“İndi rəsmi İrəvanın, separatçı rejimin qarşısında bir məsələ dayanır” Layihə

“İndi rəsmi İrəvanın, separatçı rejimin qarşısında bir məsələ dayanır”

Elman Cəfərli: "Necə edək ki, erməni əsgəri səngərdən qaçmasın"

Elnur Eltürk: "Yalan məlumatlar yayırlar ki, daxildə vəziyyət stabilləşsin"

Aqil Camal: "Bu, erməni cəmiyyətində əlavə gərginlik və pessimizim yaradır"

Murad Alıyev: "Ermənistan tərəfinin ardıcıl məğlubiyyətlərini ört-basdır etmək cəhdləri baş tutmur"


Ermənistan mətbuatı separatçı Dağlıq Qarabağ rejiminin "Müdafiə Nazirliyi"nə istinadla Azərbaycan xüsusi təyinatlılarının guya iyunun 21-dən 22-nə keçən gecə qarşıdurma xəttini keçmək cəhdinin qarşısının alındığı və 4 nəfər itki verərək geri çəkilmək məcburiyyətində qaldığı barədə məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyindən isə bildirilib ki, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq "inam" verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.
Erməni mediasının mütəmadi olaraq bu cür dezinformasiya nəyə heablanıb?
Cumhuriyyət qəzetinin redaktoru Elman Cəfərli: "Ötən ilin aprel döyüşləri göstərdi ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duruş gətirə bilmir. Böyük dövlətlər imkan versələr, işğalçıya dəstəyi kəssələr Azərbaycan ordusu çox asanlıqla qısa zaman kəsiyində işğalçı ordunu darmadağın edə bilər. Atəşkəsdən 23 il ötür. Bu illər ərzində Azərbaycan ordusu komplektləşdirilib, güclənib, müasir silahlarla təchiz edilib. Ordumuzun döyüş hazırlığı, müdafiə qabiliyyəti yüksəkdir. O zaman Rusiya silahları ilə təczhi edilmiş, rus zabitlərinin təlim keçdiyi hazırlıqlı, nizami erməni ordusunun qarşısında vahid komandanlığı olmayan, qeyri-nizami Azərbaycan özünü müdafiə dəstələri dayanmışdı. İndi situasiya tam tərsinədir. Bir tərəfdə işğal olunmuş vətən torpaqlarının azad olunacağı günü səbirsizliklə gözləyən, müasir silahlarla təchiz olunmuş, nizami, qələbəyə təşnə Azərbaycan ordusu varsa, digər tərəfdə köhnə rus silahları ilə silahlanmış, ruh düşgünlüyü içərisində olan, qaçmağa hazır erməni ordusu dayanıb. Erməni əsgəri özgə torpaqlarında olduğunu yaxşı bilir və ilk fürsətdə qaçacaq. Ümumiyyətlə, istər mülki, istərsə də hərbi ermənilər arasında "Böyük Ermənistan" ideyası iflasa uğrayıb. Artıq ermənilər buna və Qarabağın Ermənistana birləşdiriləcəyinə inanmırlar. Son məlumata görə, Qarabağdan minlərlə mülki erməni qaçıb. Bunu Ermənistan rəhbərliyi də gözəl anlayır. İndi rəsmi İrəvanın, separatçı rejimin qarşısında bir məsələ dayanır: necə edək ki, erməni əsgəri səngərdən qaçmasın, Azərbaycan ordusunun gücü aşağılansın, nüfuzu sarsılsın. Bunun da yolu müxtəlif dezinformasiyaların yayılmasından keçir. Bu cür ucuz vasitələrlə çəkməsi, arxalığı cırıq biçarə erməni əsgərini bir müddət aldaqmaq olar. Ancaq döyüşdə bu cür dezinformasiyalar keçmir. Erməni əsgəri Azərbaycan ordusunun gücünü, qüdrətini yaxşı bilir. Azərbaycan ordusunun düşməni daim narahatlıqlda, gərginlikdə saxlamaq siyasəti çox doğrudur. Yaxın zamanlarda erməni əsgəri komandanlığın üzünə ağ olacaq və Qarabağda keşik çəkmək istəməyəcək. Elə erməni şovinistlərinin, siyasi rəhbərliyinin də reallığı dərk edəcəyi günə çox qalmayıb".
Diaspor üzrə araşdırmaçı jurnalist, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk: "Son günlər ermənilər verdikləri itkilərin hesabını kompensasiya etmək üçün dezinformasiya yaymaqla məşğuldurlar. Bildiyiniz kimi son bir neçə gün ərzində ermənilərin hərbi texnikası və 6 əsgəri məhv edilib. Bu, Ermənistanın daxilində vəziyyətin gərginləşməsinə səbəb olur. Artıq erməni anaları övladlarının Qarabağa göndərilməsini istəmirlər və etiraz aksiyaları keçirirlər. Bunun özü rejim üçün ciddi siqnaldır. Ermənistan hakimiyyəti bunu önləmək üçün guya cəbhədə Azərbaycan əsgərlərinin öldürülməsi ilə bağlı yalan məlumatlar yayırlar ki, daxildə vəziyyət stabilləşsin. Ermənistanda bir gerçəklik hakimdir: bir Azərbaycan əsgəri şəhid olursa, 5 erməni əsgəri və texnikası məhv edilir. Ermənistan bundan ciddi nəticə çıxartmalıdır. Əks-halda İrəvanı aprel hadisələrindən də betər gün gözləyir. Üstəlik, bu gün Ermənistan Azərbaycana geosiyasi faktorda da uduzdur. Bütün beynəlxalq aləmdə Ermənistanın işğalçılıq siyasəti ifşa olunur".
"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal: "Ermənistan ordusu son dövrlərdə cəbhədə ağır itkilər verirlər. Həm canlı qüvvə, həm də hərbi texnika sarıdan. Demək olar ki, hər həftə Ermənistanın müxtəlif şəhərlərinə əsgər meyitləri gedir. Bu da onsuz da sosial-iqtisadi problemlər məngənəsində çırpınan erməni cəmiyyətində əlavə gərginlik və pessimizim yaradır. Məhz bu psixoloji gənginliyi azaltmaq üçün Ermənistan rəhbərliyi vaxtaşırı Azərbaycan ordusunun olmayan itkiləri ilə bağlı "özünüsığortalayıcı" məlumatlar yayır. Əlbəttə, zaman-zaman Azərbaycan Ordusu da şəhidlər verir. Və bu haqda həm Müdafiə Nazirliyi açıqlama verir, həmçinin, şəhid hərbçimiz müvafiq prosedurlar çərçivəsində dəfn olunur. Əgər son günlərdə belə bir hal olmayıbsa, haqqında bəhs edilən "4 şəhid" ermənilərin növbəti təxribatçı yalanından başqa bir şey deyil".
Report.az İnformasiya Agentliyinini baş redaktoru Murad Alıyev: "Hazırda Ermənistanın həm cəbhədəki səngərdə, həm informasiya səngərində ard-arda məğlubiyyətlər almasının şahidi oluruq. Ötən ilin aprel ayında baş tutmuş aktiv hərbi əməliyyatlar bunu bir daha sübut etdi. Bugünlərdə də erməni tərəfi cəbhədəki fiaskoya don geyindirmək məqsədi ilə müxtəlif dezinformasiyalar yaymaqla məşğuldurlar. Son hadisə düşməni daha sarsıtdı, erməni kəşfiyyatçısı Zaver Karapetyanın əməliyyat etməyə cəhd edərkən hərbçilərimiz tərəfindən yaxalanıb, ümumilikdə isə 16-17 iyun tarixlərində Ermənistan silahlı qüvvələri 6 hərbi qulluqçusunu itirib. Erməni tərəfi çoxsaylı yaralıları məcbur qalaraq hər gün bir adla ortalığa çıxarmaqla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir. Lakin Ermənistan tərəfinin ardıcıl məğlubiyyətlərini ört-basdır etmək cəhdləri baş tutmur. Çünki bu gün cəbhədə baş verən hadisələrlə bağlı tək yerli media deyil, xarici KİV-lər də geniş yer ayırırlar. Xarici media qurumları isə Azərbaycan Müdafiə Nazirliyinin faktlarla təsdiqini tapan məlumatlarını tirajlayırlar. Çünki düşmənin yaydığı məlumatların falsifikasiya olduğunu hər kəs dərk edir
"Diaspor" Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə: "Bu xəbərin nə dərəcədə yalan olduğunu elə hansı mənbədən yayılması açıq-aydın göstərir. Dağlıq Qarabağda qondarma olaraq yaradılan bu rejimin mahiyyəti bəllidir. Məqsədi separatçılıq olan rejim hər zaman yalan informasiyalar yayaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmağa çalışır. Erməni mediası ilk dəfə deyil belə xəbər yayır. Dəfələrlə bu hal baş verib. Azərbaycan hər zaman çalışıb ki, münaqişə sülh yolu ilə həll olunsun. Buna uyğun olaraq da cəbhədə atəşkəs rejiminə riayət edir. Lakin Ermənistan hərbiçiləri son zamanlar hər gün mütəmadi olaraq atəşkəsi pozular. Bütün bunlarda cəbhədə gərginliyi artırır. Erməni mediasının bu dezinformasiyaları həm də Azərbaycana qarşı növbəti qarayaxmasıdır".
"Olaylar"ın əməkdaşı Alim Hüseynli: "Ermənistanın Azərbaycana qarşı yürütdüyü təxribat ideologiyasınan kökündə bir neçə amil durur ki, illərdən bəri həmin ideologiya həyata keçirilməkdədir. Bunlardan biri Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqdır ki, erməni mediası bu məsələdə daim aktiv olub. Xüsusən, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, yaxud milli bayramlar ərəfəsində bu qarayaxma kampaniyası daha da genişlənir...Ermənilər belə təxribatçı addımları ilə mövcud status-kvonu qoruyub saxlamaq, danışıqlar prosesini uzatmaq məqsədi güdürlər. Buna nail olmaqdan ötrü dezinformasiyanı ən tutarlı vasitə hesab edirlər. Belə dezinformasiyaların daxili auditoriyaya hesablanmış siyasi məqsədlərini də inkar etmək olmaz. Ermənistanın cinayətkar siyasi rejimi bunula həm hakimiyyətini qoruyub saxlamaq, həm də orduya əsgər cəlb etmək niyyətini güdür".
"Həftə içi" qəzetinin əməkdaşı Vüsal Tağıbəyli: "Biz mətbuat olaraq bəzən ermənilərin yazdığını onların acizliyi kimi qələmə veririk. Əslində isə onlar məkrli millət olaraq yenə də Azərbaycanın əleyhinə təbliğat olaraq istifadə edirlər hər şeydən. Konkret olaraq Azərbaycan ordusunun ünvanına yaydıqları təxribatyönümlü xəbərə gəldikdə, həm səfil erməni xalqını inandırmaq istəyirlər ki, güclü orduları var, Azərbaycan ordusu istədikləri vaxt məğlub edə bilərlər. İkincisi isə, Azərbaycan ordusu guya təxribat edir, onları atəş altında saxlayır və əlbəttə, guya "layiqli cavab" verirlər. Göründüyü kimi, hər iki halda onların təbliğatı Azərbaycanın əleyhinə hesablanıb...".
"Kaspi" qəzetinin əməkdaşı Azər Nuriyev: "Ermənistandakı hərbi xuntanın qoşunların təmas xəttində törətdikləri təxribatçı əməllər yalnız və yalnız bir məqsədə xidmət edir-ölkə daxilində yaşanan sosial iqtisadi gərginliyin istiqamətini dəyişmək. Ölkə çox ciddi mühacir problemi ilə üz-üzə qalıb, insanların sabah vəziyyətin necə olacağına ümidləri günbəgün azalır. Məhz bu səbəbdən də hakimiyyət mütəmadi olaraq cəbhə zonasında, sərhəd zonasında bu kimi əməllərə yol verməyə çalışır".
Mediafax.Az saytının baş redaktoru Əvəz Qurbanlı: "Ermənistan mətbuatının bu cür dezinformasiyalar yaymasının bir neçə səbəbi var. Birincisi, xəbərdə separatçı Dağlıq Qarabağ rejiminin qondarma "Müdafiə Nazirliyi"nə istinad var. Bununla erməni mətbuatı qondarma bir qurumun varlığını həmişəki kimi israrla isbat etməyə, şüuraltına yeritməyə çalışır. İkinci səbəb, qüdrətli Azərbaycan ordusu qarşısında özlərinin ardıcıl uğursuzluqlarını, vaxtaşırı itkilərini Ermənistan cəmiyyətindən gizlətməkdir. Üçüncü səbəb isə, cəbhədəki məğlubiyyətlərinin əvəzini informasiya müharibəsində çıxmaq cəhdidir. Bu tipli xəbərlərdə, eyni zamanda, dünya ictimaiyyətinə yönəlik mesajlar da var ki, guya həmişə atəşkəsi pozan, erməniləri təzyiq altında saxlayan Azərbaycan ordusudur. Halbuki müharibə də, atəşkəs də, atəşkəsin pozulması da – bütün bunlar Azərbaycan torpaqlarında baş verir və beynəlxalq hüquqa əsasən Azərbaycan dövlətinin istənilən vaxt öz torpaqlarını işğaldan azad etmək üçün əməliyyat keçirmək hüququ var".

Əli