“Moskva görüşü Ermənistan üçün faciəli nəticələrə səbəb olacaq” Layihə

“Moskva görüşü Ermənistan üçün faciəli nəticələrə səbəb olacaq”

Aykazn Qaqriyan: "İrəvan küncə sıxışdırılıb"

Elxan Şahinoğlu: "Moskvanın əsas məqsədi münaqişəni həll etmək yox, mövcud vəziyyəti qorumaqdır"

Tural Əliyev: "Çox güman ki, atəşkəsin qorunub saxlanması əsas müzakirə predmeti olub"

"Dünən Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri –Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın işgüzar görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi davam edib. 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb". APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə nazirlərin üçtərəfli görüşünün yekunları ilə bağlı bəyanatda bildirilir. Qeyd olunur ki, Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri münaqişənin sülh yolu ilə həllinə kömək səylərinə görə Rusiya XİN rəhbərinə təşəkkür ediblər: "Nazirlər bütün müzakirə olunan məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar. Üçtərəfli danışıqların yekunları əsasında onların ATƏT-in Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşü olub. Görüşdə münaqişənin həlli məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb".
Gözlənildiyi kimi görüşdə heç bir nəticə ıəldə olunmadı. Amma görüş ərəfəsi maraqlı məqamlarla, siyasi mesaj sayıla biləcək addımlarla yadda qaldı. Görüş ərəfəsində Azərbaycan yeni hərbi texnikasını nümayiş etdirdi. İkincisi, bu hərbi texnika görüşünn təşəbbüskarı olan Rusiyadan alınaraq Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə verilib.
Bundan başqa görüş ərəfəsində Ermənistan yenə də cəbhədə təxribatlar törədib. Ermənistan tərəfi dünən axşamdan başlayaraq atəşkəs rejimini 120 dəfə pozub. Hadisə dünən səhər saat 09:30-da baş verib. Azərbaycan cavab atəşi açıb. Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ordusu itki verib. Ermənistan ordusunun 1998-ci il təvəllüdlü əsgəri Mqer Arzumanyan aldığı güllə yarası ilə ölüb.
Moskva görüşü ilə bağlı detallı məlumatlar verilməsə də, görüşdən öncə erməni siyasi ekspertlərinin narahatlığı da diqqət çəkən məqamlardandır.
Erməni ekspert Aykazn Qaqriyan deyib ki, Moskva görüşündə Ermənistan ilkin şərt kimi irəli sürdüyü atəşkəsə nəzarət mexanizmdən imtina etməyə məcbur edilir. Onun sözlərinə görə, Moskva görüşü Ermənistan üçün faciəli nəticələrə səbəb olacaq: "Atəşkəsə nəzarət mexanizmini Rusiya da istəmir. Məsələ ondadır ki, Moskva əvvəl bu məsələnin üzərinə o qədər də getmirdi. Lakin indi məsələ fərqlidir. Türkiyə-Amerika yaxınlaşması Rusiyanı Azərbaycana yaxınlaşmağa məcbur edir. Buna görə də Ermənistanı üçtərəfli görüşə məcbur etdi, görüş ərəfəsində isə silahın növbəti partiyasını Bakıya çatdırdı".
Erməni ekspert Moskvada İrəvanın küncə sıxışdırıldığını da vurğulayıb.
Politoloq Elxan Şahinoğlu Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edərək deyib ki, gözlənildiyi kimi Moskva görüşü nəticəsiz qaldı: "Görüşün yekunlarıyla bağlı yayılan və heç bir məna ifadə etməyə 3-4 cümləlik bəyanatda əsas fikir bundan ibarətdir: "Tərəflər Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruri olduğunu vurğulayıblar". Məgər prezidentlərin 2016-ci ildə Vyana və Sankt-Peterburq görüşlərində hansısa razılıq əldə olunub? Yeganə şifahi razılıq bu olub ki, danışıqlar davam etdirilsin və atəşkəsə riayət olunsun. Bunun nəyi razılıqdır ki? Əksinə bu bizim maraqlara zidd olan status-kvonun uzanması deməkdir. Moskvadakı görüşün bir mənası var idi: Kreml Azərbaycanın müharibəyə başlamayacağına əmin olmaq istəyirdi. Buna əmin oldumu – bunu gələcək aylar göstərəcək".
Onun sözlərinə görə, burada Moskvanın əsas məqsədi münaqişəni həll etmək yox, mövcud vəziyyəti qorumaqdır: "Kremlin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etməkdə nə marağı var? Axı Moskvanın əsas məqsədi münaqişəni həll etmək yox, mövcud vəziyyəti qorumaqdır. Rusiya hakimiyyəti aprel ayından çox qorxurdu. Düşünürdülər ki, Azərbaycan ordusu bir il bundan öncəki hərbi əməliyyatı təkrarlaya bilər. Bu baş vermədi. Rusiya rəsmilərinin Azərbaycana çoxsaylı səfərləri nəticəsini verdi. Ancaq bu ümumilikdə hərbi toqquşma ehtimalını azaltmayıb. Snayperlərimiz fəal işləyirlər, elə gün olur ki, işğalçıların iki hərbçisi məhv edilir. Yəni onsuz da atəşkəsə riayət olunmur. Rusiyanın təklifləri isə bizi qane etmir. Rusiyalı politoloq və özünü prezident Vladimir Putinin yaxın çevrəsindəki ekspert kimi təqdim edən Sergey Markova inansaq xarici işlər nazirlərinin Moskva görüşündə Ermənistan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planına razılaşmasa Kreml tərəfindən cəzalandırılmalı idi. Markov ötən il də deyirdi ki, 2016-cı ilin sonuna qədər Ermənistan 5 rayonu boşaldacaq və azərbaycanlı məcburi köçkünlər geri dönəcəklər. Əlbəttə, Markovun Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi alqışa layiqdir. Ancaq arzuları reallıq kimi göstərmək də yanlışdır, Azərbaycan cəmiyyətinin başının altına yastıq qoymaq lazım deyil. Bunun bizə xeyrindən çox zərəri var".
Ermənistan rəsmilərinin "biz növbəti görüşdə iştirak etməyəcəyik" açıqlamalarına gəlincə, politoloq bildirib ki, ermənilərin belə bir fikir söyləməsi isə oyundan başqa bir şey deyil: "Guya narazıdırlar. Ancaq əslində Moskva görüşündə birbaşa özləri maraqlıdırlar. Çünki bilirlər ki, Kreml Ermənistanın maraqları əleyhinə addım atmayacaq. Əskinə, naz eləməklə Azərbaycanda "əgər Ermənistan danışıqlarda iştirak etmək istəmirsə, Moskvanın dəvətindən imtina edirsə, deməli bu avtomatik bizim xeyrimizədir, ona görə də Kremlin görüş təklifinə biz düşünmədən razılaşmalayıq" müzakirələrinin genişlənməsinə şərait yaradırlar. Biz görüşə dərhal razılaşırıq, bizdən sonra onlar da razılaşır, danışıqlar başa çatır, biz görüşdən narazı, onlar isə razı qayıdırlar. Belə görüşdən niyə imtina etsinlər ki? Bu da informasiya müharibəsinin tərkib hissəsidir. Status-kvonun, o cümlədən atəşkəsin uzanmasına yol açan bütün müzakirələr Ermənistanın xeyrinədir".
Politoloq Qabil Hüseynli deyib ki, Rusiya bölgədə yeni müharibə riskini istəmirsə, onda sülhə nail olmağın yollarını göstərməlidir. Moskva görüşünün baş tutmasını müsbət hal hesab edən politoloq vurğulayıb ki, tərəflər bəzi məsələlərdə bir-birinə güzəştə getməlidir: "Ancaq elə prinsipial məsələlər var ki, Azərbaycanın güzəşt limiti bitib. Bakı danışıqların davam etməsi və sülh sazişi ilə bitməsi naminə güzəştə gedə bilər. Bu məsələdə Rusiyadan çox şey asılıdır. Əgər Rusiya bölgədə yeni müharibə riskini istəmirsə, onda sülhə nail olmağın yollarını göstərməlidir. Yəni Moskva da prosesə qatılmalı, BMT-nin dörd qətnaməsinə uyğun olaraq Dağlıq Qarabağ məsələsinin həllinə təkan verməlidir". Politoloq bu fonda son günlər Azərbaycanın Rusiyadan yeni döyüş silahları almasına da toxunub: "İrəvanın konstruktiv mövqeyindən çox şey asılıdır. Ermənistan bu dəfə də status məsələsini ön plana çəkibsə, bu danışıqların yenidən pozulacağı deməkdir. Bu isə yaxşı heç nə vəd etmir. Əgər Moskvada dünya təcrübəsinə uyğun olaraq muxtariyyətin ən yüksək formaları ətrafında polemikalar gedibsə, zənnimcə, bu məsələdə Azərbaycan kompromislərə gedə bilər. Əks təqdirdə, problemin həlli uzana bilər. Bu isə yalnız Ermənistanın ziyanına olacaq. Ümid zəif də olsa, hər halda danışıqların davam etdirilməsi yaxşı olardı".
Politoloq Tural Əliyev isə bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə perspektivlər müzakirə olunub: "Görüşdən sonra tərəflər rəsmi bəyanat veriblər. Rəsmi bəyanatda tərəflərin Vyana və Sankt – Peterburq görüşlərində əldə edilmiş razılışmaların həyata keçirilməsinin vacibli qeyd olunub. Görünən odur ki, keçən ilin aprelində baş vermiş hərbi toqquşmalardan sonra rəsmi Moskva narahat olub. Üstündən 1 il keçdikdən sonra yenidən belə bir görüşün keçirilməsi, məhz Moskvanın təşşəbüsü ilə diqqət çəkməyə bilməz. Məncə dünyada və regionda baş verən siyasi proseslər Rusiyanı bu addımı atmağa məcbur edir".
Onun fikrincə, Cənubi Qafqazdakı ən həssas konflikt olan Dağlıq Qarabağ ətrafında istənilən vaxtda vəziyyət gərginləşə bilər: "Çunki Azərbaycan tərəfi müharibəni heç vaxt istisna etmir, mövcud status – kvo ilə razılaşmır. Görüşdə çox güman ki, atəşkəsin qorunub saxlanması əsas müzakirə predmeti olub. Ona görə düşünmürəm ki, hər hansı ciddi dəyişiklik olsun. Ancaq tam zamənəti də heç kəs verə bilməz. 2016-cı ilin aprel toqquşmaları buna əyani sübutdur. 22 illik atəşkəsdən sonra Azərbaycan ona məxsus olan torpaqların bir qismini azad etdi".

Əli