“Ermənistan münaqişənin həllində konstruktiv iştirak etməlidir“ Layihə

“Ermənistan münaqişənin həllində konstruktiv iştirak etməlidir“

"Danışıqların yenidən başlanması üçün ön şərtin irəli sürülməsi cəhdləri uğursuzluğa məhkumdur". Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 7-si Vyanada, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında belə deyib.
Nazir çıxışında dekabrın 6-sı ermənistanlı həmkarı və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə saatlarla danışıqlar apardığını vurğulayıb: "Substantiv, nəticə yönümlü danışıqların canlanması müəyyən nikbinlik verir. Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-sı Cenevrədə görüşməsi doğru addım idi. Görüş sübut etdi ki, substantiv danışıqların yenidən başlanması üçün ön şərtin irəli sürülməsi cəhdləri uğursuzluğa məhkumdur.
Cenevrə görüşünün ardınca Azərbaycan həmsədrlərlə birlikdə münaqişənin həlli istiqamətində tərəflərin mövqelərini yaxınlaşdıracaq yolların tapılması məqsədilə substantiv məsələlərə diqqət yönəldib. Buna baxmayaraq regiondakı bəzi qüvvələrin qəbuledilməz və qeyri-davamlı vəziyyətin dəyişdirilməsinə yönəlmiş zəruri siyasi addımlar atmaqda maraqlı olmaması ciddi narahatlıq doğurur. Rəsmi İrəvan Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki mənzərəsinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni addımlarını davam etdirməklə hərbi işğalın möhkəmləndirilməsinə istiqamətlənmiş məqsədyönlü siyasət apardığını nümayiş etdirir. 1993-cü ildə işğal olunana qədər yalnız azərbaycanlıların yaşadığı Cəbrayıl rayonunda kilsənin açılması Ermənistanın beynəlxalq humanitar hüququ kobudluqla pozmasının daha bir göstəricisidir. Ermənistan təxribatçı addımlarına paralel olaraq işğal olunmuş ərazilərə müvafiq beynəlxalq qurumlardan ibarət missiyaların göndərilməsinə dair təkliflərimizi rədd edir.
Təmas xətti boyunca həyata keçirdiyi hərbi təxribatlar daxil olmaqla Ermənistanın işğal olunmuş ərazilərdə keçirdiyi hərbi təlimlər və bu kimi digər addımları sülh səylərini pozur. ATƏT-in Minsk qrupu və həmsədrlər bütün bunlarla bağlı hərtərəfli tədbirlər görməlidir. Harada olmasından asılı olmayaraq ATƏT dövlətləri fiziki və hüquqi şəxslərin qeyri-qanuni iqtisadi və digər xarakterli fəaliyyətlərinin qarşısını almaq məqsədilə beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə alətlərdə təsbit edilmiş öhdəliklərini yerinə yetirməlidir".
Elmar Məmmədyarov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktının prinsipləri, ATƏT-in sənədləri Dağlıq Qarabağ münaqişəsinin həlli və Minsk qrupu həmsədrlərinin mandatının əsasını təşkil edir: "Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələri işğalçı qüvvələrin Azərbaycanın bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, qarşılıqlı addım olaraq kommunikasiya və nəqliyyat xətlərinin açılmasına çağırış edir və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarına yardım edilməsinə israr edir. Bu yanaşmanın əsas mahiyyəti münaqişənin nəticələrinin aradan qaldırılmasına və həll olunmamış siyasi məsələlərin sülh konfransı çərçivəsində müzakirə edilməsinə əsaslanır. Ermənistan həqiqətən də münaqişənin siyasi yolla həllini tapmaqda maraqlıdırsa, o zaman münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməlidir.
Növbəti aylar Ermənistanın sülhün əldə edilməsində ciddi tərəfdaş olub-olmadığını, münaqişənin həllində irəliləyişin əldə edilməsi və onun həlli üçün substantiv danışıqlarda konstruktiv şəkildə iştirak edib-etməyəcəyini və yaxud əlavə qeyri-sabitlik və münaqişəyə doğru yuvarlanacağımızı nümayiş etdirəcək. Azərbaycan BMT nizamnaməsinin 7-ci fəsli əsasına təsbit olunmuş hüquqlarını özündə saxlayır".
Nazir əlavə edib ki, ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulması Ukrayna, Gürcüstan və Moldovada da müşahidə olunur: "Hesab edirik ki, sözügedən münaqişələrin davamlı həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə ATƏT ölkələrinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini toxunulmazlığına hörmət vasitəsilə təmin oluna bilər".
Qeyd edək ki, bundan əvvəl isə Elmar Məmmədyarov və Edvard Nalbəndyan ayrı-ayrılıqda Minsk qrupunun həmsədrləri ilə görüş keçiriblər.
Politoloq İlqar Vəlizadə Azərbaycan və Ermənistan XİN başçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmək məqsədilə Vyanada keçirilən görüşdən sonra müsbət açıqlamalar vermələrinin səbəblərini şərh edərkən deyib ki, bütün hallarda indiki danışıqlar prosesinin nəticələrinin necə olacağı barədə Moskva görüşündən sonra rəy söyləmək olacaq.
O bildirib ki, iki ölkənin də XİN rəhbərinin görüşdən sonra verdiyi açıqlamalarda maraqlı məqamlar çoxdur: "Maraqlıdır ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyanın hazırda müzakirə olunan təkliflərin müsbət cəhətlərinin çox olması ilə bağlı açıqlamaları vaxt etibarı ilə də üst-üstə düşür. Şübhə yoxdur ki, bu, Rusiyanın hazırladığı təkliflərdir. Onların bu açıqlamaları düşünməyə imkan verir ki, danışıqlar prosesində elə təkliflər var ki, onlar Azərbaycan və Ermənistan tərəfindən maraqla qarşılanır. Bunun hansı təkliflər olması və reallaşması perspektivini isə Moskva görüşündən sonra dəyərləndirə bilərik. Çünki onlar Moskva görüşündən sonra bu təkliflərlə bağlı konkret cavab verməli olacaqlar".
Politoloq qeyd edib ki, çox güman ki, bu təkliflər bütün hallarda indiki vəziyyətin dəyişməsinə yönəlib:
"Azərbaycan tərəfinin bunu müsbət qarşılaması bu təkliflərin münaqişənin Azərbaycan üçün arzuolunmayan ssenaridə inkişafına mane olacağını göstərir. Erməni tərəfinin müsbət açıqlamaları isə bu təkliflərdə onların da maraqlarının, narahat olduqları məqamların nəzərə alındığını söyləməyə əsas verir".
Onu da qeyd edək ki, Vyanada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat da yayılıb. Minsk qrupu həmsədrlərinin ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasındakı nümayəndə heyətlərinin rəhbərləri – Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacanın birgə bəyanatında deyilir ki, həmsədr ölkələr Helsinki Yekun Aktında göstərilən güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsiplərini əsas götürərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış edirlər: "Biz region xalqlarının həqiqətən barışması üçün yeganə yol olan danışıqlara dair birgə öhdəliyimizi bir daha təkrarlayırıq. Danışıqların oktyabrın 16-da Vyanada yüksək səviyyədə bərpasını və Minsk qrupu həmsədrlərinin təşkilatçılığı ilə xarici işlər nazirlərinin 6 dekabr görüşünü alqışlayırıq. İntensiv dialoqdan razılığımızı ifadə edirik və tərəfləri öz səylərini siyasi nizamlanmanın substantiv məsələlərində güzəştli həllə kökləməyə çağırırıq".
Ekspert Elşən Həsənov bildirib ki, həmsədrlər niyə beynəlxalq hüquq normalarını, dövlətlərin ərazi bütövlüyü təməl prinsipni əsas götürmürlər, münaqişəni beynəlxalq hüquq normaları müstəvisində həll etmək istəmirlər, Helsinki yekun aktına söykənirlər: "Çünki, bu aktda xalqların öz müqəddarəatın həll etmək kimi dövlətlərin ərazi bütövlüyünün pozulmaması ilə bir araya sığmayan əcaib bir "prinsip" var...Ona görə də qarşılarına hansı qanunsuz yolla da olsa Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana vermək haqda gizli öhdəlik götürmüş həmsədrlər beynəlxalq hüquqa yox, Helsinki aktına söykənirlər. Belə olan tərzdə Azərbaycan Minsk qrupundan imtina etməli, məsələnin həllini BMT müstəvisinə qaytarılmasını qətiyyətlə tələb etməlidir. Ermənistan açıq-aşkar təcavüzkarlıq edib, azərbaycanlılara qarşı soyqırım törədib, milyonlarla insanları elindən, obasından deportasiya edib, Minsk qrupu buna qiymət vermi, ancaq "sülh öhdəliyini" gözə soxur. Qrupun missiyası iki tərəf arasında sülh danışıqlarını tənzimləməkdir, bu "öhdəlik" deyil" missiyadır. Öhdəliyi həmsədrlər Ermənistanın üzərinə qoya bilərs ki, faşist ideologiyasından əl çəksin, təcavüzkarlığıa son qoysun, işğal etdiyi 20 faiz ərazimizdən qoşunlarını qeyd-şərtsiz çıxarsın".
Xatırladaq ki, hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.