Ermənistan Avropa Şurasının tələbinə əməl edəcəkmi? Layihə

Ermənistan Avropa Şurasının tələbinə əməl edəcəkmi?

Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot AŞ Nazirlər Komitəsinin Kiprdə keçirilən 127-ci sessiyasında çıxışı zamanı deyib ki, Avropa Şurasının monitorinq institutlarının Dağlıq Qarabağa və Azərbaycanın 7 ətraf rayonuna maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin çözülməsi istiqamətində beynəlxalq qurumlar zaman-zaman bu və ya digər formada bəyanatlar, qərarlar səsləndirib.
Ancaq 20 ildən artıqdır ki, münaqişədə hər hansı bir istiqamətdə dəyişən heç nə yoxdur. Ermənistan hər zaman beynəlxalq qurumların verdiyi qərarlara etinasız yanaşıb və heç vaxt üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Bəs bu dəfə necə olacaq? Ermənistan Avropa Şurasının tələbinə əməl edəcəkmi?
ALDP sədri Fuad Əliyevin fikrincə beynəlxalq təşkilatlar daim Azərbaycana qarşı ikili standartlardan çıxışlar ediblər: "Düzdür, beynəlxalq təşkilatların rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinin tərəfdarı olublar və bütün beynəlxalq tədbirlərdə bunu səsləndiriblər. Amma yalnız sözdə. Bu vaxta qədər heç bir beynəlxlaq təşkilat rəhbəri və ya rəsmisi işğalçı Ermənistana sanksiyaların tətbiqini gündəmə gətirməyib. Baxın dünya xəritəsinə, Yaxın və Orta Şərqdə baş verən proseslərə. Dünya İrana nüvə məsələsində sanksiyalar tətbiq edir, Qərb Ukrayna məsələsində Rusiya ilə münasibətlərini sərinləşdirib və s. Misallar çox çəkmək olar. Nə olardı ki, Avropa Şurası və yaxud da BMT sənədlərində işğalçı kimi qəbul etdiyi Ermənistana da təzyiqlərini göstərərdi. İndi Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rotun bu açıqlamasının reallaşa biləcəyinə o qədər də inanmıram. Çünki Avropa Şurasının da Dağlıq Qarabağla bağlı qərarları var. Amma məsələ qərar qəbul etməkdən ibarət deyil, o qərarların həyata keçirilməsi üçün mexanizmin işlənilməsi gərəkdir. Mən beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduqları mövqelərinə səmimi yanaşmıram. İşğalçı Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmirsə, inanmıram ki, Avropa Şurasının hər hansı tövsiyyə xarakterli qərarları ilə razılaşsın".
Politoloq Məhəmməd Əsədullazaə bildirib ki, Ermənistanın son bir ildə cəbhə xəttində atəşkəsi intensiv pozması və danışıqlar prosesində iştirak etməməsi, regional təhlükəsizliyi ciddi şəkildə təhdid edir: "Ermənistan hakimiyyəti işğal altında saxladıqları ərazilərdə müəyyən tikinti və mədən sənayesini inkişaf etdirərək, ərazilərdə faydalı filiz yataqlarını istismar edir. Və məskunlaşma işləri aparır. Bununla əlaqədar Azərbaycan daima Ermənistanın münaqişənin həllinə zərbə vuran bu kimi qanunsuz hərəkətlərrinin qarşısını almaq üçün beynəlxalq təşkilatlar və Avropa Şurasında məsələlər qaldırır. Təbii ki, BMT Təhlükəsizlik Şurası və Avropa Şurası Ermənistanın işğal siyasəti ilə bağlı sənədlər qəbul edib, işğala son verilməsi üçün çağırışlar ediblər. Avropa Şurasının monitorinq institutlarının işğal olunmuş ərazilərdə monitorinq keçirilməsi üçün rəsmi İrəvana müraciətlərinin nəticəsiz qalması, bir daha işğalçı ölkənin beynəlxalq qrumların müraciətlərinə etinasızlığın nəticəsidir. Ermənistan beynəlxalq təşkilatlar tərəfindən nə qədər ki, ciddi siyasi sanksiyalara məruz qalmırsa onun qətnamə və sənədlərə qarşı hörmətsizliyi davam edəcək. Avropa Şurası tövsiyə xarakterli deyil, Ermənistana qarşı sərt şəkildə siyasi rıçaqları işə salmalıdır. Çünki, bu qrumun istədiyi ərazilərdə monitorinqinin qarşısını alır. Ermənistanın bu siyasəti, Rusiyanın himayədarlığından irəli gəlir. Rusiya Ermənistanı silahlandırmaqla münaqişədə status-kvonun qorunmasına çalışır. Qeyd edim ki, işğalçı ölkə Azərbaycanın işğal olunmuş ərazilərində hərbiləşdirdiyi üçün beynəlxalq təşkilatların burada monitorinqinin qarşısını məqsədli şəkildə alır. Hesab edirəm ki, Azərbaycan Ermənistana təzyiqləri o vaxta kimi davam etdirməlidir ki, Ermənistan kompromisə hazır olsun. Ermənistanın hazırkı siyasəti beynəlxalq təşkilatların işini çətinləçdirir və Qarabağ münaqişəsinin nizamlanmasını uzadır".
Politoloq Elşən Manafov deyib ki, Avropa Şurasında verilən qərarlar fərqli səsvermələr nəticəsində qəbul olunur:"ATƏT-də səsvermə nəticəsində qəbul olunan qərarlar Avropa Şurasına üzv dövlətlərə də aiddir. Bu mənada Avropa Şurasının bu zamana qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə və qərarlara münasibətdə də Ermənistanın sərgilədiyi mövqe göstərir ki, əslində Avropa Şurasının Avropa İttifaqından fərqli olaraq üzv dövlətlərə sanksiya tətbiq etmək, qərarlara əməl etməyəcəyi tədqirdə təzyiq göstərmək imkanları yoxdur. Avropa Şurası belə bir vəziyyətdə ən yaxşı halda həmin dövləti səsvermə hüququndan məhrum edə bilər.
Bu da daha çox diplomatik kanallar vasitəsilə üzv dövlətlərə təzyiq etməsi baxımından diqqəti cəlb edir.Amma BMT-dən fərqli olaraq Avropa Şurası nə iqtisadi sanksiyaların, nə embarqonun tətbiqinə gedə bilmir. Ən əsası da BMT-nin qəbul etdiyi qətnamələrin verilmiş müddətdə icra edilmədiyi tədqirdə, bu qurumun qərarların yerinə yetirilməsini təmin etmək üçün müxtəlif qurumları var. Digər tərəfdən BMT-yə verilən səlahiyyətlər Avropa Şurasına aid edilmir. Ona görə də düşünürəm ki, Avropa Şurasının qəbul etdiyi qərarlar daha çox tövsiyyə xarakteri daşıdığından, münaqişənin həll edilməsi istiqamətində mandat ATƏT-in Minsk Qrupuna tapşırıldığından bütün beynəlxalq qurumlar probleminin Minsk Qrupu çərçivəsində həll olunmasının vacibliyini vurğulayıblar".

Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, beynəlxalq qurumlara bu günki vəziyyət sərf edir. Bu iyirmi ildən artıq bir müddətdə ATƏT özünün gücsüzlüyünü sübut elədi: "Açığı deyim ki, həmsədr ölkələr konkret olaraq daha çox Rusiya və Ermənistanın mövqeyindən çıxış edir. 2016-cı il aprel hadisələrində də Ermənistan prezidentinin adından, o cümlədən, Rusiyanın xarici işlər naziri və Rusiyanın müdafiə naziri Azərbaycana müraciət etdikdən sonra iki ölkənin baş qərargah rəisləri Moskvada görüşdülər və bu razılaşma əldə olundu. Amma, biz bir ildən çox müddətdə gözləyirdik ki, Ermənistanla müəyyən bir predmet üzrə danışıqlar aparılacaq. Amma, biz bunun şahidi olmadıq. Əksinə qarşı tərəf daha öldürücü silahlar əldə edib, hər gün Azərbaycanı hədələyir və Azərbaycana qarşı əməliyyatların keçiriləcəyini düşünür. Yenə də deyirəm, danışıqlar prosesinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanla Ermənistan ərazisində onlar müstəqilliyini əldə etdiyi vaxtda olan o sərhədlər bərpa olunmalıdır. Yəni, Ermənistan Silahlı Qüvvələri qeyd-şərtsiz olaraq öz ərazilərinə çəkilməlidir. Ermənistan bunu yerinə yetirməyəcəksə bu danışıqlar mənasız, status- kvonun bu vəziyyətdə qalmasına hesablanmış addımlardır ki, Azərbaycan tərəfi heç bir halda bundan sonra dözmək fikrində deyil. Bunu ölkə rəhbərliyi də, silahlı qüvvələrin komanda heyəti də dəfələrlə bəyan edib ki, nəyin bahasına olursa-olsun, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Bunun çıxış yolu beynəlxalq normaların yerinə yetirilməsidir. Ya sülh, ya müharibə. Sülh yolu ilə bu məsələ alınmır. Danışıqlar prosesi indiyə qədər prezidentlərin nə qədər görüşləri olub, xarici işlər nazirləri də nə qədər görüşüb, ATƏT-in Minsk qrupu nə qədər səfərlər ediblər. Ortalıqda hansı nəticə var? Azərbaycan haqsıqlığa məruz qalmış bir ölkədir. Azərbaycanın haqqı tanınmalıdır. Bu gün gah Kazan, gah da Madrid prinsiplərindən danışılır. Ermənistana sərf ediləndə Madrid prinsiplərindən yapışır, sərf etməyəndə Kazan prinsiplərindən. Bu gün də ölən var, dünən də olub, bundan əvvəl də olub və belə gedişlə hər iki tərəfdən itkilərin olması qaçılmazdır".
Yeri gəlmişkən, Ermənistanın Müdafiə Nazirliyində ordu intizamının möhkəmləndirilməsi və döyüş növbəsinin təşkilində keyfiyyətin artırılmasına həsr olunmuş müşavirə keçirilib.
Ermənistan mediası xəbər verir ki, müşavirə yeni təyin olunmuş baş qərargah rəisi Movses Akopyanın rəhbərliyi ilə baş tutub.
Ermənistan mediası bu müşavirə ilə bağlı üç versiyanı gündəmə gətirib:
Birincisi, A.Movses yeni postuna gələn kimi vəziyyəti nəzarətə alır
İkincisi, erməni hərbi birləşmələrinin Qarabağda hər gün verdiyi itkilər hərbi xidmətdə boşluqların olduğunu ortaya çıxarıb.
Üçüncüsü, Ermənistan müharibəyə hazırlaşır.
Sonuncu variantı "lragir" saytı da irəli sürüb və qeyd edir ki, Ermənistan ordusunda ciddi hazırlıqlar aparılır.
"Bu, cəbhədə verilən itkilərlə bağlıdır, amma həm də orduda yeni müharibə hazırlığından da söhbət gedir", - deyə sayt bildirib.
Bu da onu deməyə əsas verir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmək niyyətindən uzaqdır. Bütün bunlara isə beynəlxalq qurumlar göz yumurlar.

Cavid