“Lavrovun mövqeyinin dəyişməsi Nalbandyanın Ermənistanda ehtimali prezidentliyi ilə bağlıdır” Layihə

“Lavrovun mövqeyinin  dəyişməsi Nalbandyanın Ermənistanda ehtimali prezidentliyi ilə bağlıdır”

Mübariz Əhmədoğlu: "Rusiya Ermənistanı daha çox öz təsiri altına salmaq istiqamətində yeni variant reallaşdırır"

Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikirlər səsələndirib və Azərbaycanı ittiham edib.
Məsələni şərh edən politoloq Mübariz Əhmədoğlu deyib ki, Ermənistan XİN rəhbəri Edvard Nalbandyan ATƏT-in Vyana ministerialında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinin 9 səbəbini göstərdi və bütün günahları Azərbaycanın üzərinə qoydu: "Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın mövqeyi beynəlxalq hüququn, dinc qonşuluğun əleyhinədir".
O qeyd edib ki, vasitəçilik missiyası reallaşdıran ATƏT MQ konsensus mexanizmi işləyir. O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinin konseptual və cari səbəblərinin hamısı bundan qaynaqlanır:
I. RF Dağlıq Qarabağ tənzimlənməsində pozitiv-aktiv mövqeyini növbəti dəfə Ermənistanın xeyrinə passiv gözləmə ilə əvəzlədi. RF Xİ Bakıda Lavrov Dağlıq Qarabağ tənzimlənməsinin aktiv tərəfdarı görüntüsü yaratdı. İrəvanda isə münaqişənin yaxın vaxtlarda tənzimlənəcəyinə ümid etməyin əbəs olduğunu bildirdi. Bir sutka ərzində Lavrovun mövqeyinin 180 dərəcədə dəyişməsi Nalbandyanın Ermənistanda ehtimali prezidentliyi ilə bağlıdır. Ermənistan hökumətində RF-in hal-hazırda bir nömrəli adamı olan E.Nalbandyan prezident postunda yenə RF-in gözü və qulağı, başqa sözlə donosçusu olacaqdır. Hal-hazırda bu RF üçün vacib lazımdır. Ermənistanın Qərb, İran və İsraillə münasibətlərində keyfiyyət dəyişikliyi baş verir.
Digər tərəfdən Rusiya Ermənistanı daha çox öz təsiri altına salmaq istiqamətində yeni variant reallaşdırır. Ehtimal ki, bu variantın da müəllifi E.Nalbandyandır və nəzarətçisi də prezident postunda özü olmalıdır. Söhbət Ermənistan iqtisadiyyatının Rusiyaya tam ilhaq edilməsi planından gedir. Ermənistanın iqtisadiyyatının böyük bir qismi Rusiyanın nəzarəti altındadır. Amma 2 il bundan əvvəl ABŞ Ermənistan energetikasına daxil ola bildi. İndi ABŞ Ermənistana 8 milyard dollar investisiya qoymağı planlaşdırır. Bu o deməkdir ki, ABŞ Ermənistan iqtisadiyyatını tam ələ keçirmək niyyətindədir. RF buna imkan verə bilməz. RF Ermənistandakı iqtisadi iştirakını artırmaq üçün yeni metoda əl atıb; İran, ABŞ və Aİ-nin Ermənistandakı iqtisadi maraqları yalnız ermənilərlə müştərək formada reallaşdırılmalıdır. Erməni şirkətləri adından Rusiyadakı ermənilər çıxış edəcəkdir. E.Nalbandyan Yerevanda S.Lavrov-Kələntəryana bu variantı izah etdikdən sonra Lavrov mövqeyini baş-ayaq dəyişdi. Burada iki nüans unudulmamalıdır: a) Lavrovu regiona V.Putin göndərmişdi. V.Putinin planlarında Lavrovun rolu heç də həlledici deyil. b). Hadisələrin gedişi ortalığa çox yeni variantlar qoya bilər. Rusiya və digər dövlət belə variantların qabağını almaqda acizdir.
II. Ermənistan Müdafiə Nazirliyi və ona tabe olan strukturlar qoşunların təmas xəttindəki vəziyyətlə bağlı həftəlik hesabatlar yayırlar. Hesabatların 90 faizində qoşunların təmas xəttində vəziyyətin sakit olduğu göstərilir. Belə olan halda E.Nalbandyanın gərginlikdə Azərbaycanı günahlandırmasının mənbəyi yoxdur. E.Nalbandyan nazir olsa da Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumatlardan xəbərsizdir.
III. Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində gərginliyin müəllifi yalnız Ermənistandır. Ən azı bu ilin 9 ayında Ermənistan ordusu 56 itki verib. Bunun yalnız 10 nəfəri Azərbaycan ordusu tərəfindən öldürülüb. 46 nəfərin ölümü işğalçı ordunun Azərbaycan ərazisindəki, o cümlədən kriminal aktivliyi ilə bağlıdır.
IV. "Qoşunların təmas xətti" anlayışı Ermənistan üçün mühüm məna kəsb edir. Vaxtilə havadarlarına arxalanaraq Dağlıq Qarabağa aid olmayan xeyli əraziləri işğal ediblər. Amma bunu sənədləşdirə bilmirlər. Ona görə qoşunların təmas xəttində vaxtaşırı hərbi gərginlik yaratmaqla "qoşunların təmas xətti" anlayışını aktuallıqda saxlayırlar.
V. S.Sərkisyan və E.Nalbandyan Dağlıq Qarabağ tənzimlənməsinin yalnız bir yolunu tanıyırlar: Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetməsi yolu. Amma burada ermənilərin çox böyük yalanları var və "Yerevan həqiqətləri" adı altında beynəlxalq aləmə sırıyırlar:
I. "Dağlıq Qarabağ xalqı" yoxdur və sırf erməni mentaliteti prizmasından Dağlıq "Qarabağ erməni xalqı" mövcud ola bilməz. Bu "miatsum"a ziddir; Diaspor Ermənistandan üz çevirəcəkdir. Bax bu "Yerevan dilemma"sıdır. Hətta B.Saakyan Fransada olarkən Fransanı erməni xalqının dostu adlandırdı. "Dağlıq Qarabağ erməni xalqı" terminini işlətmədi.
II. Dağlıq Qarabağda yaşayan ermənilər 1988-ci ilin 20 fevralında Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə birləşməklə bağlı qərar qəbul edib. Siyasi-hüquqi anlamda bunun müstəqilliyə zərrə qədər dəxli yoxdur. Yalnız sonralar erməniləri başa saldılar ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağ Ermənistana birləşə bilməz. Ona görə ermənilər müstəqillik uğrunda mübarizə ideyasını ortalığa atdılar. Bu sadəcə erməni hiyləsi idi.
III. 1987-ci ilin dekabrın 24-də Ermənistan SSR-nin ərazisindəki sonuncu azərbaycanlılar qovuldu. Həmin dövrdə Azərbaycan SSR ərazisində ermənilər sakit və firavan yaşayırdılar. Hər halda "Yerevan həqiqətləri" və "erməni dilemması" dünya sivil dünyada ermənilərin nüfuzunu azaldır.
VI. "Ermənilərin və azərbaycanlıların uyuşmazlığı" irqçi-faşist nəzəriyyəsinin müəllifi Ermənistanın eks-prezidenti Robert Köçəryandır. Ermənilər bu regiona rus imperiyasının İran və Osmanlıya qarşı müharibəsinin nəticəsində köçürülüblər. Ədavət və münaqişələri də ermənilər o regionlardan özləri ilə Azərbaycan ərazilərinə gətirdilər.
E.Nalbandyana ermənilərin dərslik kitabını oxumağı məsləhət bilirik. Bu zaman xalqlar arasında ədavəti salanın kim olacağını biləcək.
"Sülh platforması" çərçivəsində ermənilər Bakıda və Gəncədə oldular. E.Nalbandyan bu məlumatlarla tanış olsa beynində qırışların sayı artar. Ermənistanda "Sülh platformasına" doğma münasibət yoxdur. Beynəlxalq təşkilatların apardığı tədqiqatlar nəticəsində Azərbaycanla həmsərhəd regionlarda Ermənistan əhalisinin böyük bir qrupu keçmişi nostalji hisslərlə xatırlayırlar. Başqa sözlə, R.Köçəryanın faşist nəzəriyyəsi erməni və Azərbaycan xalqları tərəfindən rədd edilir.
VII. İtkin düşənlərin siyahısının beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəqiqləşdirilməsi 2014-cü ilin oktyabrında prezidentlərin Paris görüşü zamanı razılaşdırıldı. İtkin düşənlərin məzarlarının axtarılması üçün bir qrup azərbaycanlı müharibə gedən ərazilərə, o cümlədən Dağlıq Qarabağa səfər etməli idi. Məzarlıqlardakı meyitlər üzərində DNT analizi aparılmalı idi. Bu həmin meyitlərin ermənilərə deyil, azərbaycanlılara məxsus olduğunu sübut edəcəkdi. Bununla da ermənilərin yalanlarının üstü açılacaqdı.
Dağlıq Qarabağa azərbaycanlıların getməsi yerli əhalidə Ermənistan rəhbərliyinə nifrəti, azərbaycanlılara isə rəğbəti artıracaqdı. Ona görə S.Sərkisyan itkin düşənlərin siyahısının dəqiqləşdirilməsinə özünəməxsus reaksiya verdi; İşğal olunmuş ərazilərdə ən iri hərbi təlimini keçirdi. Ağdam səmasında Ermənistan respublikasına məxsus helikopter vuruldu. S.Sərkisyan və E.Nalbandyanın leksikonunda "itkin düşənlərin siyahısının Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə dəqiqləşdirilməsi" anlayışı yoxdur.
VIII. Dağlıq Qarabağın azərbaycanlı və erməni icması Dağlıq Qarabağın statusunu birlikdə müəyyən edəcəklər. Dağlıq Qarabağın statusunun müəyyən olunması isə Dağlıq Qarabağ probleminin həlli deməkdir. Deməli, Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri arasında dialoq nə qədər tez başlasa Dağlıq Qarabağ problemi də bir o qədər tez həll olunar. Məhz buna görə S.Sərkisyan Dağlıq Qarabağ ermənilərinə Dağlıq Qarabağ azərbaycanlıları ilə təması qadağan edib. S.Sərkisyanın Dağlıq Qarabağ erməniləri arasında nüfuzu xeyli aşağıdır. Ona görə ATƏT MQ və Aİ Dağlıq Qarabağdan kənar istənilən məkanda Dağlıq Qarabağ ermənilərini Dağlıq Qarabağ azərbaycanlıları ilə dialoqa dəvət etsə Dağlıq Qarabağ erməniləri sevinə-sevinə gələcəklər. Dağlıq Qarabağ azərbaycanlıları hətta Dağlıq Qarabağ ərazisində ermənilərlə görüşə bilərlər. Təki nüfuzlu beynəlxalq təşkilat bu işi qura bilsin.
IX. E.Nalbandyanın söz oyunlarından biri "Madrid" və ya "Yenilənmiş Madrid" Prinsipləri terminləri üzərində qurulub. Danışıq masası üstündə nə varsa bu Yenilənmiş Madrid Prinsiplərinə aiddir. 2007-ci ilin Madrid prinsipləri indi Ermənistana da heç lazım deyil. Çünki Ermənistan Qərbdən "demokratiya kağızı" alıb. 2007-ci ildə 10 maddəlik Madrid prinsiplərinin ən azı 3 maddəsi seçkilər və demokratiyaya aid idi. Birinci maddə isə sülhməramlıların yerləşdirilməsi idi. Rəsmi Yerevan dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi 2009-cu ildən başlayaraq həmsədr ölkə prezidentlərinin qəbul etdiyi 5 sənəd əsasında tənzimlənə bilər. Bu isə artıq Yenilənmiş Madrid prinsipləridir. Ən müasir dövrümüzdə "Madrid Prinsipləri" terminini aktuallaşdıran RF Xİ naziri S.Lavrovdur. Yerevandakı mətbuat konfransında S.Nalbandyanla separat razılaşmasının nəticəsi kimi bunu etdi.
X. Prezidentlərin görüşündə əldə olunmuş razılaşmalara əməl etməyən tərəf kimi E.Nalbandyan Azərbaycanı şərlədi. Ola bilər, digər görüşlərdə hansısa məxfi məsələlər var. Amma prezidentlərin Həştərxan görüşü humanitar məsələlərə həsr olunduğu üçün ictimaiyyətə tam açıqdır. D.Əsgərov və Ş.Quliyevin ermənilər tərəfindən girov götürülərək həbsxanada saxlanılması Ermənistan tərəfinin prezidentlərin görüşündə əldə olunmuş razılaşmalara necə riayət etməsinin göstəricisidir.
XI. Ermənistanın və Azərbaycanın militarlaşma dərəcələri fərqlidir. Azərbaycan hərbə təxminən 3 milyard dollar vəsait ayırır. Amma bu Azərbaycan büdcəsinin təxminən 3 faizidir. Ermənistan büdcənin 4,5 faizini hərbə ayırır. Bu ayrı məsələdir ki, Ermənistanın büdcəsində 4,5 faiz 500-600 milyon dollar edir. Ermənistanda hətta talantlı gənclərə hərbi xidmətdən möhlət hüququ ləğv edildi. Azərbaycan cəmiyyətində buna bənzər problem yoxdur. Azərbaycanın maliyyə imkanı sosial-iqtisadi, hərbi məsələlərinin hamısının həll etməyə imkan verir. Ermənistanda sosial-iqtisadi problemlər büdcə həllini tapmır. Rusiya və Aİ-dən alınan pullar silahlanmaya gedir. Ermənistan həm militarizasiya, həm də yoxsulluğun dərəcəsinə görə dünyada 3-cü, Avropada 1-ci yerdədir.
XII. BMT TŞ-nin 4 qətnaməsində erməni qoşunlarının işğal etdikləri Azərbaycan ərazisini təcili tərk etməsi tələb olunur. Yenilənmiş Madrid Prinsiplərinin birinci maddəsində Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması göstərilib. Ermənistan həqiqətən hərbi yolun tərəfdarı deyilsə, BMT və ATƏT MQ-nin bu tələblərindən müəyyən bir qismini reallaşdırardır.
XIII. Ermənistan Helsinki Yekun Aktının 3 prinsipi (I. Güc tətbiq etməmək, II. Ərazi bütövlüyü, III. Xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyin etməsi) əsasında müqavilə imzalamağa çalışır. Məqsədi status-kvonu dəyişməyən sənəd imzalamaqla tənzimləmədə ciddi görüntü yaratmaq istəyir. Azərbaycan real praktiki addımların tərəfdarı olduğu üçün görüntünün əleyhinədir. Amerikalı həmsədr E.Şefer bu 3 prinsipin əsasında yeni variant hazırladı və Armenpress vasitəsi ilə açıqladı: I. Gücün tətbiq edilməməsi məsələləri, başqa sözlə Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılması. II. Ərazilərin qaytarılması, III. Dağlıq Qarabağın statusu, IV. Qaçqın və məcburi köçkünlərin problemlərinin hərtərəfli həlli.
Ərazi bütövlüyü ilə xalqların öz müqəddəratını təyin etməsi prinsipləri bir-biri ilə zidd deyil, uzlaşırlar. ATƏT-in sentyabr 1999 cu il Lund (İsveç) tövsiyələri bu məsələni çoxdan həll edib.
Politoloq qeyd edib ki, Ermənistan real tənzimləmə tərəfdarıdırsa, Şeferin variantını imzalayıb Azərbaycana təqdim edə bilər: ""Yerevan həqiqətləri" Ermənistanın indiki düşdüyü vəziyyətin müəllifidir. Bir çox məsələlər kimlərsə tərəfindən polemika xarakterli görünə bilər. Amma əhalinin Ermənistanı tərk etməsi və xarici borcun təhlükəli miqdarı prezident, baş nazir və digər rəsmilərlə yanaşı beynəlxalq strukturlar tərəfindən təsdiq olunub. Ermənistanın başqa inkişaf yolu yalnız Dağlıq Qarabağ tənzimlənməsindən sonra mümkündür. Bunun üçün rəsmi Yerevan "Yerevan həqiqətlərindən" imtina edib, həqiqəti danışmalıdırlar".
Əli