Liberal iqtisadiyyat: islahatlar, güzəştlər və real rəqabət gözləntiləri Layihə

Liberal iqtisadiyyat: islahatlar, güzəştlər və real rəqabət gözləntiləri

Azərbaycanda azad sahibkarlığın, özəl sektorun inkişafı və iqtisadiyyatın liberallaşdırılması dövlətin iqtisadi siyasətində prioritet istiqamətlərdən biri kimi qalmaqdadır. Son dövrlərdə qanunvericilik bazasının təkmilləşdirilməsi, investisiya təşviqlərinin uzadılması, KOB və startap layihələrinə dəstək mexanizmlərinin genişləndirilməsi biznes mühitinə yeni imkanlar qazandırır. Lakin ekspertlərin fikrincə, həqiqi liberal bazar modelinin bərqərar olması üçün təkcə vergi və inzibati güzəştlər kifayət etmir; burada sağlam rəqabət mühitinin qorunması, inhisarçılıqla mübarziə, investor etimadının formalaşması və digər məsələlər həlledici rol oynayır.

Biznes mühitinin genişlənməsi

Milli Məclisin deputatı Vüqar Bayramov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Azərbaycanda liberal iqtisadiyyatın formalaşdırılması və azad sahibkarlığın inkişaf etdirilməsi iqtisadi siyasətin əsas prioritetləri sırasında yer alır.
Deputatın sözlərinə görə, əsas məqsəd iqtisadiyyatın liberallaşdırılması və sahibkarların bazara çıxış imkanlarının genişləndirilməsidir.
“Azərbaycanda liberal iqtisadiyyatın formalaşması ümumiyyətlə iqtisadi siyasətin və islahatların əsas prioritetləri sırasındadır. Məqsəd ondan ibarətdir ki, həm iqtisadiyyatın liberallaşması, həm də bazara çıxış imkanlarının artırılması mümkün olsun”, – deyə V.Bayramov qeyd edib.
Deputat bildirib ki, son illərdə bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi mühüm rol oynayıb. Onun sözlərinə görə, xüsusilə Rəqabət Məcəlləsinin, “Dövlət satınalmaları haqqında” və “İnvestisiya fəaliyyəti haqqında” yeni qanunların qəbul edilməsi iqtisadiyyatın liberallaşdırılması baxımından əhəmiyyətli addımlardır.

V.Bayramovun fikrincə, yeni qanunların qəbul edilməsi həm rəqabətin müdafiəsi, həm də sahibkarlar üçün daha əlverişli iqtisadi mühitin formalaşdırılması baxımından yeni imkanlar yaradıb.
“Qanunvericilik bazasının inkişaf etməsi və təkmilləşdirilməsi nəticə etibarilə sahibkarlar üçün yeni imkanlar yaratdı. Bu da liberal iqtisadiyyatın təşviqinə öz töhfəsini verir”, – deputat vurğulayıb.
Milli Məclisin üzvü qeyd edib ki, bazarın liberallaşdırılması və liberal iqtisadiyyatın formalaşdırılması uzunmüddətli prosesdir və bu istiqamətdə islahatların növbəti dövrlərdə də davam etdirilməsi gözlənilir.
Onun sözlərinə görə, qarşıdakı mərhələdə əsas istiqamətlərdən biri kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi olacaq. Eyni zamanda, kiçik və orta sahibkarların bazara çıxış imkanlarının artırılması, onların maliyyə resurslarına çıxışının genişləndirilməsi də prioritet istiqamətlər sırasındadır.
“Xüsusən kiçik və orta sahibkarların bazara çıxış imkanlarının artırılması, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi kimi istiqamətlər var. Növbəti dövrlərdə bu sahələr üzrə daha çox addımların atılması gözlənilir”, – deyə V.Bayramov bildirib.
Deputat əlavə edib ki, son illərdə azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər sistemləşdirilib və genişləndirilib. Qarşıdakı dövrdə də bu istiqamətdə islahatların davam etdirilməsi nəzərdə tutulur.

Vergi güzəştləri və bərabər rəqabət

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlamasında qeyd edib ki, Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqamətində atılan addımları müsbət qiymətləndirmək mümkündür.

O bildirib ki, elan olunan niyyətlə real biznes mühiti arasında hələ də müəyyən fərqlər qalır: “Dövlət tərəfindən vergi yükünün optimallaşdırılması, investisiya təşviqlərinin genişləndirilməsi, sahibkarlıq qarşısındakı inzibati maneələrin azaldılması və kiçik və orta biznesin dəstəklənməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilir. 2026-cı ildə investisiya təşviqi mexanizminin 2029-cu ilədək uzadılması da bu istiqamətdə atılan addımlardan biridir. Amma liberal iqtisadiyyatın əsas göstəricisi sahibkara nə qədər güzəşt verilməsi deyil. Əsas məsələ sahibkarın dövlət müdaxiləsi və inzibati təzyiq olmadan, bərabər rəqabət şəraitində fəaliyyət göstərə bilməsidir. Bu baxımdan yalnız vergi güzəştlərinin artırılması ilə Azərbaycanda tam liberal biznes mühiti yaratmaq mümkün deyil”.
İqtisadçı hesab edir ki, əsas problemlərdən biri dövlətin iqtisadiyyatda iştirakının hələ də yüksək olmasıdır: “Dövlət müəssisələrinin və dövlətə bağlı strukturların kommersiya bazarlarında iştirakı özəl şirkətlərin rəqabət imkanlarını zəiflədə bilər. Dövlət müəssisələri və dövlətə bağlı strukturların kommersiya bazarlarında iştirakı özəl şirkətlərin rəqabət imkanlarını zəiflədir. Elə buna görə də sahibkarlıq fəaliyyətinə maneələrin aradan qaldırılması üzrə işçi qrupunda dövlət orqanlarının rəqabətli bazarlarda iştirakının məhdudlaşdırılması ayrıca istiqamət kimi müəyyən edilib. Bu, problemin mövcudluğu barədə ciddi siqnaldır”.
A.Nəsirlinin sözlərinə görə, digər mühüm məsələ rəqabət mühitinin gücləndirilməsidir: “O kiçik sahibkara vergi güzəşti verməklə onun iqtisadi imkanları daha geniş olan şirkətlərlə eyni şəraitdə rəqabət aparmasını təmin etmək mümkün deyil. Bazara giriş imkanlarının məhdudluğu və qeyri-bərabər rəqabət aradan qaldırılmasa, liberal iqtisadiyyat haqqında danışmaq çətin olacaq”.
Ekspert xarici investorlar üçün də əsas məsələnin yalnız vergi güzəştləri olmadığını diqqətə çatdırıb: “İnvestor ilk növbədə mülkiyyət hüququnun qorunmasına, məhkəmə sisteminin etibarlılığına, müqavilələrin icrasına, valyuta və kapitalın sərbəst hərəkətinə, rəqabət qaydalarının hamıya eyni tətbiq olunmasına və vergi siyasətinin sabitliyinə diqqət yetirir. Vergi güzəşti bir neçə il üçün verilə bilər, amma investorun qərarı onilliklərə hesablanır. Buna görə də investor üçün ən qiymətli güzəşt sabit və əvvəlcədən proqnozlaşdırılan qaydalardır”.
İqtisadçı vergi siyasətində tez-tez dəyişikliklərin də biznes üçün müəyyən risklər yaratdığını bildirib: “Bir tərəfdən sahibkara güzəştlər təqdim edilir, digər tərəfdən müəyyən güzəştlərin müddəti başa çatdıqda vergi yükünün artırılması gündəmə gəlir ki, bu da biznesin uzunmüddətli planlaşdırmasını çətinləşdirə bilər”.
A.Nəsirli yeni investisiyaların cəlb olunması baxımından yalnız dövlətin təşviq mexanizmlərinə arxalanmağın düzgün olmadığını da vurğulayıb: “İnvestisiya təşviqi sənədinin əsasən müəyyən strateji sahələrə yönəldilməsi prioritet sektorların inkişafı üçün faydalıdır. Amma liberal iqtisadiyyatın mahiyyəti bütün sahibkarlara dövlətin müəyyən etdiyi sahələrə daxil olmaq üçün güzəşt vermək deyil. Əsas məqsəd sahibkarın özü perspektiv gördüyü sahəyə sərbəst şəkildə kapital yatırması üçün ümumi əlverişli mühit yaratmaqdır”.
Ekspert 2026-cı ildə mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi üzrə idarəetmə mexanizmlərinin yenilənməsi istiqamətində atılan addımları da müsbət qiymətləndirib: “Bu tədbirlərin effektivliyi sahibkarın gündəlik fəaliyyətində özünü göstərməlidir. Biznesə başlamaq asanlaşırmı, bazara daxil olmaq asanlaşırmı, rəqabət güclənirmi, yoxlamalar azalırmı, maliyyəyə çıxış genişlənirmi və ən əsası, sahibkar dövlət qurumlarından asılı olmadan qərar verə bilirmi? Əsas suallar bunlardır”.
İqtisadçı hesab edir ki, Azərbaycanda liberal iqtisadiyyatın inkişafını hələ başa çatmış proses kimi qiymətləndirmək olmaz: “İslahatların istiqaməti müəyyən mənada doğrudur, lakin əsas məsələ onların real biznes mühitinə nə qədər keçməsidir. Əgər sahibkara bir tərəfdən vergi güzəşti verilir, digər tərəfdən bazara girişdə, rəqabətdə, maliyyəyə çıxışda və inzibati prosedurlarda problemlər qalırsa, bu, güzəştlərlə idarə olunan sahibkarlıq modeli olur. Liberal iqtisadiyyat üçün sahibkara “nə qədər yardım ediləcəyindən” daha çox, maneələrin aradan qaldırlması vacibdir. Dövlətin əsas rolu biznesi seçmək və kimə güzəşt veriləcəyini müəyyənləşdirmək yox, bütün sahibkarlar üçün eyni qaydaları təmin etmək, inhisarçılığın qarşısını almaq, mülkiyyət hüququnu qorumaq və rəqabətli bazar yaratmaq olmalıdır. Məhz bu halda Azərbaycana gələn investisiya güzəşt dalınca gələn kapital yox, ölkənin uzunmüddətli iqtisadi potensialına inanan kapital olacaq”.

Özəl sektorda təşviqlər və investor etimadı

İqtisadçı ekspert Günay Hüseynova diqqətə çatdırıb ki, azad sahibkarlığın, özəl sektorun inkişafı və yeni iş yerlərinin yaradılması istiqamətində nəzərdə tutulan yeni qərarlar iqtisadiyyatın inkişafı baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, yeni qərarlara keçid etmədən əvvəl investorların gözləntilərini nəzərə almaq vacibdir: “İnvestor məsələyə uzunmüddətli baxır. O, əmin olmalıdır ki, şəffaflıq təmin ediləcək, rəqabət mühiti qorunacaq, yerli istehsalla idxal arasında balans saxlanılacaq. Ən əsası isə sahibkarlara təqdim olunan güzəştlərin müəyyən mərhələdən sonra da davamlı olacağına dair etimad formalaşmalıdır”.
G.Hüseynova qeyd edib ki, sahibkarlığın inkişafı qarşısındakı əsas maneələrdən biri insan faktorunun və subyektiv yanaşmaların aradan qaldırılmasıdır.
Ekspert bildirib ki, İqtisadiyyat Nazirliyinin açıqladığı yeni təşviq mexanizmləri biznes subyektləri üçün əlavə imkanlar yaradır: “Biznes mühitində təşviq müddətinin artırılması, lisenziyaların alınması ilə bağlı güzəştlər, KOB və startap layihələrinə dəstəyin genişləndirilməsi, həmçinin kənd təsərrüfatı və sənayenin inkişafı məqsədilə enerji istehlakına 50 faizlik güzəştin nəzərdə tutulması sahibkarlar üçün mühüm dəstəkdir”.
Onun sözlərinə görə, bu qərarlar yeni investisiyaların cəlb edilməsi və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi baxımından müsbət addımdır: “Lakin sahibkar üçün yalnız güzəştlərin təqdim edilməsi kifayət deyil. Burada uzunmüddətli sabitlik, şəffaflıq, proqnozlaşdırılan biznes mühiti və sağlam rəqabət əsas amillərdir. Sahibkar bilməlidir ki, bu gün qəbul edilən qərarlar sabah da onun fəaliyyətinə müsbət təsir göstərəcək. Məhz bu halda yeni investisiyaların cəlbi və özəl sektorun iqtisadiyyatda rolunun daha da artırılması mümkün olacaq”.

Günel Elxan