Lələ təpəsi – Cəbrayıla açılan qapı Layihə

Lələ təpəsi – Cəbrayıla açılan qapı

1-ci yazı

Bu yazı əslən Cəbrayıldan olan, filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyevin bu yaxınlarda Cocuq Mərcanlıya səfərindən sonra yazılıb. O, bildirir ki, "2016-cı ilin aprel döyüşləri zamanı döyüşçülərimizin Cəbrayıl rayonu ərazisindəki strateji əhəmiyyətə malik Lələ təpəsi yüksəkliyini düşmənlərdən geri qaytarması ilə rayonumuzun yeganə kəndi kimi neytral ərazi olaraq nəzarətdə saxladığımız Cocuq Mərcanlı kəndinə gediş-gəliş təhlükəsi demək olar aradan qaldırıldı. İş yoldaşlarım həmin əraziyə getmək niyyətimi eşidəndə, narahat oldular, hətta "Çalış getmə, qorxulu səfərdi" deyə canyandıranlar da oldu. Mən isə qorxmadığımı bildirdim. Əslində, o şey insana qorxulu kabus təsiri bağışlayır ki, onun mahiyyətindən xəbərsiz olursan. Ölüm də heç kəsin bu dünyada var ola-ola qedib-qayıtmış olduğu (tanıdığı, gördüyü, bildiyi) adi qapılardan deyil. Ölüm elə bir qapıdır ki, o qapının ağzından içəri girənlər bir də sağ geri qayıtmır. Bu səbəbdən də ölüm insanlar üçün həmişə dəhşət, qorxu hissi yaradır. Həm də ona görə ki, ölümün sirri, mahiyyətinin nədən ibarət olduğu, bir sözlə, ölümün fəlsəfəsi hər adama agah olmur. Bax, budur ölümü insanların gözündə-nəzərində, düşüncəsində vahiməli edən...
Mən isə bir fərd olaraq – keçmiş döyüşçü kimi birbaşa ölümün içindən keçib gəlmiş adamam. "Dəyirmanın gözündən ölü salsan, sağ çıxan adam" da heç ölümdən qorxarmı?!. Bir də ki, mən ölümün fəlsəfəsini lap çoxdan anlamışam. Deyəsən, "Elegiyadan doğulan şəhadətnamələr" adlı silsilə yazılarımın birində də bu məsələyə azacıq da olsa toxunmuşam. Üstəlik, "Yas mərasimləri" mövzusunda tədqiqatımda da bu məsələnin mahiyyətinə nüfuz etmişəm. Bu kimi səbəblərdən də ölüm mənim üçün nəinki qorxulu kabus simasını çoxdan itirib, həmçinin ölümü qarşılaya bilmək mənə evində adi bir qonağı qarşılamaq dərəcəsində adi görünəndir. Ölümün yenilməsi həddi olan şəhidlik isə hər bir kəs üçün şərəflə qarşılanmalıdır. Şəhidlik ölümün gözünün içindən şəstlə yeriyib keçməkdir. Hələ 1993-cü ildə döyüşçü kimi qəflətən ermənilərin əlinə əsir düşəndə də, orada ölümdən qırpınıb-çəkinmədim, qəddar düşmənlərimlə heç bir ölüm qorxusu yaşamadan mərdi-mərdanə davrandım, məni gözləyəcək işgəncəli ölümün yolunu təbiiliklə qarşılamağa daxili dünyamı səfərbər etdim. Lakin gözlənilməz təsadüf nəticəsində əlimə düşən fürsətdən də ağıllı şəkildə yararlandım, iki gecə-dündüz gizlin yollarla gəlib azadlığa qovuşdum. Ölümün ağzından salamat çıxdım və o vaxt bədahətən anidən dilimdən qopan aşağıdakı misralar həm də əbədilik yaddaşıma həkk olundu:

Bu gidi dünyanın canlı şahidi
Şəhid gedər hax dünyaya haqq üçün.
Mən isə şəhidlik pəncərəsindən
Boylanıb dünyanı gördüm böhtanda.
Bir Zümrüd quşunun qanadlarında
Şəhidlikdən şəhidliyə yol aşdım,
Şahid gəldim: bax düyaya haqq üçün.

Aprel döyüşləri zamanı telekanalların birində qonaq idim. Birbaşa efirə yayımlanan proqramda ordumuzun rəşadətindən də qürur hissilə söz açdıq. Mən onda efir vasitəsilə bildirdim ki, əsgərlərimizin bu fədakarlıqları düşmənlərimizə birbaşa bəri başdan qandırılan qələbə mesajımızın başlanğıcıdır. Bax, mən onda həm də təzəcə yağılardan azad edilmiş Cəbrayıl torpağındakı Lələ təpəsinə də işarə edirdim. Çünki Lələ təpəsi strateji mövqe baxımdan Cəbrayıla açılan qapını xatırladır. Belə ki, uzun illər rayonumuzun neytral zonada qalmış yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndini Lələ təpəsindən düşmənlər daim hədəf altında saxlamışdılar. İndi isə artıq rayonumuzun bu kəndi tam döyüşçülərimizin nəzarətinə keçmişdi və yaxın gələcəkdə dövlətimizin burada əhalimizin məskunlaşması ilə bağlı tədbirlər görəcəyi də məlum məsələ idi. Deməli, bu aprel döyüşləri həqiqətən də gələcəkdə çalınacaq şanlı qələbəmiz üçün düşmənlərimizə bir abırlı-başlı mesaj demək idi".
O, daha sonra bildirir ki, elə Lələ təpəsindən Cəbrayıl torpağına açılmış qapının hesabına da biz Cocuq Mərcanlı kəndinə qorxu-hürküsüz girdik: "Həm də öz doğulduğumuz Cəbrayıl torpağının bir parçası kimi illərdir həsrətində olduğumuz yurdumuza ilk dəfəydi qədəm basırdıq. Qorxmadıq ki, düşmənin qurmuş olduğu ölüm tələsinə – minaya - zada düşüb məhv ola bilərik, çünki "Ölsək, doğma torpaqda rahat öləcəyik"- deyə düşünüb-xəyallanırdıq.
Kəndin şimal-şərq tərəfində gözümüzə sataşan bir abadan evə nəzərən "Bir gül ilə bahar olmaz" deyimimizə əks olaraq "Bir gül ilə də bahar olarmış" qənaətinə gəldim. Belə ki, 23 ildir ki, doğma dədə-baba yurdunu tərk etməmək həm də ata ocağını kor qoymamaq demək idi. 26 hektar tut bağı olmuşdu bu kəndin. Üstəlik kəndin örüş sahəsində kənd təsərrüfatı sahələrini – heyvandarlığı, əkinçiliyi və s. yaşatmaq özü də cəbhəyanı bölgədə bir başqa cür əmək cəbhəsi açmaq anlamına gəlirdi. Bu bir ailənin timsalında sanki bir gül açmışdı və bu gülün rayihəsi xarabaya çevrilmiş kəndin mənzərəsini dəyişdirməyə – cənnətməkan gülşən bağçasına döndərməyə istiqamətlənmiş fədakarlıq idi.
Ev sahibi Oqtay Həziyev və ailə üzvləri ilə görüşdükdən sonra Oqtayın maşınına əyləşib Cocuq Mərcanlı kəndinin tükürpədici xarabalıqları ilə hərəkət edirik. Hərbi hissə komandirinə mənim gəlişim haqqında məlumat verilir ki, rayon qəzetinin baş redaktoru gəlib. Kəndi gəzib-hərlənmək və reportaj hazırlamaq fikrindədir. Komandirdən razılıq alındıqdan sonra guya kəndarası yollarla maşınımız irəliləyir. Ona görə "guya" deyirəm ki, əslində çox vaxt yerlə bir edilmiş evlərin xarabalıqları üstündən də keçib-gedirdik. Kəndarası yollara gəlincə isə artıq 24 ildir ki, gediş-gəlişi olmayan maşın yollarını nəinki ot, həmçinin kol-kos da basmışdı, belə demək mümkünsə, heç yoldan nişanə-əlamət də qalmamışdı. Kəndin sakinləri olmuş yol yoldaşlarım Xanlar müəllim, Məhəmməd Misirov kəndin İranla həmsərhəd olan cənub tərəfinə işarə ilə "Bura şamdır", deyib danışdıqda, mən ətrafı gözdən keçirib, "Hansı şam ağacı, hansı şam ağaclarından, hansı şamlıqdan söhbət açırsınız?", - deyə soruşdum. Məlum oldu ki, Cocuq Mərcanlı camaatının yerli danışığında buranın örüş sahəsinə şam, şamlıq deyirmişlər. Düzü, mən Qubadlıda Yazı düzü, Dağtumasda Gəyən düzü, Füzulidə Haramı düzü və bunlara uyğun da yazı, haramı, gəyən sözlərini eşitmişdim, amma örüş sahəsi - çöllük mənasında şam, ya şamlıq ifadəsini indi eşidirdim.
Daha sonra xarabalıqları bir-birini əvəz edən evlərin yan-yörəsindən ötüb keçdikcə, onların öz aralarında: "Bu İfadə Şahmarovun, bu, İsmət Həziyevin, bu, Seyfəddin Qaraşovun, bu, rəhmətlik Əfəd Qaraşovun, bu, rəhmətlik Kazım Cocuqovun... evidir, yandırılıb yerlə bir edilib" – deyib təəssüflə başlarını yellədiklərini müşahidə edirdim.
Deyirəm ki, yiyələri bir vaxtlar min bir əziyyət bahasına və min cür həvəs içində tikdikləri bu evlərin nə vaxtsa erməni vandalları tərəfindən uçurulub-dağıdılacağını heç eyinlərinə belə gətirməzdilər. İndi sahibsiz qalmış bu ev-eşiklərin yerinə-yurduna su calanmışdı, hətta mənimlə yol yoldaşı olan kəndin sakinləri bəzən yanından ötüb keçdiyimiz xarabalığın - evin kimə məxsus olmasını da ayırd etməkdə çətinlik çəkirdilər. Hətta "Taxta Qəşəm" kimi tanınmış kəndin varlı-hallı sakini Qəşəm Abduləzimovun şah sarayı kimi topdağıtmaz evindən də demək olar, əsər-əlamət qalmamışdı. Yalnız evinin yan-yörəsinə bərkidilmiş bir-iki ağır dəmir məhəccər dirəklərdən başqa, ona da gücləri çatmadığından söküb apara bilməmişdilər. Bax, kənd bu dərəcədə yerlə-yeksan edilib viranəliyə çevrilmişdi.
Bir də yuxarıda adları çəkilən kənd sakinlərindən birinin adının Kazım Cocuqovun soyadı diqqətimi özünə çəkdi. Necə? Cocuqov? – deyə özlüyümdə duruxdum. Axı bu, kəndin qabağına artırılmış "Cocuq" epitet – ifadəsi ilə eynilik təşkil edirdi: Cocuq Mərcanlı kəndi. Böyük Mərcanlı ilə Cocuq Mərcanlı kəndləri arasında Mehdili və Çaxırlı kəndləri qərar tutsa da, bu kəndin adamları eyni tayfaya-tirəyə mənsub adamlar olmalı idi. "Cocuq" sözü türkcə uşaq mənasını versə də, elə həm də "kiçik" mənasını da özündə daşıyan ifadədir: filankəsin cocuğu-uşağı, kiçiyi kimi anlaşılmaqla cocuq-uşaq öz atasının yanında həm də mahiyyətcə onun kiçiyi sayılır. Deyilənə görə, bir vaxtlar Böyük Mərcanlı kəndindən ailə qurub, ata-anasından fərdi təsərrüfat kimi ayrılan bir uşaq (ata-ana gözündə övlad hansı yaşında olmasına baxmayaraq, uşaq (cocuq) kimi təsəvvür olunub-adlandırılır) gəlib həmən bu Cocuq Mərcanlı deyilən ərazidə məskən salır. Elə o çağdan da kənd Böyük Mərcanlı camaatı tərəfindən "Cocuğun (uşağın) kəndi" kimi tanınır və nəticədə burada artıb-çoxalan ailələr hesabına yaranan kəndə də Cocuq epiteti artırılmaqla sonradan qeydiyyata alınanda rəsmi olaraq "Cocuq Mərcanlı" kimi sənədləşdirilir. Çox güman ki, hazırda kənddəki Cocuqov soyadı daşıyan nəslin ulu babası da həmin "cocuq" ləqəbi ilə el arasında adı tanınıb-hallandırılmış adamın törəmə-tayfalarıdır.
Maşını kəndin ortasında saxlayıb, hələ qarı tamam əriyib qurtarmamış kəndarası yollarla xeyli də piyada hərəkət etdik. Xanlar müəllimə gizlincə göz qoydum. Yerişini-duruşunu ondan xəbərsiz izlədim. Görkəmcə canlı-cüssəli adam olan Xanlar müəllim özündən ixtiyarsız olaraq doğma kəndinin bu vahiməli görünüşündən, acınacaqlı halından sanki özü də yazıqlaşmış, fağır bir görkəmdə məlul-müşkül dayanıb durmuşdu. Gördüyü dəhşətli mənzərənin təsirindən ağırlaşmış ayaqlarını da zorla çəkib aparır, ləng addımlarla hərəkət edirdi. Baxışlarına bir qüssə-kədər çökmüşdü. Mən nə qədər onu dindirib-danışdırmağa cəhd etsəm də, elə bil heç qabaqkı adam deyildi, sözə güclə, nəfəsi təngimiş kimi ağır-ağır cavab verirdi.
Kəndin məktəb binasının yerləşdiyi yerə çatanda isə onun ürəyindən keçirdiklərini bəlkə də qələm yazmaqda acizlik çəkər. Bir tərəfdən qayğısız uşaqlıq, məktəbli illərinin vətəni olmuş xarabaxanaya döndərilmiş məktəb binası, bir tərəfdən isə məktəbə lap yaxın olan doğulub dünyaya göz açdığı qayğısız uşaqlığının beşiyi olmuş evlərinin divarında özünə açıq-aydın şəkildə yer eləmiş topdan açılan mərminin açdığı yekə dəyirmi oyuq bu ağır zülmü çəkməyə adamdan tab istəyirdi...

Uğur