“QHT-lərin dövlət qeydiyyatı məsələsinin həllində əsaslı irəliləyiş müşahidə edilib” Layihə

“QHT-lərin dövlət qeydiyyatı məsələsinin həllində əsaslı irəliləyiş müşahidə edilib”

İbrahim Əliyev: "Bir sıra bürokratik əngəllər aradan qalxıb"

Əvvəli ötən sayımızda...

"2000-ci ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun qəbul edilməsinin ictimai sektorun inkişafında böyük əhəmiyyəti var idı. QHT-lərin qanunvericilik bazasında mühüm yer tutan bu qanun 1992-ci ildə qəbul edilmiş qanunla müqayisədə daha mükəmməl və mütərəqqi bir sənəd idi". Bunu tarix üzrə fəlsəfə doktoru İbrahim Əliyev öz yazısında bildirib. O, əlavə edib ki, ilk dəfə olaraq qeyri-hökumət təşkilatları kimi təqdim edilən bu təşkilatların cəmiyyətdə yeri daha dəqiq şəkildə ifadə olunub, onların hüquqi müstəvidə fəaliyyəti və məsuliyyətinin çərçivələri yeni şəraitə və ictimai-siyasi reallıqlara uyğun olaraq müəyyənləşdirilib: "Bu qanun həm də QHT-lərin yeni bir səviyyəyə yüksəlməsini və yeni şəraitdə dövlətin strateji xəttini özündə əks etdirirdi. Qanunda QHT-lərin fəaliyyətinə bir sıra məhdudiyyətlərin qoyulması bu sahədəki xeyli problemlərin dərinliyindən xəbər verirdi. Konkret olaraq, qanunun 2.4-cü maddəsində QHT-lərin seçkilərdə müşahidəçi qismində iştirakı qaydaları müəyyənləşdirilərkən xarici fiziki və hüquqi şəxslərlə yanaşı, nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan Azərbaycan Respublikasının QHT-lərinə də məhdudiyyət tətbiq edilmişdi. 2005-ci ildə həmin məhdudiyyətin ləğv edilməsi Azərbarcan QHT-lərinin mahiyyətində bu cəhətdən müsbət irəliləyişlərin göstəricisi kimi qiymətləndirilə bilər.
2004-cü ildə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunun qəbul edilməsindən sonra QHT-lərin dövlət qeydiyyatı məsələsinin həllində əsaslı irəliləyiş müşahidə edilib, bir sıra bürokratik əngəllər aradan qalxıb. Bu vaxta qədər QHT-lərin üzləşdiyi çoxsaylı problemlər və maneələrin, o cümlədən dövlət qeydiyyatı problemlərinin kökündə dayanan amillər müxtəlif xarakterli idi". Onun fikrincə, onların xeyli hissəsi isə QHT-lərin özlərinin mükəmməl olmaması, təcrübə bazalarının zəifliyi, cəmiyyətdə öz yerlərini tutmamaları, təşkilatlanma, fəaliyyət sahəsində qeyri-müəyyənliklər, daxili maliyyələşmə məsələlərində olan çətinliklər və sair ilə bağlı idi: "Yeni qanunun qəbul edilməsi həmin problemlərin qismən aradan qalxmasına və bu sahədə işlərin keyfiyyətinin yüksəlməsinə dəlalət edirdi. 2003-ci ildə Azərbaycanda QHT-lərin sayı 2000-i keçmiş, onlardan 1605-i dövlət qeydiyyatına alınmışdılar. Lakin o vaxt ölkədə real fəaliyyət göstərən QHT-lərin sayı 400-450–dən artıq deyildi. Verilən rəqəmlərdən göründüyü kimi, QHT-lərin bir hissəsinin dövlət qeydiyyatı məsələsi həll edilməmişdi. Araşdırmalar göstərir ki, hələ əvvəlki illərdə də real fəaliyyət göstərən təşkilatların böyük əksəriyyəti dövlət qeydiyyatına alınmamışdı. Fəaliyyəti bu və ya digər dərəcədə hiss olunan, lakin qeydiyyatdan keçə bilməyən təşkilatların isə problemləri daha çox fəaliyyətlərinin cəmiyyətin maraqları ilə ziddiyyət təşkil etməsi, siyasiləşmə və sair bu tipli məsələlərlə bağlı idi". İ.Vəliyev diqqətə çatdırdı ki, dövlətin ictimai sektora münasibətdə Heydər Əliyev xəttinin diqqəti cəlb edən və böyük əhəmiyyət kəsb edən cəhətlərindən biri QHT-lərin müstəqilliyinə, onların fərqli mövqeyinə diqqətlə yanaşılması və hörmət edilməsi olub: "QHT-lərə kömək edilsə də, onların işlərinə qarışmamaq, onların sərbəst fəaliyyətinə müdaxilə etməmək Heydər Əliyev siyasətinin xarakterik cəhətlərindəndir. Dövlətin QHT-lərlə iş prinsipi direktivlər, diktələr metoduna deyil, əməkdaşlıq, tövsiyələr vermək, stimullaşdırmaq metodlarına əsaslanırdı. Dövlət-QHT münasibətləri ciddi olaraq qanun çərçivəsində qurulurdu.
Vətəndaş cəmiyyətinin vacib tərkib hissələrindən biri olan QHT-lərin fəaliyyətinə müstəqil Azərbaycanın bütün tarixi kontekstindən baxdıqda bu sahədə olan dinamikanı daha qabarıq şəkildə müşahidə etmək mümkündür. Həmin dövrün başlanğıcında pərakəndə şəkildə yaranmağa başlayan QHT-lər mürəkkəb bir inkişaf yolu keçib. Dövlətin bu sahədə həyata keçirdiyi quruculuq işləri zaman keçdikcə daha güclü şəkildə hiss olunmuş və öz səmərəsini verib. Heydər Əliyevin rəhbərliyi altında aparılan dövlət quruculuğu işləri, ictimai-siyasi həyatda, iqtisadiyyatda sabitliyin təmin edilməsi, müharibədə atəşkəsin əldə edilməsi, daxildəki təxribatçı qruplaşmaların müqavimətinin qırılması QHT-lərin də keyfiyyətcə yeni bir səviyyəyə yüksəlməsinə gətirib çıxarıb. İlk baxışdan nəticəsi o qədər də tez gözə çarpmayan bu proses əslində gələcək hüquqi dövlətin və vətəndaş cəmiyyətinin konturlarını müəyyənləşdirir, onun möhkəm bünövrəsini qoyurdu.
QHT-lərin mövcud olduğu bütün dövrdə dövlətin onlara dəstəyinin məntiqi yekunu ölkə prezidentinin "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"nı imzalaması və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının" yaradılması barədə sərəncam verməsi oldu". O, bildirib ki, 2007-ci il iyulun 27-də qəbul edilmiş "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"nda ictimai sektorun yaradılması və möhkəmləndirilməsi sahəsində dövlətin yeritdiyi xəttə, bu vaxta qədər əldə edilmiş nəticələrə qiymət verilir və dövlətin mövqeyini bir daha təsdiqləməklə bundan sonrakı fəaliyyət proqramını və onun məqsədlərini açıqlayır: "Əslində, bu sənəddə QHT-lərə münasibətdə dövlətin bəyan edilən mövqeyi, bu sahədə qoyulan məqsəd və vəzifələr, rəhbər tutulan prinsiplər, prioritetlər dəyişməmiş, sadəcə olaraq, sistemləşdirilmiş və bir daha təsdiq edilib. Ulu öndər Heydər Əliyevin siyasətindən qaynaqlanan bu məqamlar 1993-cü ildən bəri dövlətin mövqeyi və praktik fəaliyyətinin əsasını təşkil etmiş, tarixin sınağından uğurla çıxaraq dövlətin qəbul etdiyi qanunlarda, normativ sənədlərində və fəaliyyət proqramlarında öz ifadəsini tapıb. Sənəddə bu vaxta qədər QHT-ləri daha çox narahat edən və onların fəaliyyətində başlıca maneə olan problemlərin qəti şəkildə qoyulması və həlli mexanizmlərinin dəqiq müəyyənləşdirilməsi, xüsusən onların daxili maliyyələşmə mənbələrinin həllinə başlanması bu sahənin güclənməsi üçün möhkəm zəmindir. Konsepsiyada dövlətin QHT-lərə dövlət dəstəyinin prinsip və formalarının, prioritet istiqamətlərinin və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi bu sahədəki boşluqları aradan qaldırmağa və problemləri həll etməyə şərait yaradır". İ.Əliyev deyib ki, Azərbaycanda müstəqillik dövründə ücüncü sektorun inkişafının indiyə olan yekunlarına nəzər salarkən onun keyfiyyətcə yeni bir mərhələyə qalxması faktını vurğulamalıyıq: "QHT-lər Konsepsiyada göstərildiyi kimi, vətəndaş cəmiyyəti quruculuğunun və ölkənin demokratikləşməsi prosesinin vacib təsisatlarından birinə çevrilmişdir. Ölkədə
konkret istiqamətlər üzrə sabit fəaliyyət göstərən QHT-lər təşəkkül tapmışdır.
Azərbaycanda QHT-lərin formalaşması prosesi indi də davam edir, onlara aid olan qanunlar və digər normativ-hüquqi sənədlər daim təkmilləşdirilir. Bu sənədlərdə QHT-lərin qanunverici bazalarının yeniləşməsi və təkmilləşməsi ilə yanaşı onların özlərinin də güclənməsini, fəaliyyətlərinin genişlənməsini müşahidə etməmək mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında vətəndaş cəmiyyətinin qurulması və inkişaf etdirilməsi sahəsində ümummilli lider Heydər Əliyev kursunun davam etdirilməsi üçüncü sektorun ölkənin tərəqqisi yolunda uğurlu fəaliyyətinə möhkəm təminat verir".
Düzdür, QHT-lər kifayət qədər fəaldır. Lakin inkişaf etmiş ölkələrlə müqayisədə ölkəmiz bu sahədə çox geri qalır. Dünya təcrübəsi göstərir ki, sosial problemlərin həllində vətəndaş cəmiyyəti institutları böyük uğurlar əldə edirlər. Bu QHT-lərin fəlsəfəsi, çevikliyi və novatorluğu ilə bağlıdır. Sosial problemlərin həllində QHT-lər yeni ideyalar, mexanizmlər irəli sürməklə təbət etibarı ilə ləng və bürokratik buxovlardan əziyyət çəkən dövlət və yerli özünüidarəetmə orqanlarını üstələyirlər. Eyni zamanda könüllülərin cəlb olunması, ictimai dəstək və inam QHT-lərə bu məsələlərdə dövlət orqanları və özəl sektorla çox ciddi rəqabət aparmağa imkan verir. Bu baxımdan Azərbaycanda sosial problemlərin həlli ilə bağlı QHT-lərin dövlət orqanları tərəfindən daha geniş əməkdaşlığa cəlb edilməsi praktikası çox böyük nailiyyətlər əldə etməyə imkan verər. Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının inkişaf perspektivlərindən biri də məhz onların sosial problemlərinin həllində dövlətin və özəl sektorun əsas tərəfdaşına çevrilməsidir. Artıq bu istiqamətdə ilkin təşəbbüslər edilməkdədir…