Rəqəmsal dövrdə milli yaddaş və süni intellekt: maarifçilik modeli necə yenilənməlidir? Layihə

Rəqəmsal dövrdə milli yaddaş və süni intellekt: maarifçilik modeli necə yenilənməlidir?

İnformasiya bolluğu və sosial şəbəkələrin sürətli istehlak tempi fonunda elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının rolu artıq çərçivələri aşaraq yeni bir mərhələyə qədəm qoyur. Müasir dövrdə gənclərin qarşısında duran ana hədəf yalnız hazır məlumatı mənimsəmək deyil, həmin informasiya axınını analitik süzgəcdən keçirmək, tənqidi təfəkkür nümayiş etdirmək və düzgün nəticə çıxarmaq bacarığına yiyələnməkdir. PISA nəticələrindən rəqəmsal savadlılığa, STEAM layihələrindən süni intellekt dövrünün gətirdiyi yeni çağırışlara qədər geniş spektri əhatə edən bu proses göstərir ki, təhsil və maarifləndirmə artıq sadəcə sinif otaqları ilə məhdudlaşa bilməz. Bu baxımdan, elmi-kütləvi proqramlara sosial layihə çərçivəsindən çıxaraq dövlətin intellektual təhlükəsizlik strategiyasının tərkib hissəsi kimi baxılması, gənclərdə sual vermək, araşdırmaq və oxu mədəniyyətini daimi vərdişə çevirmək zərurəti yaranır.

“Maarifçilik düşünən gənclər yetişdirməlidir”

Milli Məclisin deputatı Elnarə Akimova “Xalq Cəbhəsi”nə açıqlamasında söyləyib ki, bu gün elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının əsas məqsədi yalnız məlumat ötürmək deyil, cəmiyyətin düşünmə mədəniyyətini dəyişdirmək olmalıdır.
Deputat qeyd edib ki, müasir dövrdə gəncin informasiyanı sadəcə qəbul edən deyil, onu təhlil edən, sual verən, araşdıran və yeni fikir yaradan şəxs kimi formalaşması mühüm əhəmiyyət daşıyır: “İnformasiya əvvəlki heç bir dövrlə müqayisə olunmayacaq qədər əlçatandır. Lakin informasiya bolluğu avtomatik olaraq bilik bolluğu demək deyil. Sosial şəbəkələrdə təsdiqlənməmiş məlumatların, manipulyativ kontentin və saxta elmi iddiaların sürətlə yayılması gənclər qarşısında yeni çağırışlar yaradır. Ona görə müasir maarifçilik insana yalnız məlumat verməməli, düşünməyi, müqayisə etməyi, mənbəni yoxlamağı və düzgün nəticə çıxarmağı öyrətməlidir.
Bu istiqamətdə beynəlxalq göstəricilər də ciddi düşünməyə əsas verir. O bildirib ki, OECD-nin PISA-2022 nəticələrində Bakı üzrə 15 yaşlı şagirdlərin oxu savadlılığında ən azı baza səviyyəsinə çatanlarının payı 31 faiz, OECD ölkələri üzrə isə 74 faiz təşkil edib. Riyaziyyatda bu göstəricilər müvafiq olaraq 38 və 69 faizdir”.
Deputat vurğulayıb ki, bu nəticələrə yalnız məktəb təhsili prizmasından yanaşmaq doğru deyil: “Burada bütövlükdə oxu mədəniyyəti, analitik düşüncə, elmi maraq, ailənin və cəmiyyətin intellektual mühiti kimi amillər də mühüm rol oynayır. Buna görə elmi-kütləvi və mədəni-maarif proqramları təhsilin kənarında deyil, onun mühüm tamamlayıcısı kimi qəbul edilməlidir”.
E.Akimova Azərbaycanda bu istiqamətdə uğurlu layihələrin artıq formalaşdığını da qeyd edib. Onun sözlərinə görə, “STEAM Azərbaycan” layihəsinin 2025–2026-cı tədris ilində 545 ümumtəhsil müəssisəsində 303 mindən çox şagirdi əhatə etməsi mühüm göstəricidir: “STEAM kimi layihələr uşaqları hazır biliklə təmin etməklə kifayətlənmir, onları real problemlərin həllinə yönəlmiş layihələrə cəlb edir, tənqidi və yaradıcı düşüncəni, əməkdaşlığı və innovativ yanaşmanı inkişaf etdirir. Əslində uşağa cavabı əzbərlətməkdən daha qiymətli olan ona düzgün sual verməyi öyrətməkdir”.
Deputat hesab edir ki, növbəti mərhələdə elmi-kütləvi proqramların məzmunu və təqdimat forması daha da inkişaf etdirilməlidir: “Alimləri yalnız konfrans zallarında deyil, məktəblərdə, media və rəqəmsal platformalarda da görməliyik. İqlim dəyişikliyi, süni intellekt, kosmos, ekologiya, tibb, arxeologiya və digər elmi mövzular sadə, maraqlı, vizual və Azərbaycan dilində təqdim edilməlidir. Gəncin diqqət forması dəyişib, deməli, maarifçiliyin təqdimat forması da dəyişməlidir. Amma forma dəyişərkən məzmun sadələşdirilməməli və bayağılaşdırılmamalıdır”.
E.Akimova mütaliə mədəniyyətinin inkişafının da yeni yanaşmalar tələb etdiyini bildirib: “Kitabxananı yalnız kitab götürülən məkan kimi deyil, gəncin fikir mübadiləsi apardığı, debat etdiyi, podkast hazırladığı və tədqiqat apardığı intellektual mərkəzə çevirmək lazımdır. ‘Bir kitab – bir müzakirə – bir layihə’ modelindən istifadə etməklə gəncləri oxuduqları əsərlər üzərində düşünməyə və yeni fikirlər yaratmağa təşviq etmək olar”.
Millət vəkili milli yaddaşın qorunması istiqamətində də yeni layihələrin vacibliyinə diqqət çəkib: “Qarabağ, Şuşa, Zəngəzur, Qərbi Azərbaycan, milli musiqi, folklor, ədəbiyyat, milli mətbuat, elm və dövlətçilik tariximiz yalnız dərslik mövzusu olaraq qalmamalıdır. Gənclər ailə arxivlərini rəqəmsallaşdırmalı, köhnə fotoşəkilləri, məktubları və xatirələri sistemləşdirərək sənədli filmlərə və podkastlara çevirə bilərlər. Beləliklə, tarix gənc üçün sadəcə keçmişdə baş vermiş hadisə deyil, öz ailəsinin və xalqının yaddaşına çevrilər”.
E.Akimova süni intellekt dövründə maarifçilik modelinin də yenilənməli olduğunu vurğulayıb: “Artıq uşağa yalnız məlumatı haradan tapmaq deyil, süni intellektin verdiyi cavabı necə yoxlamaq, saxta mənbəni necə müəyyənləşdirmək, müəllif hüququna və rəqəmsal etikaya necə əməl etmək öyrədilməlidir. Rəqəmsal savadlılıq anlayışını alqoritmik və süni intellekt savadlılığı ilə genişləndirməliyik”.
Deputat regionlarda yaşayan gənclərin də elm və təhsil imkanlarına çıxışının genişləndirilməsini vacib hesab edir: “Paytaxtla regionlar arasında imkan fərqini mümkün qədər azaltmaq dövlət siyasətinin əsas məqsədlərindən biri olmalıdır. Səyyar elm laboratoriyaları, region məktəbləri üçün onlayn alim görüşləri, kitab və elmi avadanlıq bankları, regional debat klubları və gənc tədqiqatçı düşərgələri bu istiqamətdə faydalı ola bilər”.
Millət vəkili hesab edir ki, maarifçilik layihələrinin effektivliyi yalnız iştirakçı sayının artması ilə ölçülməməlidir: “Əsas məsələ tədbirdən sonra neçə nəfərin kitab oxumağa başladığı, neçə gəncin elmi layihəyə qoşulduğu, neçə məktəbdə debat klubunun yaradıldığı və neçə şagirdin tədqiqata yönəldiyidir. Keyfiyyət göstəricisi olmadan kəmiyyət bəzən sadəcə statistik rəqəmə çevrilir”.
E.Akimova vurğulayıb ki, Azərbaycanın əsas hədəfi tədbir keçirən deyil, vərdiş formalaşdıran layihələr yaratmaq olmalıdır: “Uşağı ildə bir dəfə kitab sərgisinə aparmaqdan daha vacib olan onu mütəmadi oxucuya çevirməkdir. Bir dəfə elm festivalına aparmaqdan daha qiymətli olan onda tədqiqat həvəsi yaratmaqdır. Çünki cəmiyyətin intellektual səviyyəsi yalnız universitetlərin, kitabxanaların və muzeylərin sayı ilə deyil, həmin cəmiyyətin nə qədər sual verməsi, oxuması, araşdırması və əldə etdiyi bilikdən yeni dəyər yaratması ilə ölçülür”.
Deputat sonda qeyd edib ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına yalnız sosial layihə kimi deyil, milli intellektual təhlükəsizlik məsələsi kimi yanaşmaq lazımdır: “Güclü dövlət yalnız iqtisadi və hərbi imkanları ilə deyil, düşünən insanlarının sayı ilə də güclüdür. Azərbaycanın gələcək ən böyük sərvətlərindən biri sual verməkdən çəkinməyən, saxtanı həqiqətdən ayıran, öz tarixini bilən, dünya elmini izləyən və yaratmaq bacarığı olan gənc nəsil olacaq. Bu nəsli yetişdirmək isə bu gün hazırladığımız hər bir təhsil, elm və mədəniyyət proqramının ən mühüm vəzifəsidir”.

“Maarifçilik gənclərə düşünməyi öyrətməlidir”

TİHA sədri, təhsil eksperti Əmrah Həsənli nəzərə çatdırıb ki, bu gün informasiya bolluğu və sosial şəbəkələrin sürətli istehlak tempi fonunda elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının rolu sadəcə məlumat verməklə məhdudlaşmamalıdır: “Əsas məqsəd cəmiyyətin mental immunitetini və intellektual filtrini formalaşdırmaq olmalıdır. Elmi-kütləvi proqramlar gənclərə hazır bilik verməkdən daha çox, onlarda “niyə” və “necə” suallarını formalaşdırmalıdır. Məktəbdə nəzəri şəkildə öyrənilən fizika, kimya, tarix və ədəbiyyatı televiziya və rəqəmsal platformalarda canlı, vizual və maraqlı formada təqdim etmək gənclərin elmə və mütaliəyə marağını əhəmiyyətli dərəcədə artıra bilər. Gənc yalnız məlumatı qəbul edən deyil, onu sorğulayan, təhlil edən və nəticə çıxaran tərəf olmalıdır”.
Ə.Həsənlinin sözlərinə görə, internetdə zərərli və primitiv məzmunların yayılmasının qarşısını yalnız qadağalarla almaq mümkün deyil: “İntellektual proqramlar gənclərə keyfiyyətli alternativ təqdim etməli, onların estetik və intellektual zövqünü formalaşdırmalıdır. Gənclərə alimləri, ixtiraçıları, mütəfəkkirləri, uğurlu təhsil adamlarını və intellektual gəncləri tanıtmaqla onların kumir seçimlərinə də təsir etmək mümkündür. Səhnədə və ekranda yalnız şou-biznes nümayəndələri deyil, zəkası və biliyi ilə uğur qazanan insanlar da görünməlidir”.

Təhsil eksperti hesab edir ki, elmi və maarifləndirici proqramların təqdimat forması müasir dövrün tələblərinə uyğun dəyişdirilməlidir: “Elm və təhsil sadə vizual təcrübələrə əsaslanan, həm əyləndirən, həm də öyrədən dinamik dildə təqdim olunmalıdır. Layihələr yalnız televiziya ilə məhdudlaşmamalı, eyni məzmunun qısa videoları, podkast versiyaları və rəqəmsal interaktiv formatları hazırlanmalıdır. Televiziyada yayımlanan elmi proqram gəncin cibindəki telefona da gəlib çıxmalıdır”.
Ə.Həsənli gənclərin tənqidi düşüncəsini inkişaf etdirən və onları aktiv iştirakçıya çevirən layihələrin vacibliyini də vurğulayıb: “Gəncləri sırf dinləyici kimi görməməliyik. Onların müzakirə tərəfi olduğu, elmi və fəlsəfi problemlərin debat müstəvisinə çıxarıldığı layihələrə böyük ehtiyac var. Gənc öz fikrini əsaslandırmağı, fərqli mövqeləri dinləməyi və arqumentlərlə müzakirə aparmağı öyrənməlidir. Maarifçilik yalnız nəzəri biliklərlə məhdudlaşmamalı, gənclərin innovativ ideyalarının reallaşdırılmasına da xidmət etməlidir.Gənclərin innovativ ideyalarını, texnoloji layihələrini və startaplarını dəstəkləyən, onları investorlarla görüşdürən real intellekt proqramları hazırlanmalıdır. Belə layihələr gəncə yalnız bilik vermir, həmin bilikdən real məhsul və dəyər yaratmaq imkanı qazandırır”.
Ə.Həsənli qeyd edib ki, maarifçilik gənclərə yuxarıdan aşağı baxaraq mühazirə oxumaq deyil: “Maarifləndirmək gənclərin maraq dünyasına enərək onları öz ardınca daha yuxarı qaldırmaqdır. Bunun üçün onların maraqlarını, istifadə etdiyi platformaları və informasiya istehlakı vərdişlərini nəzərə almalıyıq. Əgər media və təhsil qurumları bu addımları birlikdə atarsa, intellektual baxımdan yeni, analitik düşünən və yaradıcı nəsil formalaşdırmaq mümkündür”.

Günel Elxan