Mediada kriminal xəbərlər Layihə

Mediada kriminal xəbərlər

Psixoloqlar bunu cəmiyyətdə aqressiyanın başlanğıcı hesab edirlər

I yazı

Bu gün mediada kriminal xəbərlər daha çox üstünlük təşkil edir. Media ekspertlərinin əksəriyyəti buna mənfi yanaşsa və bu mövzu müztəlif zamanlarda müzakirə olunsa da problemli məsələ sayıla bilər. Yerli telekanalların son dövrlərdə ən çox müraciət etdiyi mövzular arasında kriminal xəbərlər xüsusi yer tutur. Psixoloqlar isə bunu cəmiyyətdə aqressiyanın başlanğıcı hesab edirlər.
Ümumiyyətlə kriminal xəbərlərə tələbat nə qədərdir, bu tipli xəbərlərin yayılması vacibdirmi? Jurnalist Əziz Mustafa hesab edir ki, elə dəhşətli cinayət hadisələrindən xəbər tutursan ki, tüklərin biz-biz olur və sənə elə gəlir ki, ölüm haradasa yaxınlığındadır: "Biz orta yaşlı nəsil sovet dövründə belə şeyləri görməmiş və eşitməmişdik. Çünki o dövrdə canlı efirə kriminal xəbərlərin buraxılması qadağan idi və bununla bağlı sərt senzura vardı. Hətta kriminal xəbərlərin qəzetlərdə getməsinə belə icazə verilmirdi. Nadir hallarda, özü də yüz dəfə senzuradan keçəndən sonra, belə demək mümkünsə, mənəviyyata zərəri olmayan tək-tük kriminal xəbərlər qəzetdə verilirdi. O vaxt biz bunun səbəbini anlaya bilmirdik, ancaq rejim bunu yetişməkdə olan nəslin mənəviyyatının pozulmasına yol verilməməsi ilə izah edirdi. Yenə də təəssüflər olsun ki, o vaxt çoxumuz bunu anlaya bilmir, Qərbdə bu tip məlumatlara qadağa qoyulmamasını insan azadlığı, demokratiya kimi qiymətləndirirdik. Əslində kriminal xəbərlər xəstəliyi ötən əsrin 90-cı illərinin ortalarında mətbuatda özünü göstərməyə başladı. Qəzetlər bu yolla özlərinə daha çox oxucunun diqqətini cəlb etməyə çalışırdılar. Onlar buna müəyyən qədər nail oldular. Kriminal xəbərlərə oxucu marağı isə, zənnimcə, ölkəmizdə kriminallaşmanın əsaslarını qoydu. Hər halda məhz bu kriminal xəbərlərin mətbuatda at oynatması nəticəsində cinayətlərin sayı artdı, yetişməkdə olan gənc nəslin mənəviyyatı aşınmağa başladı".
Onun fikrincə, bu gün vaxt ilə bizdə dəhşət doğuran və baxa, eşidə bilmədiyimiz cinayətlər haqqında məlumatları gənc nəsil adi hal kimi qəbul edir, onlar efirdə dəhşət doğuran kriminal kadrları soyuqqanlılıqla seyr edirlər: "Telekanallarda gen-bol verilən kriminal xəbərlər isə atasını, anasını, ən yaxın doğmalarını belə amansızlıqla öldürənlərin sayının artmasına gətirib çıxarıb. Onların arasında gənclər çoxluq təşkil edir. Hər halda bizim bəyənmədiyimiz sovet dönəmində, ateist bir rejimdə ata-anaya əl qaldırmaq, onları vəhşicəsinə qətlə yetirmək ağlasığmaz idi. Amma indi əksinə olub və ata-anaya əl qaldırmaqdan, doğmalarını amansızlıqla öldürməkdən çəkinməyən nəsil əmələ gəlib. Onları bəzi tele-kanallarda gedən kriminal xəbərlər, görüntülər bu hala gətirib və buna mənim şübhəm yoxdur. Hər halda bəzi telekanallarda gedən kriminal kadrlar və görüntülər öz dağıdıcı təsirini göstərməkdədir. Bununla bağlı bu yaxınlarda eşitdiyim bir xəbər məni dəhşətə saldı. Köhnə tanışlarımdan biri dedi ki, televizorda gedən kriminal xəbərdən az sonra onun 10 yaşlı nəvəsi bıçağı götürərək, nə üçünsə əsəbləşdiyi və özündən bir yaş balaca bacısını eynilə televizorda göstərilən kimi öldürmək istəyib. Yalnız son anda cinayətin qabağını almaq mümkün olub. Tanışımın dediyinə görə, bundan sonra artıq telekanallarda xəbərləri belə seyr edə bilmirlər və uşaqlara da uşaq verilişlərindən başqa verilişlərə baxmağa qadağa qoyublar. Amma hamı bunu edə bilmir, çünki elm və texnikanın inkişaf etdiyi bir dövrdə bu yolla uşaqlara nəyi isə qadağa etmək heç də asan deyil. Bu vəziyyətdən yeganə çıxış yolu, zənnimcə, telekanalların məsələ ilə bağlı öz məsuliyyətlərini başa düşmələri, ən azından vətəndaşlıq borclarını dərk edərək kriminal xəbərlərin sayını azaltmaları və onları gənc nəslin gələcəyi naminə efirdən çıxarmaları ola bilər. Çünki efiri kriminal xəbərlərlərlə dolduraraq daha çox tamaşaçı cəlb etmək özü buna görə baş verən cinayətlərin dolayısı ilə iştirakçısı olmaq deməkdir. Onlar unutmamalıdırlar ki, ekran qarşısında öz övladları və yaxınları da əyləşir. Onların da başına eynilə yaxın tanışımın başına gələnlər gələ bilər. Biz bunu heç kəsə arzulamırıq".
Radio Antenn 101 FM-in xəbər aparıcısı Əzizə İsmayılova - "oxucu kimi bir kriminal, bir də mənasız maqazin xəbərlərilə heç aram yoxdu",- deyə bildirib: "Amma işimdən dolayı bütün xəbərləri oxumaq borcumdur. Çünki xəbərçinin gərək hər şeydən xəbəri olsun. Əvvəla onu deyim ki, "qara xəbərlər"in dinləyici, yaxud oxucu tərəfindən istənilməsi fikrilə qətiyyən razı deyiləm. Çünki bu arqument sırf biz jurnalistlərin uydurmasıdır. İstər dinləyiciyə, istər oxucu və ya tamaşaçıya nəyi necə təqdim etsək, onlar elə də qəbul edəcəklər. İstənilən məlumatı hansı prizmadan göstərsək, kütlə onu o prizmadan qəbul edir, ona inanır. Yəni bu, nə tələbatdan, nə də zərurətdən doğan bir şeydir".
"Bəs o zaman səncə niyə kriminal xəbərlərə bu qədər çox yer ayrılır?" sualını cavablandıran aparıcı "çünki bu tip xəbərlərlə gündəm qurmaq və diqqət cəlb etmək çox asandır",- deyə cavab verib: "İnsanların diqqətini neqativə kökləmək həmişə daha asan olur, nəinki pozitivə. Bunun üçün xüsusi istedad və ya qabiliyyət tələb olunmur. Kriminal hadisə onsuz da hər saniyə baş verir və özü-özlüyündə diqqəti çəkir. Onu əslində olduğundan da dəhşətli şəkildə təqdim etmək üçün xüsusi bacarıq tələb olunmur. Bir az pafoslu səs və fonda qorxunc səs və ya görüntü, vəssalam - bu, sırf subyektiv fikrimdir".
Onun sözlərinə görə, bu gün kriminal xəbərlər daha çoxdur: "Bu gün kriminal xəbərlər həqiqətən də gündəmi o dərəcədə zəbt edib ki, buna hansısa bu işə məsul səlahiyyət sahibinin "dur" əmri verməsi lazımdır. İnsanların beyninə, psixologiyasına bu qədər təsir etmək olmaz. Onsuz da insanların əsəbləri kifayət qədər tarıma çəkilib. Adi bir mübahisənin sonu bıçaqlanma, yaxud hansısa bir faciə ilə bitir. Medianın da bu tip xəbərləri az qala şouya çevirməsi, həm bu cür hadisələrin ağırlığını adiləşdirir (yəni əksəriyyət ən ağır, ağılasığmaz cinayəti belə adi qəbul edilir), həm də sanki bilməyənlərə də "yol göstərir".
O, həmçinin əlavə edib ki, media elə bir qüvvədir ki, onun rolu hər sahədə var və o, cəmiyyəti istədiyi tərəfə çəkib apara bilər: "Media ilə cəmiyyəti yaşatmaq da olar, məhv etmək də - onunla zarafat etmək olmaz. Belə deyim, nəyi təbliğ ediriksə, onu da yaşayırıq. Təsəvvür edin - səhər evdən çıxırsınız, iş dalinca gedirsiniz və əlbəttə ki, dünyada nə baş verdiyini bilmək üçün hər saat başı xəbərlərə köklənirsiniz və mən Əzizə sizə 3 dəqiqəlik efir müddətində xəbər çatdırıram: filankəs amansızcasına qətlə yetirildi, filan yerdə qəza oldu, kimsə kiminləsə yedi-içdi, axırda sözləri çəp düşdü və bıçaqladı, ər arvadın başını kəsdi, arvad ərini baltaladı və s. Günün 10 saatında hər saat başı mən sizə bu tip xəbərlər çatdırıram. Hecə təsir edər sizə?
Yaxud da xəbər portallarına baş vurursunuz - eyni mənzərə, sosial şəbəkədə eyni mənzərə. Bir sözlə, hər yerdə bu tip xəbərlər. Siz özünüz də bilmədən bu tip informasiyanın əsirinə çevrilirsiniz. Düzdür, kriminal xəbər olmalıdır.
Amma yerində və qədərində. İnsanların psixologiyasını zorlamağa kimsənin haqqı yoxdur. Mənə efir verilib, amma o efirdən insanların şüurunu zəhərləmək üçün istifadə etmə haqqı verilməyib. İlk olaraq düşünmək lazımdır - bu xəbər və ya məlumat cəmiyyətə nə qədər lazımdır? Bunun müsbət təsiri nə qədərdi, mənfi təsiri nə qədər ola bilər? Axı xəbər adı ilə hər şeyi yazmaq, demək, çəkib göstərmək olmaz. Bəzi xəbərlər var ki, böyük reytinq qarşılığında insanların psixologiyasını şikəst edir. Düşündüyüm qədərilə, bu tip xəbərləri qətiyyən efirdə vermək olmaz. Məsələn, qardaş bacısına təcavüz etdi və s. Bəzi həmkarlarımız deyir ki, bu, belə də olmalıdır. Xəbəri seçmək olmaz. Həmkarlarımın fikrinə sayğı ilə yanaşıram, amma qətiyyən razılaşmıram. Məsələn, bu yaxın günlərdə hörmətli portallardan biri Baş Prokrorluq əməkdəşının qəzaya düşməsi və guya ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi xəbərini yaydı. Əlbəttə, xəbər partladı. Anında bütün digər portallar, sosial şəbəkə bunu tirajladı. Az sonra xəbərdə adı keçən insan işdə olduğunu və belə bir hadisənin olmadığını bildirdi. Nəticə etibarilə portal yanlış informasiyaya görə üzrxahlıq etdi, vəssalam. Bəs bu insanın yaxınlarına vurulan mənəvi ziyan? Xəbəri oxuyan, yaxud eşidən əzizlərindən biri infakt olsaydı, bu üzrxahlıq kimə lazım olacaqdı?"
"Yaxud da, filan kənddə, filan küçədə, filan ünvanda qaynata gəlini zorladı, kimsə kiminsə başını kəsdi... Amma bu hadisənin motivi nədir, necə olub, bunun nə dərəcədə əsası var - heç kim düşünmür",- deyə fikrini davam etdirib: "Təəsüf ki, bu gün çoxları araşdırmadan, bilmədən, kiminsə facebook statusu əsasında xəbər düzəldirlər. Heç olmasa statusu yazandan da soruşmurlar ki, bu, nə məsələdi? Hökm çıxarılmadan insanı cani edirlər. Bu cür xəbərləri çatdırmaqla cəmiyyətə veriləcək mesajın məzmunu nədir, mən onu anlamıram...
Həm də, bu tip xəbərlərin əksəriyyətinin heç bir əsası olmur. Ən acınacaqlısı isə, bir sayt yazır, aradan 5 dəqiqə keçmir bütün saytlar qırmızı və ya tünd qara başlıqlarla, sanki çox vacib xəbər kimi tirajlayırlar. Sonra sosial şəbəkədə lazımsız müzakirələr gedir və nəhayətdə məlum olur ki, hər şey boşuna imiş. Yayılan xəbərin əslində heç bir əsası yoxdur. Saytları buna nə vadar edə bilər? Yəqin ya, sadəcə reytinq arxasınca qaçırlar, ya da qeyri-peşəkarlıq. 1-ci hal daha çoxdur, düşünürəm... Təəssüf ki, bəzi jurnalistlər gündəm və alacaqları qonorar xətrinə belə ucuzluğa gedirlər. Bəzi həsas məsələlər var ki, onu qələmə alanda, yaxud efirdə səsləndirəndə, mən hesab edirəm ki, mütləq yüz ölçüb - bir biçmək vacibdir. Reytiq xətrinə şüurlara təcavüz etmək olmaz. Onsuz da bu gün insanlar dəhşət qoxusu gələn hadisələrə belə adi yanaşırlar. Hətta "burda nə var ki?",- deyirlər. Son hadisə kimi elə Göyçayın Qanıx kəndində qayınata-gəlin məsələsini götürək. Heç kim heç nə bilmir, amma düz 1 həftə yazdılar. Reytinq vurdu keçdi. Bəs zədələnən beyinlər? Onların reytinq cədvəlini kim tərtib edəcək?...".

Əli