
3-cü yazı
Bu yazıda Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr dövründə millətlərarası münasibətlərin kəskinləşməsi şəraitində mərkəzi və regional KİV-in fəaliyyəti haqqında danışılır. Araşdırmaçı İlham Mazanlı: "Fikrimizi əsaslandırmaq və mövqeləri müqayisə etmək məqsədi ilə bəzi problemləri və onların kütləvi informasiya vasitələri tərəfindən qiymətləndirilməsini nəzərdən keçirməyi məqsədəuyğun hesab edirik. Məzmununa görə Dağlıq Qarabağ Muxtar Vilayətinə aid qəzet materiallarının aşağıdakı təsnifatını vermək olar: sosial-iqtisadi; milli-mədəni; ideoloji; inzibati-siyasi; hüquqi. Birinci qrupa (sosial-iqtisadi) aid olan KİV materiallarının təhlilinə əsasən rəsmi qəbul olunmuş vəziyyət aşağıdkı kimi müəyyən edilmişdir: vilayətdə yaşayan əhalinin sosial-iqtisadi vəziyyəti ölkənin bir çox regionu üçün xarakterik olan vəziyyətdən yaxşı olmasa da, bütövlükdə Azərbaycan və Ermənistan üzrə vəziyyətdən pis deyil. Azərbaycan mətbuatının mövqeyi: "Durğunluq dövrü ölkənin hər yerində olduğu kimi, Dağlıq Qarabağın sosiali-iqtisadi vəziyyətinə də neqativ təsir göstərib, lakin bu təsir Azərbaycanın digər rayonları ilə müqayisədə o qədər də çox deyil, əksinə, azdır". Ermənistan mətbuatının mövqeyi: "Bakının qərəzli millətçi siyasəti nəticəsində Dağlıq Qarabağın sosial-iqtisadi vəziyyəti Azərbaycanın digər rayonlarından kəskin şəkildə geri qalır".
Mərkəzi mətbuatın nümayiş etdirdiyi tendensiya: "Mərkəzi mətbuat Azərbaycanın digər rayonları və SSRİ-nin bəzi bölgələri, o cümlədən Ermənistanla müqayisədə Dağlıq Qarabağda həyat səviyyəsinin daha yaxşı olması barədə susur". Milli-mədəni sferada faktiki vəziyyət: Dağlıq Qarabağın mədəniyyət və təhsil sahəsində Ermənistanla geniş əməkdaşlıq əlaqələri var, ancaq bu əməkdaşlıq İttifaq miqyasında mövcud olan inzbati-amiranə idarəçilik sisteminin ümumi hökmranlığı ilə izah olunan nöqsanlardan da xali deyil.
Azərbaycan mətbuatının mövqeyi: "Dağlıq Qarabağın Ermənistanla kifayət qədər mədəni əlaqələri var". Ermənistan mətbuatının mövqeyi: "Dağlıq Qarabağda milli erməni mədəniyyəti inkar edilir və sıxışdırılır, Ermənistanla mədəni əlaqələrə maneçilik törədilir". Mərkəzi mətbuatın nümayiş etdirdiyi tendensiya: "Azərbaycanın əvvəlki rəhbərlərinin apardıqları səhv siyasətin nəticəsi olaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin mədəni müstəqilliyi qənaətbəxş səviyyədə deyil".
İdeoloji sferada faktiki vəziyyət: sinfi və ümumxalq ideyası ilə müqayisədə milli birlik və milli maraq ideyasına yenidən üstünlük verilir, proletar beynəlmiləlçiliyinin və sovet sosialist millətlərinin inteqrasiyası ideyasına olan ehtiyac yaddan çıxarılır. Azərbaycan mətbuatının mövqeyi: "Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin bir hissəsi qatı millətçilik ideologiyasına, "Böyük Ermənistan"ın reanimasiyası mürtəce ideyasına (erməni xəstəliyi) yoluxub". Ermənistan mətbuatının mövqeyi: "Qarabağ hərəkatı" cəmiyyətin demokratikləşməsi, yenidənqurma və aşkarlıq prosesinin inkişafının, Lenin milli siyasətinin ardıcıl olaraq həyata keçirilməsinin nəticəsi və sübutudur". Mərkəzi mətbuatın nümayiş etdirdiyi tendensiya: hərəkatın ideoloji müxtəlifliyi, çoxmillətli sovet cəmiyyətinin gələcəkdə daha da təkmilləşdirilməsi ideyası ilə millətçilik təzahürlərinin birgə mövcudluğu.
İzibati-siyasi sferada faktiki vəziyyət: yuxarı rəhbər orqanlara itaətsizlik. Azərbaycan mətbuatının mövqeyi: Yuxarı rəhbər orqanlara heç nə ilə bəraət qazandırılması mümkün olmayan itaətsizlik. Ermənistan mətbuatının mövqeyi: inzibati-siyasi sistemin qeyri-təkmilliyi ilə izah olunan itaətsizlik. Mərkəzi mətbuatın nümayiş etdirdiyi tendensiya: sükut.
Hüquqi sferada faktiki vəziyyət: SSRİ və Azərbaycan SSR konstitusiyalarının müdəalarının pozulması. Azərbaycan mətbuatının mövqeyi: konstitusiya müddəalarının pozulması, Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərliyinin ekspansiv (lat. expansio – genişlənmə, yayılma) və qanunazidd hərəkətləri. Ermənistan mətbuatının mövqeyi: millətlərin öz müqəddəratını təyin etmə prinsipindən irəli gələn qanuni tələb. Mərkəzi mətbuatın nümayiş etdirdiyi tendensiya: Dağlıq Qarabağ Muxtar Vilayətinin konstitusiya və faktiki statusları arasındakı ziddiyyət.
Xarakterik haldır ki, tematika üzrə bütün KİV materiallarında problemin həlli yollarını müəyyən etməyə cəhdlər göstərilir. Azərbaycan kütləvi informasiya vasitələri böhrandan çıxış yolunu bütün ölkənin sosial-iqtisadi orqanizminin inkişaf etdirilməsində görür, yəni baş vermiş münaqişənin ölkə üçün universal, ümumi xarakterini etiraf edir.
Ermənistan mətbuatı çıxış yolunu "son məqsəd"ə nail olmaqda, yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsində görür. Bütün materiallarda belə bir fikir qırmızı xəttlə keçir ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yenidənqurmanın, cəmiyyətin demokratiləşməsinin ən böyük nailiyyəti və gələcək inkişafın mütləq şərti ola bilər. Lakin istənilən sağlam düşüncəli adamı yenidənqurmanın uğur qazanmasının məhz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibində olub-olmamasından asılı olması, eyni zamanda geniş auditoriyanı buna inandırmaq üçün KİV-in xüsusi fəaliyyətinə ehtiyacın olması ideyası məhz gülüş və təəssüf hissindən başqa heç nə doğurmur.
Digər sözlərlə, əgər Azərbaycan mətbuatı dar milli deyil, ümumi maraqları nəzərə alan mövqe tutursa, Ermənistan mətbuatı ümumi demokratik prosesdən öz "məkrli faydasını" qopartmağa çalışır. Azərbaycan mətbuatı DQMV-dəki hansısa xüsusilə kəskin sosial-iqtisadi vəziyyətlə bağlı sübutolunmaz fikirlə razı olmamasına baxmayaraq, muxtar vilayətin inkişafı üçün əlavə vəsaitlərin ayrılması, iki xalq arasında qarşılıqlı inamın bərpa olunması məqsədi ilə burada müvəqqəti xüsusi idarəetmə formasının tətbiqi haqqında qərarları (yolverilməz olsa da) böyük anlamla qəbul və təbliğ edir. Mərkəzi mətbuatda münaqişənin əsasən Azərbaycan tərəfindən güzəştlərin edilməsi hesabına həll olunması tendensiyası özünü açıq şəkildə büruzə verir. Bu zaman kritik situasiyada olan istənilən bir xalqın psixoloji vəziyyətinə - ikinci tərəfin maksimum tələblərinin yerinə yetirilməsi ilə bağlı güzəştlərin edilməsinin qeyri-məqbul olması haqqında sadə bir həqiqətə belə göz yumulur. Bununla bərabər, mövzu üzrə publikasiyaların təhlili göstərir ki, Dağlıq Qarabağ hadisələrinin başlanğıc mərhələsində, yəni münaqişə ətrafında debatların qızışdığı bir vaxtda, həm situasiyanın idarə olunması, həm də qəzet səhifələri milli münasibətlər siyasətini işləyib hazırlayan mütəxəssislərin, alimlərin və ya da publisistlərin sərəncamına deyil, əvvəllər bu problemlərlə ümumiyyətlə məşğul olmayan, bolşevizm sousunda (xörək şirəsində) qaynamış əmrə müntəzir "siyasi mujiklərin" ixtiyarına verilir. Zənnimizcə, ciddi, obyektiv və vaxtında edilmiş təhlil, qətiyyətli və dəqiq nümayiş etdirilən mövqe münaqişənin kəskinləşməsinin qarşısının alınmasını və bəlkə də həllini tezləşdirə bilərdi".
Araşdırmaçı daha sonra yazır: "Apardığımız tədqiqatlar göstərir ki, "Правдa", "Известия" və "Комсомольская правда" qəzetlərində Dağlıq Qarabağ hadisələrinə həsr olunmuş publikasiyaların təxminən 4%-i millətlərarası münasibətlər problemlərinə bələd olan müəlliflərə məxsusdur. Materialların 80%-i münaqişənin mahiyyətini və səbəblərini aça bilmir. Qeyri-obyektiv informasiya isə geniş oxucu və tamaşaçı auditoriyasında münaqişə barədə yanlış fikir formalaşdırır, qarşılıqlı inamsızlığa və millətlərarası münasibətlərin getdikcə daha da mürəkkəbləşməsinə doğru aparır.
Jurnalistika ictimaiyyətinə yaxşı məlumdur ki, aşkarlıq 1980-ci illərin ortalarında ölkədə (harada ki, özbaşınalıq həddinə keçməmişdi) gedən yenidənqurma posesinin əsas alətlərindən birinə çevrilmişdi. O dövrdə biz jurnalistlərin aşkarlığın çatışmazlığından gileylənməyə də haqqımız yox idi. Məsələnin məğzi həqiqəti oxucuya olduğu kimi deyib-deməməyimizdən ibarət idi.
Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrin kütləvi informasiya vasitələrində işıqlandırılması təcrübəsi həyatımızın yan keçilmiş qanun və təzahürlərinin də olduğunu göstərir. Təhlillər həmçinin həmin dövrdə mətbuatın aşkarlıq çatışmazlığı xəstəliyinə deyil, obyektivlik çatışmazlığı xəstəliyinə tutululduğunu da aşkara çıxarır. Bundan əlavə, təhlillər həm də milli hisslərə həssaslıqla yanaşmaq tələbi ilə millətlərarası münasibətlərə aid münaqişələrin açıq və sərt tonda işıqlandırılması arasında da ziddiyyətlərin olduğunu göstərir. Sirr deyil ki, bəzən hətta doğru, qərəzsiz informasiya da emosiyaları coşdura bilir. Belə olan halda "kəsilmiş", tam olmayan, yanlış və birtərəfli informasiyanın nələrə gətirib çıxardığını təsəvvür etmək o qədər də çətin deyildir. Biz Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrin kütləvi informasiya vasitələrində işıqlandırılması praktikasında artıq bunun şahidi olmuşuq.
Tədqiqatlar göstərir ki, mətbuat Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələri işıqlandırarkən aşağıdakı prinsipə uyğun hərəkət edib: "Dağlıq Qarabağ hadisələri haqqında yazmaq qadağan deyil, lakin yazarkən belə bir prinsipə riayət etmək lazımdır – publikasiyalar DQMV əhalisində, Azərbaycanda və Ermənistanda narazılıq yaratmamalıdır." Araşdırmalar həmçinin məhdudlaşdırılmış aşkarlığın istifadə etdiyi "yaradıcılıq işi"nin hadisələrin səbəbləri haqqında obyektiv və operativ təhlillərin olmamasını, hadisələrin işıqlandırılmasında gecikmələrin, balanslaşdırılmamış informasiyanın ötürülməsini, fikirlərin şərhində qüsurların və təhriflərin olduğunu ortaya çıxarır. Belə bir şəraitdə, əlbəttə ki, mətbuat millətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru rolunu oynaya bilməz. Əksinə, mətbuat qeyri-stabilləşdirici, destruktiv amil kimi çıxış edir. Fikrimizi təsdiq etmək üçün qəzet materiallarına, Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrə qayıtmağı məqsədəuyğun hesab edirik. Bu problemin "onun ətrafında" söz birləşməsi ilə ifadə etdiyimiz ikinci hissəsi həm siyasi məzmununa, həm də sosial nəticələrinə görə muxtar vilayətin özündə gedən proseslərdən qat-qat genişdir. "Qarabağ hərəkatı"nın başlanğıc dövründə mətbuatın qarşısında ehtirasları qızışdırmamaq, bu problemə yanaşmanın incəliklərini və təmkinli olmağı unutmamaq şərti qoyulmuşdu. 1988-ci ilin birinci yarısında tematik publikasiyalar az olsa da, mətbuatın "dirijor çubuğu" altında fəaliyyət göstərməsi, müəyyən stereotiplər formlaşdırması və onları "tonqal"dan uzaq olan adamların şüuruna yerləşdirməsi aydın hiss olunurdu".
Uğur