Azərbaycanda din və məzhəblərin fəlsəfi mahiyyəti Layihə

Azərbaycanda din və məzhəblərin fəlsəfi mahiyyəti

(əvvəli ötən sayımızda, V yazı)

A.Bakıxanov əsrinin elmi nailiyyətlərindən çıxış edərək mənəvi təkmilləşmədə elmə, elmlə əməlin (praktikanın) bağlılığına və mövcudatın rasional dərkinə xüsusi əhəmiyyət verirdi. A.Bakıxanovun fəlsəfi və etik görüşləri, əsasən "Əxlaqi kamilləşmə" və "Nəsihət kitabı" əsərlərində əksini tapmışdır. Həmin əsərlərdə fəlsəfənin, fəlsəfi və etik kateqoriyaların tərifi, onların nisbiliyi, mövcudatda səbəbiyyət, inkişaf və qanunauyğunluğun problemlərindən bəhs olunur. Bu problemlərin rasional dərkini onların kamilləşən insan tərəfindən həll edilməsi əsası kimi təsəvvür edən A.Bakıxanov, məhz bu yolla vahid ailə saydığı bəşəriyyətin xoşbəxtliyə çatmasına inanırdı. Digər tərəfdən, A.Bakıxanovun sufizm təmayüllü dünyagörüşünə görə, həqiqi xoşbəxtlik mistik kamilləşmə yolu ilə vəhdəti dərketmə və fəna yolu ilə bəqaya (İlahi əbədiyyətə) qovuşmaqdır.
İctimai görüşlərində kamil insan və təkmil cəmiyyət konsepsiyasından çıxış edən A.Bakıxanov sübut etməyə çalışırdı ki, dünya nizamının əsasını sosial bərabərsizlik təşkil edir.
XIX əsrin görkəmli mütəfəkkir, maarifçi və alimlərindən biri də, yaradıcılığı ilə Azərbaycan və rus mədəniyyətlərini təmsil edən Qazan və Peterburq Universitetlərinin professoru Mirzə Məhəmməd Əli Kazım bəy idi. Bir neçə Şərq və Avropa dillərini bilən, rus şərqşünaslığının banilərindən olan Mirzə Kazım bəy XIX əsr Asiya və Avropanın elmi dairələrində şöhrət qazanıb. Mirzə Kazım bəyin mədəniyyət fəlsəfəsinə, Şərq ictimai-siyasi və fəlsəfi cərəyanlarına, İslam tarixinə və Quranın təfsirinə, mənəviyyat və qnoseologiya problemlərinə, dilin inkişaf qanunauyğunluqlarına həsr edilmiş əsərləri elmi dəyəri, çoxşaxəliliyi və orijinallığı ilə fərqlənir.
Mirzə Kazım bəy xurafatın əleyhinə çıxmış, maarifi və elmi yüksək dəyərləndirib. O, elmin milli və bölgə zəmininin olmasının vacibliyini xüsusi qeyd edirdi: "Qərb öz siyasəti ilə Asiyada maarifi bərpa edə bilməz… ölkənin islahatçıları ölkənin özündə doğulmalıdırlar". M.Kazım bəyin "Bab və babilər" əsərində təbiətin bir-birindən fərqli, öz qanunlarına tabe üç (maddi, mənəvi və ruhani) aləmdən ibarət olmasından, təfəkkürün mənşəyinin gizli qüvvə, insan mənəviyyatının isə azad iradə ilə bağlılığından bəhs olunur. Onun "Firdövsiyə görə mifologiya" əsərində müxtəlif bölgə mifləri, onların mənşəyi və təşəkkülündə ədəbi və dini təfəkkür formaları və psixoloji amillər tədqiq edilmiş, "Şamil və müridizm", "Bab və babilər" kitablarında isə sosial zülm və xarici istibdada qarşı yönəlmiş Şamil hərəkatı və babiliyin İslam bölgəsi təriqətləri ilə bağlı fəlsəfi, sosial, dini və etik görüşlərinin elmi şərhi verilib.
XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixi M.F.Axundzadənin (Axundov) "Kəmalüddövlə məktubları", "Mollayi Ruminin və onun təsnifinin babında", "Həkimi-ingilis Yuma cavab", "Yek kəlmə haqqında" və s. əsərlərində əksini tapıb. Mirzə Fətəli Axundzadənin dünyagörüşünün mənbəyi Azərbaycan, bütövlükdə İslam Şərqi, Qərb və rus mədəniyyətləri, ilk növbədə, fəlsəfi təlimləri və elmi nailiyyətləri olub. Onun fəlsəfi irsinin ontoloji aspekti materialist və ateist, qnoseoloji aspekti isə rasionalist təmayüllü idi. M.F.Axundzadəyə görə, Kainat – əsasında hissəciklərdən (atomlardan) ibarət maddi substansiya duran, əvvəli və sonu olmayan kamil, bütöv və vahid varlıqdır. Zaman və məkan onun zəruri atributlarıdır. Maddi varlıq daim hərəkətdədir, qanunauyğunluğa söykənir və bunların mövcudluğunda İlahi qüvvənin iştirakı yoxdur. Kainat həm yaradan, həm yaradılandır. Rasionalizmə söykənən M.F.Axundzadə maddi varlığın insan hissləri, əqli və müxtəlif elmlər vasitəsilə dərkini təsdiq edirdi. Onun dünyagörüşündə dialektika mexanistik baxışlarla birgə mövcuddur.
Kainatda qarşılıqlı əlaqə, asılılıq, səbəb və nəticə, hissə ilə tamın vəhdətini görən M.F.Axundzadə hərəkəti yerdəyişmə və təkcə kəmiyyət dəyişiklikləri kimi qəbul etmiş, zaman daxilində kəmiyyət dəyişikliklərinin isə dairəvi hərəkət daxilində baş verdiyini söyləyib. Başqa sözlə, M.F.Axundzadə yüksələn xətt üzrə inkişaf ideyasını qəbul etmirdi. Onun fəlsəfi əsərlərində materializm və rasionalizmin şərhi və müdafiəsi idealizm, teologiya və aqnostisizm prinsiplərinin tənqidi ilə paralel verilir. M.F.Axundzadə bir çox Azərbaycan maarifçilərindən fərqli olaraq din və dini dünyagörüşü ilə ardıcıl mübarizə aparıb. Onun İslam dininə, bu dinlə bağlı adət və ənənələrə qarşı radikalizmlə səciyyələnən və bir sıra məqamlarda obyektivlikdən kənar kəskin çıxışlarına səbəb dinin və dini dünyagörüşünün, Azərbaycan xalqı da daxil olmaqla, İslam bölgəsi xalqlarını maarifdən və Qərb inkişafından geri qoyduğunu hesab etməsidir.
M.F.Axundzadənin ərəb əlifbasının sadələşdirilməsi, yaxud latın əlifbası ilə əvəz olunması uğrunda apardığı mübarizə də bununla bağlı idi. M.F.Axundzadə tərəfindən İslam və İslamla bağlı həyat və düşüncə tərzinin tənqidinin bir səbəbi də toxunduğu problemlərə marağı artırmaq məqsədi olub. O, azadlığın insana əzəli məxsusluğunu qəbul edir, azadfikirliliyi təbliğ edir, bəşəriyyətə azadlığı filosof və alimlərin gətirəcəyinə inanırdı. İnsanların əmlak bərabərliyindən deyil, hüquq bərabərliyindən bəhs edən M.F.Axundzadə qadınlar və kişilər arasında hüquq bərabərliyinə xüsusi diqqət verirdi. M.F.Axundzadənin fəlsəfi dünyagörüşü Şərqin mədəni həyatına böyük təsir göstərib.
XIX əsr Azərbaycan maarifçilərindən olan təbiətşünas alim və mütəfəkkir Həsən bəy Zərdabi Rusiya hakim dairələrinin təzyiq və təqiblərinə baxmayaraq xalqı maarifləndirmək, ona hüquqlarını başa salmaq məqsədilə Azərbaycanda ilk azərbaycandilli qəzet və ilk milli teatr yaratmış, ölkədə ilk Azərbaycan müəllimləri qurultayının çağırılmasının təşəbbüsçüsü olub. Bir nəzəriyyəçi kimi Zərdabi xalqın "etnik özünümühafizəsi" probleminə mühüm diqqət yetirmişdir. Onun bu konsepsiyasında xalqın maariflənməsində dil, mədəniyyət və din fenomenlərinə xüsusi diqqət verilirdi. "Maarifdən təcrid olmaq xalqın məhvi deməkdir"- söyləyən Zərdabi xalqın mənlik şüurunu oyatmağa, onu xurafatdan xilas etməyə çalışır, milli qırğına təhrik edən erməni millətçilərini mətbuatda kəskin tənqid edirdi.
Mövhumat və cəhalətin elm və maarifə zidd olduğunu göstərən Zərdabi dini idealizm mövqeyindən çıxış edən Lev Tolstoyun insanın ilahiləşdirilməsinə aparan görüşlərini də tənqid edirdi. Cəmiyyətdə sosial bərabərsizliyə insanların elmi və mənəvi kamilləşməsi ilə son qoyulacağına inanan Zərdabi maarif zəminində siniflər arasında ümumi dil tapmağa səsləyirdi. Zərdabi bütün yaradıcılığı boyu zəhmətkeş xalqın havadarı və müdafiəçisi olub.
XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikrində Şərq və dünya mədəniyyətində Cəmaləddin Əfqaninin mənəvi irsi xüsusi yer tutur. O, Azərbaycan, İran, Əfqanıstan, Hindistan, Misir, Türkiyə, Rusiya, Fransa, İngiltərə və s. ölkələrdə fəaliyyət göstərmiş, dövrünün qlobal sosialsiyasi və mədəni reallıqlarından çıxış edərək Şərqin Qərb müstəmləkəçiliyindən xilasının ideoloji və siyasi yollarını axtarmış, bununla bağlı nəzəri və praktiki proqramlar hazırlayaraq həmin proqramların həyata keçirilməsində şəxsən iştirak edib. Sonralar Azərbaycan və Şərq İslam bölgəsinin ictimai-fəlsəfi fikrində bu bölgə xalqlarının qlobal məkanda özünütəsdiq və siyasi istiqlalının islamlaşma, milliləşmə və müasirləşmə ideyalarına əsaslanan və müxtəlif formalarda təzahür edən nəzəri-fəlsəfi konsepsiyaları C.Əfqaninin mənəvi irsindən qaynaqlanıb. İdealizm mövqeyində duran C.Əfqaninin fəlsəfəsində tərəqqi, hakimiyyət, dövlət, millət, din, dil, mədəniyyət və s. sosial fenomenlərin orijinal analitik təhlili öz dövrü üçün sosial aktuallığı ilə fərqlənirdi. Onun nəzəri baxımdan XIX əsr Şərq Maarifçiliyinin liberal ideyalarına daha çox meyilli olan fəlsəfi və ictimai-siyasi görüşləri "Materializmin təkzibi", "Renana cavab", "Milli vəhdət fəlsəfəsi və birliyin mahiyyəti", "İslami reforma", "Tərəqqinin ən böyük düşməni mütləqiyyətdir" və s. əsərlərində əksini tapıb.
XIX əsrin fəlsəfi irsi XX əsrdə Azərbaycanda liberal Maarifçilik fəlsəfəsi ilə bərabər radikal inqilabi demokratizm və marksizm cərəyanlarının təşəkkülü üçün qaynaq və bünövrə oldu. XX əsrdə Azərbaycan fəlsəfi fikri keyfiyyətcə fərqli bir neçə mərhələ keçmişdir: 1920-ci ilədək, 1920–1991-ci illər və 1991-ci ildən sonrakı postsovet dövrü. XX əsrin əvvəllərində dünyada, ilk növbədə, Rusiya imperiyasında sinfi ziddiyyətlər və müstəmləkəçiliyə qarşı mübarizənin inqilablar silsiləsi ilə tamamlanması və bu dövrün mürəkkəb ictimai və fəlsəfi fikrinin Azərbaycanda fəlsəfənin inkişaf qaynaqlarını təşkil etməsi ölkənin siyasi, mənəvi-mədəni və milli intibahı üçün zəmin olmuşdur. Bu illərdə Azərbaycanda, əsasən sosial fəlsəfə və etik fikir inkişaf edirdi. Dövrün ideologiyasını formalaşdıran mütəfəkkir və siyasətçilər sosial-iqtisadi, dini və milli problemlərin qoyuluşuna görə Azərbaycan sosial-fəlsəfi fikrinin keyfiyyətcə fərqli cərəyanlarını təmsil edirlər. Bunların içində liberal milli burjua və radikal marksizm təlimlərinin qarşıdurması mövcud idi. Şərqə, Qərbə və Rusiyaya siyasi və mədəni yönümlənmədə də fərqlər özünü göstərirdi.
Azərbaycanda fəlsəfi fikir 1905–1907 illərə qədər, demək olar ki, tamamilə, sonra isə qismən Maarifçilik cərəyanı çərçivəsində inkişaf edib. Azərbaycanın milli intellektual irsindən çıxış edən rus, Şərq və Qərb mədəni dəyərlərinə və fəlsəfi təlimlərinə yiyələnmiş ziyalılar inanırdılar ki, cəmiyyətin bütün bəlaları cəhalətdən doğur. Onlar Maarifçilik ideyalarını, elmi, siyasi və hüquqi bilikləri yaymaqla cəmiyyətin sosial dəyişməsinə, xalqın xoşbəxtliyinə, demokratiya və humanizmin qərarlaşmasına nail olmağın mümkünlüyünə inanırdılar. Bəzi əsərlərdə Azərbaycan Maarifçiliyi sosial yönümündən asılı olaraq mülkədar, müsəlman-islahatçı, liberal-demokratik, radikal-demokratik və inqilabi-demokratik istiqamətlərə bölünür. Həmin cərəyanları birləşdirən amillər Rusiya çarizminə neqativ münasibət və milli ideya idi ki, öz təzahürünü millətin suverenliyi və hüquq bərabərliyi tələblərində tapırdı.

Cavid