiyyətinin formalaşması və inkişafı üçün ilk növbədə fərdlərin birliyi gərəkdir. Bu birliyin ən rasional forması QHT-lərdir. QHT-lər qarşılarına ümumi firavanlıq naminə çalışmaq məqsədini qoyan ayrı-ayrı şəxslərin birliyidir. Müstəqillik əldə etmiş ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması və inkişafında QHT-lərin xüsusi çəkisi vardır.
Bütün cəmiyyətlərdə insanların sərbəst birləşməsi nəticəsində müxtəlif şəbəkələr yaranır. İnsanlar bu şəbəkələrdə könüllü öhdəliklər götürür və müqavilələr bağlayır. Sərbəst birləşmələr sosial gərginliyin zəifləməsinə yardımçı olur, cəmiyyət üzvlərinin bir-biri ilə əlaqə yaratmaq imkanlarını genişləndirir.
Azərbaycan prezidenti tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (DDŞ) yaradılması QHT-lərin əməkdaşlığı üçün yeni üfüqlər açdı. Bundan öncə işlənmiş konsepsiyada QHT-lərə dövlət dəstəyinin prioritet sahələri müəyyənləşmişdi. Konsepsiyanın yaradılmasından əvvəl həmin prioritet istiqamətlər üzrə QHT-lərin əməkdaşlığı mövcud idi. Lakin bu əməkdaşlıq koordinasiya olunmurdu.
Konsepsiyada konkret olaraq elm, təhsil və incəsənət sahələrinin eyni istiqamətdə cəmlənməsi bu sahələrin QHT-ləri arasında əməkdaşlığa zəmin yaratdı. Eyni zamanda cəsarətlə söyləmək olar ki, vətəndaş cəmiyyəti quruculuğu və inkişafında adını çəkdiyim istiqamət üzrə fəaliyyət məsələn, "regionların sosial-iqtisadi inkişafının təmin edilməsi" istiqamətindəki fəaliyyətlə fərqli mahiyyət daşımır. Vətəndaş cəmiyyətinin inkişafında istiqamətlər üzrə formalaşmış QHT-lərin birinin rolunun kiçildilib digərinin şişirdilməsi düzgün yanaşma sayıla bilməz. Bəzən xarici donor təşkilatlarının fəaliyyəti kəskin tənqid olunur. Diqqətlə araşdırdıqda məlum olur ki, həmin təşkilatların maliyyələşdirdiyi layihələrin mövzuları konsepsiyada göstərilən prioritet istiqamətlərə əsasən uyğun gəlir. Yerli və xarici donor təşkilatlarının maliyyələşdirdiyi layihələr hesabına formalaşan vətəndaş cəmiyyətləri arasında demarkasiya xətti çəkmək doğru deyil və bu, ümumi məqsədlərə xidmət göstərmir. Bu qurumlar arasında əməkdaşlıq çox vacibdir.
İnsanların ümumi firavanlıq naminə başqaları ilə əməkdaşlıq etməsində qarşılıqlı inam bir faktor kimi önəmli rol oynayır. Azad cəmiyyətlərdə başqalarının hüquqlarını pozmamaq üçün götürülən öhdəliklərlə yanaşı insanların üzərilərinə götürdükləri könüllü öhdəliklər də olur. Bu, onların cavabdehlik hisslərini artırır. Vətəndaş cəmiyyəti inkişaf etdikcə insanların bir-birinə qarşılıqlı inamı artır. Qarşıya qoyulan vəzifələr artıq həyat əhəmiyyətli faktora çevrilir. Problemlərin aradan qaldırılması hamı üçün əhəmiyyət kəsb edir. Əvvəllər insanlar yalnız öz ailə üzvlərinə və yaxınlarına inanırdılarsa, indi könüllü müqavilə əsasında yaranmış ictimai birliklər insanların bir-birinə inamının artmasında mühüm rol oynayır. QHT-lər istər yerli, istər də xarici donor təşkilatlarına layihə təqdim edərkən özlərinin formalaşdırdığı problemin həllində cavabdehlik daşıyırlar. Burada layihə təqdim edənlə onu maliyyələşdirən qurum arasında qarşılıqlı inam olmalıdır. Əks təqdirdə layihələrin qiymətləndirilməsi və davamlılığını həyata keçirmək qeyri-mümkün olar. Əsas missiya vətəndaş cəmiyyətinin inkişafına, demokratik dəyərlərə, sahə dəyərlərinə sadiqlik nümayiş etdirməkdir.
Vətəndaş cəmiyyətinin əsas aspektlərindən biri xeyriyyə təşkilatlarıdır. İnsanlar başqalarına kömək etmək üçün öz təbii istəklərini sınaqdan keçirirlər. Xeyriyyə təşkilatları ilk olaraq qədim Yunanıstanda yaranıb. XIX əsrin sonlarından başlayaraq geniş məqsəd və sərbəst fəaliyyətləri olan xeyriyyə fond və təşkilatları yarandı. Nüfuzlu Britanika Ensiklopediyasında xeyriyyə təşkilatlarının iki forması göstərilir: yerli donorlardan kömək alan xeyriyyə təşkilatları və xarici korporasiya və ayrı-ayrı şəxslər tərəfindən himayə edilən xeyriyyə təşkilatları. İnsanlara xeyirxahlıq məqsədilə kömək göstərmək vətəndaş cəmiyyətinin inkişafının əsas atributu olmalıdır.
Konsepsiyada qaçqın, məcburi köçkün, əlil və veteranların problemlərinin həllinin ayrıca istiqamət kimi götürülməsi bu məqsədlərə xidmət edir. Artıq kiməsə köməklik göstərmək onunla birləşmək, onun pessimizmini azaltmaq, onu vətəndaş cəmiyyətinin problemlərinin həllinə cəlb etmək deməkdir.
İstənilən ölkədə vətəndaş cəmiyyətinin inkişafında dövlətin rolunu istisna etmək qeyri-mümkündür. Dövlət vətəndaşların firavan yaşaması üçün inkişaf proqramları həyata keçirir. Bu proqramların lazımi səviyyədə reallaşdırılmasında onun gücü yetərincə deyil. QHT-lərin normal fəaliyyətinə yardımçı olmaq inkişaf etmiş dövlətlərin əsas prioriteti sayılır. Dövlətin qanunları, qərarları, proqram və qrantlarında qarşıya qoyulan vəzifələr vətəndaş cəmiyyətinin inkişafına təşəbbüsləri artırır. Bu məqsədlə dövlətin vətəndaş cəmiyyəti quruculuğuna cavabdehlik daşıyan QHT-lərin fəaliyyəti üçün müəyyən məkanın yaradılması zəruri idi. Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu və vəzifələrini iki mərhələyə bölmək olar: QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasına qədərki və bu qurum yarandıqdan sonrakı dövr. Əlbəttə, DDŞ yaradılmamış QHT-lər özləri fəaliyyət üçün məkan axtarırdı. Lakin bu, xeyli dərəcədə problemli məsələ idi. Bu şuranın təsis edilməsini QHT-lərin fəaliyyəti üçün yeni məkanın yaranması kimi qiymətləndirmək olar. Dövlətin atdığı bu addım vətəndaş cəmiyyəti sektorunda xeyli canlanma yaratdı. Görülən müsbət işlərlə yanaşı buraxılan bir sıra nöqsanların deyilməsi və həll yollarının axtarılması, vətəndaş cəmiyyətinə xas olan fikir plüralizminin inkişafına imkanlar açır. Şəffaflıq və demokratik təsisatların bərqərar olması hər bir QHT-nin daxili prosedur qaydası olmalıdır. Özündə bu dəyərləri ehtiva etməyən qurumlar bunları cəmiyyətə transformasiya edə bilməzlər.
Qərb sosioloji nəzəriyyələrində vətəndaş cəmiyyətinin təşəkkülü və inkişafına aid çoxsaylı empirik tədqiqatlar dəsti toplanıb. Bunlarsız cəmiyyəti "yaxşı", yaxud "pis" adlandırmaq mümkün deyil. "Yaxşı cəmiyyət" anlayışı inkişaf etmiş vətəndaş cəmiyyətinin sinonimidir. Yaxşı cəmiyyət reallıq deyil, insanların fəaliyyətlərinin empirik ümumiləşmə səviyyəsində analizidir.
İstər DDŞ-nin, istərsə də xarici donor təşkilatlarının maliyyələşdirdiyi layihələr çərçivəsində sorğular keçirilir, dəyirmi masalar təşkil olunur, filmlər çəkilir, tədqiqatlar aparılır və s. Bu fəaliyyətlər də empirik tədqiqatlar dəstini yaradır. Cəmiyyətin bioqrafiyası yazılır. Bütün bu tədbirlərdə hədəf qrupları kimi cəmiyyətin üzvləri - müəllimlər, həkimlər, tələbələr, qaçqın və məcburi köçkünlər və s. seçilir.
Müasir vətəndaş cəmiyyətinin "modul insana" tələbatı böyükdür. Bu tip insanlar vətəndaş cəmiyyətinin tam üzvü olmaq üçün konkret və geniş məqsədlər daşıyan birliklərə daxil olur. O, başqa insanlarla çevik, spesifik və faydalı əlaqələr qurur. Müxtəlif fərdlərin çoxşaxəli əlaqələrindən icmalar yaranır. QHT-lər də belədir. Bütün cəmiyyətlər həmişə proqressiv ideyaları olan şəxsiyyətlərlə zəngin olub. Bu ideyaların gerçəkləşməsi üçün təşkilat və maddi vəsait olmalıdır. Deyilən təminatlar olarsa, onlar yüzlərlə insanın həyatını dəyişə bilər. Artıq cəmiyyətimizdə yüzlərlə "modul insan"la ünsiyyətimiz yaranıb. Bu tip insanların sayının artması vətəndaş cəmiyyətinin inkişafının əsas göstəricilərindən biridir.

Əli