“Azərbaycançılıq məfkurəsində etnik mənsubiyyətindən asılı olmayaraq hamıya bərabər münasibət var” Layihə

“Azərbaycançılıq məfkurəsində etnik mənsubiyyətindən asılı olmayaraq hamıya bərabər münasibət var”

"Azərbaycan Respublikası ötən dövrdə milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edib, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirib, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilib". Bunu millət vəkili Rafael Cəvrayılov öz yazısında qeyd edib.
O bildirib ki, qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan verib, habelə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırıb, ölkəmizin milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaradıb: "Tarix sübut edir ki, hər bir xalqın taleyi ilə bağlı böyük ideyalar yalnız zamanın, dövrün reallıqlarını düzgün dəyərləndirən, gələcək barədə aydın təsəvvürlərə malik olan fenomen şəxsiyyətlərin əzmkar fəaliyyəti nəticəsində gerçəkləşir. Bu mənada, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi də məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Hələ 1991-ci il dekabrın 16-da ümummilli liderin təşəbbüsü əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" qərar qəbul edib. Bu əlamətdar bayram ilk dəfə məhz Naxçıvanda geniş qeyd olunub, azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilib. Ötən əsrin 90-cı illərinin əvvəlində yaranmış tarixi şəraitdən bəhrələnərək dövlət müstəqilliyini bərpa edən müstəqil Azərbaycanın ilk illərdə üzləşdiyi vətəndaş qarşıdurması, parçalanma, siyasi səhnədən tamamilə silinmə təhlükəsindən xilas olması, respublikada vətəndaş sülhü və həmrəyliyinin təmin olunması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Güclü xarizması, yüksək liderlik keyfiyyətləri, mütərəqqi ideyaları ilə birləşdirici şəxsiyyət olan ümummilli lider 1993-cü ilin iyun ayından etibarən ölkədə milli birliyi, vətəndaş sülhünü təmin etməklə yanaşı, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürüdüb. Dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların milli icma çərçivəsindən çıxaraq mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətlərini genişləndirməsi, yerli cəmiyyətə sıx inteqrasiyası, Azərbaycanı özünə Vətən bilən digər xalqların xaricdə yaşayan nümayəndələri ilə əlaqələrin möhkəmləndirilməsi bu siyasətin prioritet istiqamətlərini təşkil edib". Onun fikrincə, dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş ümummilli lider Heydər Əliyev xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirib, onların problem və qayğıları ilə yaxından maraqlanıb: "Milli həqiqətlərin dünya ölkələrinə çatdırılmasında gənclərin geniş potensialından və imkanlarından istifadə məsələsi Heydər Əliyevi daim dərindən düşündürüb. Ümummilli lider müxtəlif ölkələrə rəsmi və işgüzar səfərləri zamanı Azərbaycan diasporunun təmsilçiləri qarşısında dərin məzmunlu nitq söyləyib, onları ayıq olmağa, yaşadıqları yerlərdə milli həqiqətlərimizi geniş təbliğ etməyə çağırıb. 1997-ci il avqustun 29-da ali məktəblərə qəbul olunmuş bir qrup gənclə görüşən Heydər Əliyev bir daha bu məsələyə xüsusi toxunaraq deyirdi: "...Siz respublikamızı xarici ölkələrdə təmsil edən insanlar, gənclər olacaqsınız. Siz sadəcə olaraq təhsil almaqla kifayətlənməməlisiniz. Azərbaycanı ləyaqətlə təmsil etməlisiniz, ölkəmizin həqiqətlərini təhsil alacağınız universitetlərdə, ali təhsil müəssisələrində yaymalısınız, təbliğ etməlisiniz". Dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmalarının, cəmiyyətlərinin, birliklərinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi zərurətini nəzərə alaraq ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-10-da Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında sərəncam imzalayıb. Bu tarixi addım xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb edərək, diaspor hərəkatının inkişafında yeni mərhələnin təməlini qoyub. 2001-ci ilin noyabrında keçirilmiş Dünya azərbaycanlılarının I qurultayı azərbaycançılıq ideyalarının reallığa çevrilməsi, milli həmrəyliyin təmin olunması prosesinin əsasını qoyub, Azərbaycan diasporunun formalaşması və inkişafının prinsipial istiqamətlərini müəyyənləşdirib, diaspor quruculuğu işinin dövlət siyasətinin tərkib hissəsi olmasının rəsmi təsdiqi kimi tarixilik qazanıb. Qurultayda diaspor və lobbiçilik fəaliyyəti ilə bağlı bir sıra ciddi məsələlər müzakirə edilmiş, eləcə də konkret qərarlar, fəaliyyət proqramları təsdiqlənib. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr kimi diqqəti cəlb edib. Qurultaydan sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə diaspor sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üçün yeni komitə yaradılmış, habelə bu sahədə fəaliyyəti tənzimləyən "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun qəbul olunub. Qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılmasını; bu sahədə ciddi fəaliyyət üçün vahid strategiyanın hazırlanmasının hüquqi prinsiplərini; xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının müdafiəsində, milli xüsusiyyətlərini qoruyub saxlamasında və inkişaf etdirməsində dövlət siyasətinin məqsədlərini; Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, iqtisadi, sosial, mədəni inkişafı, digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin qurulması prosesinə xaricdə yaşayan soydaşlarımızın da fəal surətdə cəlb edilməsi yollarını müəyyənləşdirib. Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi naminə təşkilati-hüquqi tədbirlərlə yanaşı, həm də mükəmməl ideoloji-siyasi iş aparıb, soydaşlarımızın konsolidasiyası üçün azərbaycançılıq ideologiyasını önə çəkib. Bu ideologiya dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, "azərbaycanlı" anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutur". O əlavə edib ki, azərbaycançılıq məfkurəsində etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə və xarici dövlətlərdə yaşayan bütün vətəndaşlara, soydaşlara və həmvətənlərə hərtərəfli hüquqi və mənəvi baxımdan bərabər münasibət var: "Əminliklə deyə bilərik ki, ötən 8 ildə ümummilli liderin ideya prinsiplərinə sadiq qalan, onun formalaşdırdığı mütərəqqi ənənələri daha da inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyev də diaspor quruculuğu işinə xarici siyasətin ayrılmaz hissəsi kimi yanaşır. Dövlət başçısı ilk gündən bildirib ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında maraq və mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Cənab İlham Əliyev hələ 27 iyul 2004-cü il tarixdə ölkə diplomatlarının iştirakı ilə keçirdiyi müşavirədə diaspor sahəsində qarşıda duran vəzifələrdən söz açıb, diplomatlarımızı xaricdəki soydaşlarımızla fəal iş aparmağa çağırıb. Dövlət başçısının vurğuladığı kimi, xaricdəki azərbaycanlıların müxtəlif ölkələrin ictimai-siyasi həyatında daha da fəal iştirakı, seçkili orqanlarda təmsil olunması, dövlət orqanlarında müəyyən vəzifələrə irəli çəkilməsi üçün səylərin göstərilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Bu, son nəticədə Azərbaycan diasporunun nüfuzunun daha da möhkəmlənməsinə kömək edəcək...".

Ardı var...