“Azərbaycan mədəniyyəti müxtəlif dövrlərdə müxtəlif sivilizasiyaların nailiyyətlərindən bəhrələnib” Layihə

“Azərbaycan mədəniyyəti müxtəlif dövrlərdə müxtəlif sivilizasiyaların nailiyyətlərindən bəhrələnib”

Səlahəddin Xəlilov: "Eyni zamanda mürəkkəb və zəngin bir fenomendir"

I yazı

"Şərq təfəkküründə ənənəçilik çox güclüdür. O hər cür yenilikçi fəaliyyət qarşısında böyük sədlər çəkir. Şərqə məxsus ətalət də buradan yaranır. Lakin bu ətalətə qeyd-şərtsiz pis hadisə kimi, geriliyimizin səbəbi kimi qiymət vermək dayazlıqdır, metafizik yaxınlaşmadır. Ətalət həm də vəznin ağırlığı deməkdir ("ağır otur, batman gəl"). Əlbəttə, fizikadan məlum olan "ətalət-kütlə ölçüsüdür" fikrini kor-koranə surətdə sosial-mənəvi həyata aid etmək düzgün olmazdı. Lakin buradakı açıq-aşkar uyğunluğu da inkar etmək mümkün deyil. Şərqdə fikir sahəsində, mənəvi sferada dəyişkənlik, mütəhərriklik "yüngüllük" kimi – mənfi mənada; sabitlik, ətalətlilik isə ağırlıq kimi – müsbət mənada qiymətləndirilir". Bu fikirləri fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov səsələndirib: "Bu, doğrudur ki, insanı insan edən məhz mənəvi qadağanlar, əxlaqi sədlərdir, nəfsi buxovlayan ətalət qüvvəsidir. Lakin bu sədlər özü də hər bir inkişaf mərhələsində ağıl süzgəcindən keçməli, bir növ filtr – təmizləyici rolunu oynamalıdır.
Şərqi geri qoyan ətalət qüvvəsinin böyüklüyü yox, hərəkətverici qüvvənin kiçikliyidir; mənəvi sədlərin yüksəkliyi yox, intellektual cəhdlərin zəifliyidir.
Qərb dünyası intellektual yüksəliş yürüşündə mənəvi sədləri dağıtdı. Yaponiya intellekti mənəvi sədlə həmahəng surətdə inkişaf etdirərək onun üzərindən keçməyə müvəffəq oldu. Biz isə elmi tərəqqi və intellektual inkişafın qayğısına qalmadığımızdan və yeganə böyük sərvətimiz olan mənəvi səddin üstündən keçə bilmədiyimizdən onun altından keçməyə çalışırıq.
Lakin görəsən bünövrəsi artıq oyul-maqda olan bu nəhəng səddin tarixin sınağına davam gətirəcəyinə ümid etmək olarmı?
Bizcə, neçə-neçə nəsillərdən bizə miras qalmış mənəvi sərvətlərin, adət-ənənələrin, dini-əxlaqi dəyərlərin intellektual inqilabın tufanlarından, dağıdıcı təsirlərindən qorunub saxlanması, "milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə birləşdirilməsi" üçüncü minilliyin astanasında Şərq xalqları qarşısında duran ən böyük tarixi vəzifədir.
İnsanın mənəvi ehtiyacları onun boya-başa çatdığı milli-mədəni mühitin spesifikası ilə müəyyən olunur. Ona görə də hər bir xalqın sosial-mənəvi mənşəyini, mədəniyyət tarixini öyrənmədən yeni nəslin nə kimi hisslərlə yaşadığım, onun mədəni tələbat meyllərini və estetik zövq oriyentasiyasını müəyyən etmək çox çətindir. Lakin təəssüf ki, əvvəlcə proletkultçuluğun təsiri ilə, sonra isə repressiya və yetkin sosializm illərində bizi öz mənəvi köklərimizlə bağlayan tellər zəifləmiş, milli mədəniyyət tarixinə maraq azalmışdı. Sosialist gerçəkliyinin milli özünüdərk və mədəni tərəqqi üçün yaratdığı şəraitdən tam şəkildə istifadə etmək imkanına biz yalnız müstəqilləşmə mərhələsində nail olmuşuq. Bu imkanı reallaşdırmaq isə hər xalqın özündən asılıdır.
Xüsusən Azərbaycan mədəniyyətinin müxtəlif tarixi dövrlərə bölünən zəngin və çoxsahəli keçmişinin öyrənilməsi ciddi çətinliklərlə bağlıdır və bu sahədə yalnız elm və sənət adamlarının birgə səyi nəticəsində nailiyyət əldə etmək mümkündür".
Onun fikrincə, Azərbaycan mədəniyyəti müxtəlif dövrlərdə müxtəlif sivilizasiyaların nailiyyətlərindən bəhrələnmiş və eyni zamanda onların bəzilərinin beşiyi başında dayanmış elə mürəkkəb və zəngin bir fenomendir ki, onu bəsit, standart təfəkkürlə dərk etmək, mənimsəmək mümkün deyil: "Tarixi keçmişə etinasız və bəsit münasibətin nəticəsidir ki, müasir Azərbaycan bədii təfəkkürünün qaynaqlarını təşkil edən və özünəməxsus ənənələrə malik olan milli əfsanə və əsatirlər, şifahi xalq yaradıcılığının istər xarici təsirlər üzündən yarı yolda qalan, istərsə bu gün də yaşamaqda davam edən müxtəlif qolları, əsrlər boyu xalqımızın mədəni-mənəvi sərvətlərinin daşıyıcısı, qoruyucusu və ötürücüsü rolunu oynamış əvəzsiz ozan sənəti, Zərdüştilik fəlsəfəsindən miras qalmış düşüncə tərzi və adət-ənənələr, Alban dövləti dövründə xristianlığın təsiri ilə formalaşmış sənət nümunələri və xüsusən yeni dövrə gəlib çatmış olan arxitektura abidələri və sənət yüklü arxeoloji tapıntılar, atəşpərəstliyin, xristianlığın və əcdadlarımızın etiqad bəslədiyi digər dinlərin öz yerini tədricən islama verdiyi keçid mərhələsində incəsənətdə baş verən təbəddülatlar və islamın təsiri ilə yeni keyfiyyət halına qədəm qoyan orta əsr sintetik Azərbaycan mədəniyyəti – bütün bunlar uzun müddət xüsusi tədqiqat obyektinə çevrilməmiş, müasir milli mədəniyyətimizin strukturunda hələ də nəzərə çarpacaq yer tutan qədim ünsürlərin mənşəyi və təkamül yolu layiqincə araşdırılmayıb. Çarizm və daha sonra sovet dövründə heç bir əsas olmadan adət və ənənələrimizin, milli sənətimizin spesifik xüsusiyyətlərinin ancaq islamla bağlanması və islama bəslənilən qeyd-şərtsiz mənfi münasibətin az qala bütün məcburi keçmişimizə şamil edilməsi müasir milli mədəniyyətimizi öz tarixi kökləri ilə əlaqəni itirmək təhlükəsi qarşısında qoyub.
İndi bizim qarşımızda bir tərəfdən milli köklərə, milli-mənəvi dəyərlərə qayıdış, digər tərəfdən də elmi-texniki inkişaf və informasiya cəmiyyətinin qoyduğu çağdaş tələblərə uyğunlaşmaq vəzifəsi durur. Hər bir şəxsin fərdi-mənəvi aləmində gedən proseslər də bütövlükdə millətin mənəvi həyatı ilə bağlı problemləri xatırladır. Karl Qustav Yunqun yazdığı kimi, "ayrıca insanın psixologiyası bütövlükdə millətin psixologiyasına uyğun gəlir". Daha sonra K.Yunq fərdlə toplum arasındakı münasibətdən çıxış edərək ictimai inkişafın mümkünlük şərtlərini də ayrı-ayrı insanların "norma"dan kənara çıxa bilməsi ilə müəyyənləşdirir. K.Yunq yazır: "0 işi ki, millət görür, o işi hər bir insan da görür; və bir insan bu işi görürsə, deməli bütövlükdə millət də görür". Bu bir növ fərdlə millət arasında tarazlıq vəziyyətidir. Bu tarazlıq ancaq bir halda pozula bilər; ayrı-ayrı adamlar milli-mənəvi meyarlar sisteminə uyğun gəlməyən hərəkətlər etdikdə. Lakin bu uyğunsuzluq, bu kənara-çıxma iki istiqamətdə ola bilər. Kimsə millətin səviyyəsinə qalxa bilmir, yaxud kimsə orta milli səviyyədən yüksəyə qalxmaq və öz soydaşlarından indiyədək heç kimin görə bilmədiyi işlər görməklə milli inkişafa yeni impuls verir".
O əlavə edib ki, burada biz ideologiya ilə tərbiyə arasında münasibətlə qarşılaşırıq: "Tərbiyə fərdlərə yönəlmiş olur və hər bir fərdin mövcud mədəni-mənəvi dəyərlərə yiyələnməsinə çalışır. İdeologiya isə millət səviyyəsində olur və bütövlükdə ictimai inkişafın təmin olunması naminə bu dəyərlər sisteminin özünü nəzəri şəkildə formalaşdırır. Deməli, hər bir ölkədə tərbiyə prosesi milli ideologiya zəminində həyata keçirilməlidir. Bu baxımdan, pedaqoji proses və pedaqoji nəzəriyyə də tam müstəqil olmayıb, milli-fəlsəfi fikrin və ideologiyanın tələblərinə uyğun surətdə hər bir inkişaf mərhələsində yenidən qurulmalıdır.
Müasir dövrdə ən aktual problemlərdən biri milli özünütəcrid və qloballaşma kimi iki kənar hal arasında optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə – ümumbəşəri dəyərlərlə yanaşı milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. Belə bir şəraitdə nələri qorumaq lazım olduğunu təyin etmək üçün, ilk növbədə meyarlar müəyyənləşməlidir.
Məqalədə göstərilir ki, "soy-kökə qayıdış" çağırışında qorxulu olan məqam ondan ibarətdir ki, biz keçmişimizdə olan istənilən keyfiyyəti milli invariant kimi və pozitiv cəhət kimi qəbul edə bilmərik. Həqiqi milli keyfiyyətlər milləti yaşadan, onu inkişaf etdirən keyfiyyətlərdir. Bu baxımdan, keçmişimizdən qalan, lakin tərəqqiyə deyil, tənəzzülə xidmət edən cəhətləri yaşatmaqdansa, onlardan xilas olmaq yolu tutulmalıdır. Lakin biz yenə də nəyin pozitiv, nəyin neqativ, yaxud nəyin həqiqi, nəyin saxta olduğunu aydınlaşdıra bilmək üçün keçmişdən daha çox bu günümüzə və gələcəyimizə, milli-mənəvi idealımıza xidmət etməliyik.
Şərq təfəkkür tərzi ilə Qərb təfəkkür tərzini müqayisəli təhlil edən müəllif qeyd edir ki, Şərq təfəkkür tərzini müasir dövrdə xalqımızın tərəqqisinə mane olan səbəb kimi qəbul etmək səhv olardı. Şərq təfəkkürünün müəyyən çatışmazlıqları varsa, bu onun üstün cəhətlərinə də neqativ planda baxmaq üçün əsas vermir. Digər tərəfdən də, ona qarşı qoyulan Qərb təfəkkür tərzi də özünəməxsus nöqsanlara malikdir.
Müasir Qərb dünyası daxilən ziddiyyətli olduğundan və rasional düşüncəni mütləqləşdirdiyindən onun birtərəfli tərəqqisi labüd surətdə mənəvi deqradasiyaya gətirir. Lakin Avropa böyük cidd-cəhdlə bu böhrandan xilas olmağa çalışır. Biz isə bəzən onu tərəqqi etdirən amillərdən xəbərsiz halda, onun iflas məqamını Qərb sivilizasiyası ilə qarışıq salır, Qərbin xilas olmaq istədiyi və məmnuniyyətlə bizə ixrac etdiyi bayağı mədəniyyətdən ikiəlli yapışaraq "müasir" olmağa çalışırıq.
Məqalədə göstərilir ki, müasir dövrdə Şərq və Qərbin qarşılaşdırılması, onların fikir tərzində olan özünəməxsusluğun mütləqləşdirilməsi və yalnız bu və ya digər tərəfə üstünlük verilməsi heç bir müsbət nəticəyə gətirə bilməz. Müasir təfəkkür hətta müxtəlif sivilizasiyaların bir-birindən köklü surətdə fərqli olan düşüncə tərzlərini "barışdırmağı", onların mütərəqqi cəhətlərini birləşdirməyi nəzərdə tutur".

Əli