“Ölkədə yayılmış qədim fəlsəfi-mifoloji təlimlərdən biri zərvanilik idi” Layihə

“Ölkədə yayılmış qədim fəlsəfi-mifoloji təlimlərdən biri zərvanilik idi”

Zümrüd Quluzadə: "Bu təlimin əsas prinsipləri haqqında Avesta, qədim pəhləvi mətnləri, Quran, orta əsr Şərq yazılı abidələri və çoxsaylı tədqiqatlar məlumat verir"

I yazı...

"Azərbaycan fəlsəfəsi anlayışı tarixən Azərbaycanda və ölkə xaricində yaşayan müxtəlif dil, din və mədəniyyətlərin daşıyıcıları olan azərbaycanlıların fəlsəfi irsinin təşəkkül və təkamülünü əhatə edir. Müasir elmi məlumatlara görə, Azərbaycanda fəlsəfi fikrin inkişafı dördüncü minilliyinə qədəm qoyub. Bu ölkədə qədim dövrlərdən başlayaraq yüksək sivilizasiyaların bir-birini əvəz etməsi, müxtəlif dil, din, həyat tərzlərinin çulğaşması Azərbaycan etnosunun mənəvi mədəniyyətinin məhvəri olan fəlsəfi fikir və dünyagörüşünün təşəkkül və təkamülü üçün münbit zəmin yaradıb". Bunu fəlsəfə elmləri doktoru, əməkdar elm xadimi Zümrüd Quluzadə qeyd edib.
O, bildirib ki, ölkənin fəlsəfi mədəniyyətin inkişafında onun coğrafi mövqeyi, təbii zənginliyi, tarixən yüksək şəhər mədəniyyəti, daim müxtəlif dil və din daşıyıcıları olan regionlarla əlaqələrinin mövcudluğu mühüm rol oynayıb: "Bunların sayəsində artıq e.ə. 1-ci minilliyin 1-ci yarısında ölkə хаlqlаrının ictimai şüurunda varlığın başlanğıcı və sonu, təkamülü, insan və mühitin, maddi və qeyri-maddinin, rasional və irrasionalın münasibətlərinin, həqiqət, xeyir, şər və ədalətin çoxçalarlı əlaqələrinin dərkinə yönəlmiş fəlsəfi mülahizələr və onları ehtiva və təmsil edən mifologiya və dinlə bağlı, kökləri keçmiş minilliklərə gedib çıxan müxtəlif ideoloji cərəyanlar olub.
Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçün keçmişin mühüm yazılı abidələri – Avesta, pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsərləri, orta əsr yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar geniş imkanlar yaradır. Fəlsəfi dünyagörüşünün təşəkkülü insanın təbiətə münasibətində fetiş, totem, ruh, ilahilər və s. bu kimi təzahür formaları ilə bağlı olub. Bu təsəvvür və təlimlər, müxtəlif kultlarda və insаnın mühitdən özünümüdafiəsinə yönəlmiş magiyada da əksini tapıb. Müasir elm e.ə. 1-ci minilliyin 1-ci yarısında Azərbaycanda zərvanilik, zərdüştilik fəlsəfəsi və maqlar (muğlar) təliminin geniş yayıldığını göstərir.
Ölkədə yayılmış qədim fəlsəfi-mifoloji təlimlərdən biri zərvanilik idi. Bu təlimin əsas prinsipləri haqqında Avesta, qədim pəhləvi mətnləri, Quran, orta əsr Şərq yazılı abidələri və çoxsaylı tədqiqatlar məlumat verir. Zərvanilikdə Zaman, bəzi hallarda Zaman ilə Məkan varlığın yaradıcısı, bütün mövcud şeylər sonsuz Zamanın – Zarvana akarananın təzahürləri, mövcudatın fenomenləri isə od və suyun müxtəlif mütənasiblikdə birləşməsi kimi təqdim edilir. Həmin təlimə görə keyfiyyət iki dərəcəlidir: birinci keyfiyyəti təmsil edən işıq ruhu, əzəli və əbədi Hörmüz maddi varlıqları və həyatı yaradır, ikinci keyfiyyəti təmsil edən zülmət ruhu Əhrimən isə hər şeyi ölümə məhkum etdiyindən, əzəli olmadığı kimi, daimi də deyil. Zərdüştiliyin teoloji risaləsi "Şikand-qumaniqçivar"da ("Şübhəni aradan qaldıran şərh") mövcudatı sonsuz Zamanın – Zarvana akarananın təzahürü kimi qəbul, Allahı, ruhun ölməzliyini, cənnət və cəhənnəmi inkar və yalnız maddəni real hesab etdiyinə görə zərvanilik tənqid olunur. Zərvaniliyin görüşləri orta əsr Şərq yazılı mənbələrində də tənqid edilir. Bununla belə, bu təlim dünya fəlsəfəsinin sonrakı inkişafına, o cümlədən onu tənqid edən zərdüştiliyə də böyük təsir göstərib".
O, əlavə edib ki, Robert Eysler zərvaniliyin Şərq və qədim yunan fəlsəfi fikri ilə bağlılığını göstərərək, xüsusilə onun Ferekid və Anaksimandrın teoqoniyalarına təsirindən, İ.D. Rojanski isə Anaksimandrın kosmoqoniyasında Zərvanın Xronosla oxşarlığından yazıblar: "Azərbaycan fəlsəfi fikrində digər mühüm cərəyan zərdüştilik idi. Zərdüştiliyin görkəmli abidəsi "Avesta" əsərində dövrün sosial-mədəni, xüsusilə fəlsəfi fikri haqqında ensiklopedik məlumat toplanıb. Qədim və orta əsr mənbələri, eləcə də bir çox sonrakı tədqiqatlar Zərdüştün tarixi Azərbaycan ərazisində yaşaması, "Avesta"nın bizə çatan mətninin əslinin isə Atropatena və Raqadan olan maqlar tərəfindən yazıya alınması barədə məlumat verir. Erkən zərdüştilik öz əksini qatalarda tapıb. Bu dövrdə geniş yayılmış politeist təsəvvürlərdən fərqli olaraq Zərdüşt mövcudatın ilk səbəbini monoteistcəsinə izah edərək Ahura Mazdada görürdü. Qatalarda kainatın tərkibi – yer, göy, okean, işıq, dağ və dənizlərin zaman daxilində yaranmasına, cənnət, həqiqət, xeyir, sülh, əməksevərlik və s. fəlsəfi, sosial, etik və estetik məsələlərə toxunulur.
"Avesta"ya görə Ahura Mazda öz nurundan göy cismlərini, ruhundan isə altı ölməz Xeyir ilahəsini yaradır ki, bunlar Ahura Mazdanın ayrılmaz keyfiyyətlərini təşkil edir. Bu, Yaradılışın birinci dövrü idi. İkinci dövrdə Ahura Mazda maddi, hisslərlə qavranılan, kamilliyi və xeyiri təmsil edən mövcudatın əsasını yaradır. Maddi aləm yarandıqdan sonra bura Şər ruhu daxil olur və Şər ilə Xeyir arasında mübarizə başlayır. Bəşəriyyətin vəzifəsi Ahura Mazda və Xeyir ruhları ilə birgə Xeyiri Şərdən ayırıb Şər ruhuna qalib gəlməkdir. Bu qələbə insanların xoşbəxt yaşayacağı üçüncü dövr olacaq".
O, bildirib ki, "Avesta"da Şər ruhuna qarşı Həqiqət, Ədalət və İşıq rəmzi olan Arta qoyulur: "Ruhların mübarizəsində kainatda konkret nəfslərin daşıyıcıları (insan, heyvan, bitki, mineral və s.) fəal iştirak edir. Kainatın daxilindəki bütün şeylər canlıdır. Nəfs həm konkretə, həm də mücərrədə xasdır. İnsanın nəfsi – onun inamı, dünyagörüşü, mənəvi prinsipləri ilə bahəm onun davranış tərzidir. Bunlar bütövlükdə insanın mahiyyətini təmsil edir və o öz azad iradəsinə uyğun xeyir və ya şər yolunu seçir. Qatalarda mühüm yeri müharibəyə və hər növ zülmə qarşı etiraz, sosial problemlər, kəndlilərin və kasıb təbəqənin mənafeyinin müdafiəsi, təbiətin – torpaq, su, bitki və heyvanların mühafizəsi məsələləri tutur, bu işdə insanın rolu vurğulanır, Ahura Mazdanın keyfiyyətlərinə yiyələnmiş insanlar ailəni, məskunlaşdığları yeri, ölkəni möhkəmləndirməyə sövq edilir.
Zərdüştiliyin mənəvi prinsipləri Humata (xeyirxah fikir, düşüncə), Huxta (xeyirxah söz), Hvarşta (xeyirxah əməl) sülhü, əmin-amanlığı qorumaq, əməksevərlik, qənaətcillik, xeyirxahlıq, ədalətlilik tələblərini ifadə edirdi. Zərdüştilik sosial fikir tarixində məhz bu arzu, təklif və tələblər üzərində qurulmuş maddi və mənəvi cəhətdən bizə məlum olan ilk kamil cəmiyyətin təsvirini verir.
Zərdüştilik İranda hakim dinə çevrildikdən sonra gələlcəkdə onun ümumbəşəri xəlqi və humanist müddəaları öz yerini, əsasən, təlimin esxatoloji görüşlərinə, ayin və mərasimlərinə verdi. Lakin zərdüştiliyin iki başlanğıcın vəhdəti, onun əksliklərin qarşıdurması və mübarizəsi üzərində yüksələn mövcudatla bağlı təsəvvürləri, təbiətə və insana yönəlmiş humanizmi, azad iradəli insanın fəallığı, utopik cəmiyyət haqqında ideyaları, gözəlliyə münasibəti, fəlsəfi təliminə məxsus mücərrəd məfhumlar – ilk başlanğıc, işıq, zülmət, xeyir, şər, həqiqət və s. kateqorial anlamları minilliklər ərzində ictimai fikirdə müxtəlif formalar alaraq dünya fəlsəfi mədəniyyətinin ənənəsi kimi yaşamaqdadır. Sonralar, ilk növbədə, Azərbaycan və orta əsrlər islam Şərqinin zərdüştilikdən də qaynaqlanan mistik fəlsəfəsi, demokratizmi və humanizmi ilə fərqlənən ideoloji cərəyanlar zərdüştilik ideyalarının yaşaması üçün münbit zəmin oldu.
E.ə. 1-ci minilliyin 1-ci yarısında Azərbaycan fəlsəfi fikrinin inkişafında Midiya kahinləri nəslindən olan maqların təlimi mühüm yer tutur. Səciyyəvidir ki, kahin silkindən olan maqlar mədəniyyət tarixinə yalnız din, fəlsəfə, elm təmsilçisi kimi deyil, həm də təlim yaradıcısı kimi daxil olmuşlar. Mədəniyyət tarixində "maqlar dini"ndən deyil, daha çox "maqlar təlimi" və "maqlar elmi"ndən bəhs edilib. Buna səbəb isə maqlar təliminin mənəvi mədəniyyətin müxtəlif sahələrini ehtiva etməsidir. Maqların dünyagörüşü o dövrün yüksək inkişaf etmiş elmlərinə – astronomiya, riyaziyyat və təbabətə əsaslanırdı. Onların öz biliklərindən istifadə edərək təbiət və cəmiyyət həyatına müdaxilələri çox vaxt sehr kimi dəyərləndirilirdi. Mədəniyyət tarixində maq anlamı altında zərdüştiliyin təmsilçilərini və ümumiyyətlə, müdrikliyi ilə seçilən şəxsiyyətləri nəzərdə tutmuşlar. Şərqdə piri muğan anlamı alim, müəllim, müdrik mənasında işlənir".
Zümrüd Quluzadə qeyd edib ki, Zərdüştilik ilə bərabər maqların təliminin qədim yunan mədəniyyəti və fəlsəfəsinə təsirini Demokrit, Pifaqor, Anaksarx, Pirron, Platon, Aristotel, Laertli Diogen, Evdoks, Feopomp, Rodoslu Evdem, Gekatey öz əsərlərində göstərirlər: "Qədim yunanlara istinad edən Laertli Diogen yazır: "Aristotel qeyd edirdi ki, muğlar misirlilərdən qədimdirlər… və Klark himnosofistləri (Hindistan brahmanlarını) maqların şagirdləri hesab edirdi". Bununla belə maqların ilkin fəlsəfi görüşləri haqqında məlumat çox azdır. Maqlar oda üstünlük verir, təbiət hadisələrini ilahiləşdirirdilər. Onlar varlığın (allahlar da daxil olmaqla) tərkibini xırda zərrələrdə (atomlarda) görürlər. Laertli Diogen maqların mövcudatın atomlardan ibarət olması təsəvvürləri ilə, onların "görüntülər" haqqında təlimi və bu təlimin Epikürün görüşləri ilə bağlılığı haqqında yazırdı ki, maqlara görə, şeylərdən ayrılan görüntülər vasitəsilə insan formaları görür və dərk edir.

Əli