“Vətəndaş cəmiyyəti ilə media qurumlarının çox sıx əməkdaşlığı mümkündür” Layihə

“Vətəndaş cəmiyyəti ilə media qurumlarının çox sıx əməkdaşlığı mümkündür”

"Bu əməkdaşlıq bütün hallarda Azərbaycan dövlətinin və cəmiyyətinin mənafeləri naminə güclənə bilir"

Ölkəmizdə demokratik, azad mətbuatın, söz və fikir, məlumat azadlığının təmin olunması istiqamətində mühüm işlər görülür. Müstəqil mətbuat orqanları cəmiyyətdə azərbaycançılığın, milli-mənəvi dəyərlərin, dövlətçilik ideyalarının təbliğində, Azərbaycan vətəndaşlarında vətənpərvərlik, tolerantlıq hisslərinin formalaşmasında həlledici rol oynayır, demokratik-milli dəyərlərin və plüralizmin təşəkkülünə təsir göstərir. İqtidar Azərbaycanda hüquqi dövlətin, vətəndaş cəmiyyətinin formalaşmasını, milli birliyin, dövlətçilik şüurunun və psixologiyasının möhkəmlənməsini siyasi mətbuat vasitəsilə təmin edir.
Azad mətbuat orqanları vasitəsilə obyektivliyə və reallığa əsaslanan həqiqətlər, dövlətin sosial-siyasi, iqtisadi, mənəvi-mədəni siyasəti, plüralist siyasi informasiya cəmiyyətə və xalqa çatdırılır. Azərbaycan KİV-də dövlətçilik və milli tariximizin, din, dil, mədəniyyət məsələləri, bu gün xaricdə və ölkəmizdə baş verən proseslər, xarici və daxili siyasətimizin əsas istiqamətləri, Qarabağ münaqişəsilə bağlı informasiyalar obyektiv təhlil edilir və xalqın mənəvi sərvətlinə çevrilir.
Demokratiyanın ayrılmaz hissəsi olan vətəndaş cəmiyyəti ideyası tarix boyu bəşəriyyətin şahidi olduğu diktatura və totalitarizm kabusunun nəticəsi və insanların azad, sərbəst yaşamaq arzusu ilə meydana gəlib. Bu gün də vətəndaş cəmiyyəti vətəndaşların cəmiyyətdə öz şəxsiyyətini sərbəst ifadə etmək, cəmiyyəti təhdid edən problemlərin həllində əl-ələ verib, birlikdə fəaliyyət göstərmək, vətəndaş təşəbbüslərini rəhbər tutmaq amalı ilə yaradılır. Sözsüz ki, dünyada mövcud olan hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir.
Bunlarsız hansısa ciddi uğura imza atmaq, dayanıqlı inkişafa nail olmaq və bundan çıxış edərək cəmiyyətə fayda vermək mümkünsüzdür. Bu dəyərlər sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin və dövlətin inkişafı iddiasında olmaq, demək olar ki, qeyri-mümkündür. Mədəni, milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması, onun inkişaf etdirilməsi və bütün bunların gələcək nəsillərə çatdırılması vətəndaş cəmiyyətinin aparıcı institutlarından olan QHT-lərin vəzifələrindən biri olmalıdır. Bu gün bu istiqamətdə fəaliyyət göstərən hər bir QHT-nin üzərinə Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəlik düşür. Xüsusən azərbaycançılıq ideologiyasının zamanın tələblərinə cavab verəcək səviyyədə QHT-lərin timsalında təbliğ olunması vacib məsələlərdən biridir. Qeyd edək ki, vətəndaş cəmiyyətinin inkişafı eyni zamanda ölkədə demokratiyanın əsas göstəricilərindən biri hesab olunur. Bu sahənin formalaşması və inkişafında qanunvericiliklə yanaşı, mühüm və təsirli amillərdən biri də mediadır. Dördüncü hakimiyyət qolu hesab olunan medianın cəmiyyəti informasiya ilə təmin etməklə yanaşı, ölkənin demokratikləşməsində də mühüm rolu var. Bu baxımdan hüquqi dövlətdə bir sıra ortaq tərəflərilə çıxış edən vətəndaş cəmiyyəti qurumları və medianın sıx əməkdaşlığı var. Əhəmiyyətini nəzərə alaraq vətəndaş cəmiyyətinin inkişafında medianın roluyla bağlı araşdırma aparmağı qərara aldıq. Vətəndaş cəmiyyəti qurumları ilə KİV-in hansı əlaqələri və əməkdaşlığı var?
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, uzun illər Azərbaycanda QHT sektoru ilə media sektoru arasındakı münasibətlər ciddi narahatlıq və suallar doğurub. Amma Azərbaycanda keçirilən "Bakı 2015" ilk Avropa Oyunları ərəfəsində media və QHT rəhbərlərinin birgə iştirakı ilə yaradılan "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətləri Koalisiyası bütün suallara və narahatlıqlara son qoydu. Biz bütün cəmiyyətə bir mesaj olaraq çatdırdıq ki, vətəndaş cəmiyyəti ilə media qurumlarının çox sıx əməkdaşlığı mümkündür və bu əməkdaşlıq bütün hallarda Azərbaycan dövlətinin və cəmiyyətinin mənafeləri naminə güclənə bilir. Biz bu əməkdaşlıq çərçivəsində oyunlar zamanı bu yarışmaya kölgə salmağa, Azərbaycanın imicinə xələl gətirməyə çalışan qüvvələrə qarşı birgə mübarizə apararaq oyunların layiq olduğu səviyyədə təbliğatına nail olduq. Azərbaycanda QHT-KİV münasibətlərinin dəfələrlə müzakirə edildiyini vurğulayan baş redaktor deyib ki, vətəndaş cəmiyyəti və media sektorunun ümumi tərəfləri çoxdur: "Hər iki sahənin nümayəndələri cəmiyyətin rəsmi dövlət orqanlarının nəzərindən yayınan və ya onların imkanları xaricində olan problemləri aktuallaşdırmaqla dövlətin və ya cəmiyyətin potensial gücü hesabına həmin problemlərin həllinə nail olmaqdır. İctimai missiyanın mahiyyəti baxımından QHT və KİV-lər arasında bir doğmalıq da var demək olar".
A.Quliyevin sözlərinə görə, media və qeyri-hökumət təşkilatlarının hər ikisi cəmiyyətin özünün təşəbbüsü ilə öz fəaliyyətini tənzimləmək nümunəsidir. Hər iki sektor özünü təşkiletmə qaydasında formalaşmış qurumlardır. Bu da onların hər ikisinin dövlət tərəfindən idarə olunmaması şərti ilə müstəqil fəaliyyətlərinin əlaqələndirilməsi üçün xeyli imkanlar yaradır.
Bütün bu oxşarlıq və doğmalığa rəğmən Azərbaycanda fəaliyyət göstərən QHT-lərlə KİV-lərin birgə iş fəaliyyətinə tam şəkildə nail olunmadığını təəssüflə vurğulayan baş redaktor deyib ki, "biz bunun yalnız Avropa oyunları zamanı formalaşdırdığımız koalisiya ilə bir fraqmentdə böyük potensialı nümayiş etdirə bildik. Amma hesab edirəm ki, QHT-lərlə medianın birgə fəaliyyətini bütün istiqamətlərdə genişləndirməyə ehtiyac var. Əslində şərait də var. Xüsusilə də, QHT-lərin həyata keçirdiyi layihələrin mediada işıqlandırılması məsələsində tərəflərin ciddi müzakirəsinə ehtiyac var. Bunu sadəcə medianın öhdəsinə buraxmaq olmaz ki, jurnalistlər özləri təbliğat kampaniyasını quracaqlar. Faktiki olaraq, hər iki sahəyə dövlətin dəstəyi eyni səviyyədədir. Məhz bu amil də onların biri-birinə yaxınlaşmasının və əməkdaşlıqlarının genişləndirilməsinə şərait yaradan faktorlardandır".
Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılı isə hesab edir ki, dövlət müstəqilliyimizin ilk illərində formalaşmağa başlayan müasir vətəndaş cəmiyyəti ziddiyyətlərlə dolu ictimai, sosial, mənəvi və digər prosesləri demək olar ki, arxada qoyub. "Bütövlükdə vətəndaş cəmiyyətinin əsas strukturlarını təşkil edən KİV-lərin və QHT-lərin yaranması, formalaşması sahəsində görülən işlər, meydana çıxan problemlərin aradan qaldırılması cəmiyyətin və dövlətin inkişafına xidmət edir. QHT-KİV münasibətlərinə nəzər salanda ilk öncə onu qeyd etmək lazımdır ki, burada qazanan və itirən hər iki tərəfdir. Əlaqələrin genişlənməsində və inkişafında həm QHT-lər, həm də KİV maraqlı olmalıdır". Vətəndaş cəmiyyətinin inkişaf etdiyi ölkələrin təcrübəsinə toxunan E.Hacılı deyib ki, KİV ilə QHT əlaqələrinin yüksək səviyyədə olduğu dövlətlərdə demokratik dəyərlərə də ciddi riayət olunur. "Bizim cəmiyyətdə isə bu sahədə bəzi çatışmazlıqlar hələ də özünü göstərməkdədir. Bunlardan birincisi, QHT jurnalistikasının istənilən səviyyədə olmamasıdır. Bu gün QHT jurnalistikasından çox danışılsa da, bu anlayış vətəndaş cəmiyyəti üçün o qədər də aydın deyil. Bu səbəbdən ictimai təşkilatlar tərəfindən həyata keçirilən tədbirlər mətbuatda yetərincə işıqlandırılmır. Xarici mediada artıq illərdi mövcud olan QHT jurnalistikasının Azərbaycanda da yaranması və formalaşması əhəmiyyətli və faydalı olardı. Paralel olaraq, üçüncü sektorun təmsilçilərinin ictimaiyyətlə əlaqələri düzgün qurmaması da cəmiyyətdə informasiya kasadlığına gətirib çıxarır. Ümumiyyətlə, bu gün QHT-KİV münasibətlərini qənaətbəxş hesab etmək olmaz. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkədə üçüncü sektorun inkişafında medianın rolunun artırılması istiqamətində yetərincə konkret planlarını açıqlayıb və həmin sahədə işlər görməkdədir. Ekspertlərin araşdırmalarına görə, ölkədəki qeyri-hökumət təşkilatlarının yerinə yetirdiyi layihələrin icra prosesinin mediada işıqlandırılması, QHT-lərin ictimai sektorun digər institutları ilə əməkdaşlığı, əfsuslar olsun ki, hələ də normal səviyyədə deyil. Onların fikrincə, problemin həllində QHT fəaliyyətini işıqlandıran jurnalist şəbəkəsi mühüm rol oynaya bilər. Bu şəbəkə QHT-media əməkdaşlığının daha da inkişaf etməsinə öz töhfəsini verə biləcək və QHT-lərimiz haqqında cəmiyyətin obyektiv informasiya ala biləcəyi vasitə ola bilər. Buna isə çox ciddi ehtiyac duyulur, çünki qeyri-hökumət təşkilatlarının fəaliyyəti barədə cəmiyyətdə hələ də tam bilgi yoxdur. Bilgisizlik isə QHT-lər, xüsusilə də ölkədə demokratik dəyərlərdən tutmuş, iqtisadi yüksəlişə qədər bir çox məqsədlər uğrunda çalışan təşkilatlar barədə yanlış təsəvvürlər, iddia və gümanların yaranmasına səbəb olur. Araşdırmalar göstərir ki, KİV və QHT təmsilçiləri bu məsələdə biri-birlərini ittiham edirlər. QHT-KİV əməkdaşlığının qurulması və inkişafında hər iki tərəfin üzərinə mühüm öhdəliklər düşür. Əvvəla, QHT-KİV münasibətlərinin inkişafına mane olan məqamları və bundan çıxış yolları öyrənilib təhlil olunmalıdır. QHT nümayəndələri medianın, xüsusilə də mətbuatın QHT-lərin təqdim etdiyi məlumatlara reklam xarakterli yanaşmalarından və məlumatların yayımlanması müqabilində maliyyə ummalarından gileylənirlər. Jurnalistlər isə QHT-lərdən gələn press-relizlərin qeyri-peşəkar hazırlandığını, məlumatlarda xeyli səhvə yol verildiyini qeyd edirlər. QHT-lər müxtəlif sahələrdə araşdırmalar aparır, layihələr həyata keçirir. Təbii ki, görülən işlərdən cəmiyyətin digər üzvlərinin də xəbərdar olması üçün QHT və KİV əməkdaşlığı olmalıdır".