“Beynəlxalq təşkilatların bəyanatı 30 ildir ki səsləndirilir” Layihə

“Beynəlxalq təşkilatların bəyanatı 30 ildir ki səsləndirilir”

Mirsamir Məmmədov: "Konkret və lokanik şəkildə tədbirlər görülməlidir"

BMT-nin mətbuat katibi Stefan Düjarrik Dağlıq Qarabağda gərginliyin artması ilə əlaqədar narahatlığını ifadə edib.
O, tərəfləri hər cür hərbi hərəkətlərdən çəkinməyə və vəziyyətin sakitləşməsi və növbəti zorakılığın qarşısının alınması üçün addımlar atmağa çağırıb.
"BMT-nin baş katibinin 2017-ci il iyun 22-də verdiyi bəyanatda bildirdiyi kimi, hamımız təhlükəsizlik vəziyyətinin pisləşməsi, eləcə də bu yaxınlarda təmas xəttində atəşkəs rejiminin pozulması faktı ilə bağlı narahatıq", - S.Düjarrik Nyu-Yorkda brifinqdə vurğulayıb.
O, BMT-nin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində insanların, o cümlədən mülki vətəndaşların qətlə yetirilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını dəstəklədiyini açıqlayıb.
BMT rəsmisi bildirib ki, danışıqlar masasına ən qısa zamanda qayıdış, bu həlli uzanmış və təhlükəli münaqişənin yeganə nizamlama yoludur.
ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən isə 4 iyul tarixində verilmiş bəyanatın ardınca 2-ci bəyanat verilib.
Həmsədrlər tərəfindən 4 iyulda atəşkəsin pozulması ilə əlaqədar ciddi narahatlıq ifadə olunaraq bildirilir: "Biz bu ciddi insidenti sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi nəzərdən keçiririk".
Həmsədrlər tərəflərə Cenevrə konvensiyaları əsasında mülki insanların qəbuledilməz tələfatına yol açan zorakı addımlardan kənar durmaq barədə öhdəliklərini xatırladırlar. "Biz tərəflərə müraciət edərək gərginliyin aradan qaldırılması və 1994-1995-ci il atəşkəs haqqında razılaşlaşmara ciddi riayət edilməsi üçün tədbirlər görməyə çağırırıq"- deyə bəyanatda qeyd olunur.
Sonda bəyanatda deyilir: "Rusiya Federasiyası, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həlli üçün danışıqların mümkün olan ən tez bir zamanda bərpası zərurətini vurğulayır. Bu regionun bütün xalqları üçün sülh, çiçəklənmə və həqiqi barışıq gətirmək üçün yeganə yoldur".
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2-ci bəyanatını XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şərh edib:"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 4 iyul tarixində Fizuli rayonunun Alxanlı kəndində baş verən hadisələr ilə əlaqədar 2-ci bəyanatı həmsədrlər tərəfindən verilən o açıqlamalar sırasına aiddir ki, burada təxribatların kimin tərəfindən törədilməsi, Cenevrə konvensiyalarının və danışıqlar prosesinin kimin tərəfindən pozulması aydın şəkildə bəlli olur.
Belə ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən son bəyanatda 4 iyul tarixində Fizuli rayonunun Alxanlı kəndində baş verən hadisələr təxribat kimi qiymətləndirilib.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu qiymətləndirməsini bölüşərək bildiririk ki, Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndini minaatan və dəzgahlı qumaratanlardan atəşə tutması nəticəsində azyaşlı qızcığazın və onun nənəsinin həlak olması və digər qadının ağır yaralanması Ermənistanın təxribatı olaraq danışıqlar prosesinin və həmsədrlərinin səylərinin pozulmasına hesablanmışdı.
Aparılan araşdırmalar və təqdim olunan dəlillər tam şəkildə sübut edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Alxanlı kəndində mülki insanlar və mülki obyektlər hədəfə alınıb. Ermənistan Alxanlı kəndində mülki insanların öldürülməsinə görə məsuliyyəti öz üzərindən atmaq üçün guya kənddə atəş nöqtələrinin olması barədə saxta propaqanda aparır. Alxanlı kəndində heç bir atəş nöqtəsi və ya hər hansı digər hərbi məntəqə olmayıb. Azərbaycanda akkreditə olunan ABŞ, Çin Xalq Respublikası, Pakistan İslam Respublikası, Türkiyə, Rusiya Federasiyası, Çexiya, Qazaxıstan, Belarus, Koreya, Gürcüstan və Ukraynanın hərbi attaşeləri və Almaniya Federativ Respublikasının səfirliyinin diplomatı, beynəlxalq media nümayəndələri 6 iyul tarixində Alxanlı kəndinə təşkil olunan səfər çərçivəsində yerindəcə bu faktın şahidi oldular.
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə mülki Azərbaycan əhalisinin qanlı etnik təmizləməyə məruz qoyulması, mülki və hərbi şəxslərə qarşı çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayət əməllərinin törədilməsi, Xocalı soyqırımı, o cümlədən 2016-cı ilin aprelində təmas xətti boyunca 32-dən artıq yaşayış məntəqəsinin ağır artilleriya atəşinə tutulması, Alxanlı kəndində törədilən son əməllər Ermənistan tərəfindən sistematik şəkildə Cenevrə konvensiyaları çərçivəsində üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasını sübut edir. Bu baxımdan həmsədrlərin Cenevrə konvensiyaları əsasında öhdəliklərə riayət edilməsi, həmçinin mülki insanların tələfatına yol açan zorakı addımlardan kənar durulmasına dair çağırışlarını təqdir edirik.
1994-1995-ci il atəşkəs haqqında sazişlərə riayət olunması barədə çağırışa gəlincə qeyd etmək lazımdır ki, Ermənistan 25 ildən artıq dövr ərzində atəşkəs rejimindən sui istifadə edərək Azərbaycan ərazilərinin işğalını möhkəmləndirməyə və qəbuledilməz olan status kvonu saxlamağa çalışır. ATƏT-in 1994-cü il Budapeşt sənədində, o cümlədən atəşkəsə aid sənədlərin özündə qeyd olunduğu kimi atəşkəs münaqişənin siyasi həlli üçün şərait yaratmalı idi. Təəssüflər olsun ki, Ermənistan tərəfindən ötən müddət ərzində müxtəlif təxribat və bəhanələrlə buna imkan verilmir. Onu da qeyd etmək lazımdır ki, 1994-1995-ci illər atəşkəs haqqında sənədlərin vacib tərkib elementlərindən biri də Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına dair vaxt qrafikidir.
Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir və münaqişənin danışıqlar yolu ilə həllinə başlıca əngəldir.
Münaqişənin həllində irəliləyiş nail olmaq və regionda davamlı sülh və sabitliyi təmin etmək üçün beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır".
"Beynəlxalq aləm Azərbaycanın haqqlı mövqeyinə hörmətlə yanaşmağa beynəlxalq qanunlarla borcludur. Eləcə də işğalçı ölkənin cinayət əməllərinə qarşı ciddi cəza tədbirləri görülməli və ən azından sanksiyalar tətbiq olunmalıdır".
Bunu, açıqlamasında, iyulun 4-də ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı Zəhranın və nənəsinin qətl etməsinə, bir nəfərin isə yaralanmasına dünya birliyinin susmasını şərh edərkən siyasi ekspert, politoloq Mirsamir Məmmədov bildirib.
Politoloq dünya birliyinin ermənipərəstliyindən danışaraq qeyd edib ki, iyulun 4-də erməni terrorçularının işağal altındakı ərazilərdən Füzuli rayonunun Alxanlı kəndi istiqamətində sivil insanları, dinc və günahsız sakinlərimizi gülləbaran etməsi nəticəsində 2 yaşlı günahsız uşağın və nənəsinin qətledilməsinə, bir nəfərin isə ağır yaralanmasına Beynəlxalq Təşkilatlar və dünya birliyi yenə də susdular və ermənipərəstlik etdilər, işğalçı ölkənin terror əməlinə qarşı heçbir cəza xarakterli addım atılmadı:"Halbuki baş verən hadisə beynəlxalq qanunlarla ən ağır cinayət halıdır, çünki hərbi təcavüz və terror aktıdır. Hərbi cinayət beynəlxalq hüquq tendensiyalarına əsasən ən ağır cinayət hesab olunur. Çünki, söhbət sivil insanların, dinc və günahsız sakinlərin, qorunmasız vəziyyətdə olarkən qəsdən və məqsədli şəkildə, siyasi məqsədlə, qəsbkarlıq və hərbi təcavüzkarlıq niyyətilə öldürülməsindən gedir. Ümumiyyətlə dinc sakinlərə, sivil insanlara güllə atmaq, qəsdən və məqsədli şəkildə öldürmək terror hadisəsidir. Beynəlxalq təşkilatlar və dünya birliyi, beynəlxalq aləm dərhal işğalçı Ermənistanı bu terror hadisəsinə görə mühakimə etməli olduğu halda, sadəcə kiçik ölçülü bəyanatlar verib susdular.
Beynəlxalq təşkilatların hər hansısa bəyanatı kifayət deyil. Bəyanatlar 30 ildir ki səsləndirilir. Konkret və lokanik şəkildə tədbirlər görülməlidir. İşğalçı ölkə həyata keçirtdiyi terror aktlarına və hərbi cinayətlərinə görə beynəlxalq hüquq qarşısında cavab verməli və mühakimə olunmalıdır. Cinayətkarı mühakimə etmədikcə heç bir dil və heç bir səsləniş onun islah olmasına yetməz. Bəyanatların ümumi motivi belədir. Ermənistan səhv edib, insan ölümünü dayandırın, insanlara güllə atmayın", vəssalam! Elə bu??? Bəs törədilən qanlı cinayətin hesabı kimdən sorulacaq???! Ölən körpənin və yaşlı qadının haqq və hüquqları tapdalanacaqmı?! Burada artıq beynəlxalq hüquq normaları, insan haqqları dəhşətli şəkildə pozulmuş olur. Dinc şəraitdə günahsız dinc sakinlərə güllə atılması dəhşətli cinayət halıdır. Konkret terror hadisəsidir. Terrorçu ilə necə davranılmalıdırsa, artıq Ermənistanla o tonda və səviyyədə danışılmalıdır. Amma təəssüfki Ermənistanla tamam fərqli və başqa motivdə danışılır, beynəlxalq təşkilatlar fərqli ampuladan çıxış edirlər, sanki cinayət halı yoxdur, sanki Azərbaycanla Ermənistan əsgərləri sadəcə qarşılıqlı atışıblar və bu atışmanı dayandırmağa çalışırlar. Beynəlxalq aləm yenə də ermənipərəstlik edərək ikili standartlardan əl çəkmir, reallıq isə ermənilərin tərəfində olmalarıdır. İşğalçı ölkəyə qarşı bəyanat səsləndirmək yox, cəza lazımdır.
Cəza olmadıqca, heç bir bəyanat işə yaramaz və bizə boş bəyanatlar gərək də deyil. Xocalını yerlə yeksan edib dünya xəritəsindən silənlər bu gün hazırda Ermənistanın siyasi rəhbərliyindədirlərsə, deməli beynəlxalq hüquq da, insan haqqları məsələsi də, demokratiya da, insani prinsiplər də boş və mənasız məsələdir və insan haqqları və demokratiya məsələsi özlərinin şəxsi maraqlarının təmin olunması üçündür, gözdən pərdə asılır və bizim kimi ölkələrə beynəlxalq hüququn heçbir aidiyyatı yoxdur. Əgər Azərbaycan əsgəri qəsdən də yox, yanlışlıqla təsadüfən bir dinc erməni sakinini öldürmüş olsaydı, bütün dünya və bütün beynəlxalq təşkilatlar bizimlə müharibəyə qalxardılar. Ancaq bu gün ölən Azərbaycan övladı olduğu üçün dünya susur və səsini çıxarmır, həmçinin işğalçı ölkənin terror əməlinə qarşı heç bir adekvat cəza tədbiri görülmür. Bunun tək adı ermənipərəstlik və ikili standartlardır. Dünya birliyi ikili standartlara dərhal son qoymalı, təcavüzkar və terrorçu Ermənistan bu günə qədər törətdiyi bütün vəhşiliklərə, terror əməllərinə və son olaraq həyata keçirtdiyi vandalizmə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir".

Cavid