Xocalı soyqırımı ilə bağlı dünyada tədbirlər davam etdirilib Layihə

Xocalı soyqırımı ilə bağlı dünyada tədbirlər davam etdirilib

Soyqırımı dünyada 9 ölkə rəsmən tanıyıb


Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 26 ili tamam olub. Bu münasibətlə dünyanınb bir sıra dövlətlərində tədbirlər, etiraz aksiyaları keçirilib. Eyni zamanda, ölkə daxilində də tədbirlər təşkil olunub. Onu da əlavə edək ki, Xocalı soyqırımının tanıdılması istiqamətində də indiyə qədər ciddi addımlar atılıb, nəticələr əldə edilib.
Hazırda Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyədə qətliam kimi tanıyıb.
Faciəni tam səviyyədə qətliam kimi tanıyan ölkə və təşkilatlar:
2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyən qətnamə qəbul edib. Bu sıraya İslam Əməkdaşlıq Təşkilatı, Sudan da daxildir.
Faciəni parlament səviyyəsində qətliam kimi tanıyan ölkə və təşkilatlar:
Meksika: 2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılıb.
Kolumbiya: 2012-ci ilin 24 aprel tarixində Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanıyıb.
Çexiya: 2013-cü ilin 19 fevral tarixində Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.
Bosniya və Herseqovina: 2013-cü ilin 26 fevral tarixində Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.
Peru: 2013-cü ilin 14 iyununda Peru parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.
Honduras: 2014-cü ilin 17 yanvar tarixində Honduras parlamenti Xocalı soyqırımını tanıyan №303-2013 saylı qərar qəbul edib.
İordaniya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.
Cibuti Respublikasının Milli Assambleyası (parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə qəbul edib.
Faciəni qətliam kimi tanıyan ABŞ ştatları:
İndiyədək ABŞ-ın 21 ştatı Xocalı ilə bağlı sənəd qəbul edib: Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib.
- 2011-ci ildə Amerikanın Texas ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
- 2011-ci ildə Amerikanın Nyu-Cersi ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
- 2012-ci ilin 28 fevral tarixində Corciya ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
- 2012-ci ilin 23 mart tarixində Men ştatı ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
- 2013-cü ilin 28 yanvar tarixində Nyu-Meksiko ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
- 2013-cü ilin 8 fevral tarixində Arkanzas ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
- 2013-cü ilin 25 fevral tarixində Missisipi ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
- 2013-cü ilin 4 mart tarixində Oklahoma ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. Oklahoma ştatı Senatının birinci sessiyasında Xocalı qətliamının tanıması barədə qətnamə qəbul edilib.
- 2013-cü ilin 18 mart tarixində Tennessi ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
- 2013-cü ilin 18 mart tarixində Pensilvaniya ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
- 2013-cü 3 aprel tarixində Qərbi Virciniya ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
- 2013-cü 3 aprel tarixində Konnektikut ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
- 2013-cü ilin 21 avqust tarixində Florida ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
- 2014-cü ilin 3 mart tarixində İndiana ştatı Xocalı soyqırımını rəsmən tanıyıb
- 2015-cü ilin 3 mart tarixində Arizona ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
- 2015-cü ilin 3 mart tarixində Yuta ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
- 2016-cı ildə ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets (Pete Ricketts) bəyannamə imzalayaraq, 26 fevral tarixini bütün Nebraska ştatında "Xocalını Anma Günü" elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb
- 2016-cı ildə ABŞ-ın Havay ştatının qubernatoru Deyvid İqe (David Ige) Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar bu faciənin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıb.
- 2016-cı ildə ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok (Steve Bullock) rəsmi bəyanat imzalayaraq Xocalı qətliamının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevral tarixini "Xocalını Anma Günü" olaraq tanımağa və yad etməyə çağırıb. Bəyanatda Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib.
- 2016-cı ildə ABŞ-ın Aydaho ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir və müxtəlif addımlar atılır.
Belə tədbirlərdən biri də Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Tədbirdə diplomatik korpus nümayəndələri, o cümlədən İordaniya, İndoneziya, Gürcüstan, Nigeriya, Banqladeş səfirləri, Türkiyə, Qazaxıstan, Pakistan, Malayziya və İordaniyanın yüksək vəzifəli diplomatları, Meksika KİV nümayəndələri, Mexiko şəhəri rus pravoslav kilsəsinin başçısı, həmçinin Meksikada yaşayan həmvətənlərimiz iştirak edib.
Xocalı soyqırımı və Azərbaycanın müstəqilliyi, suverenliyi naminə həyatlarını qurban vermiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Məmməd Talıbov 26 fevral 1992-ci il tarixində bütün dünyanı öz dəhşəti ilə sarsıtmış Xocalı faciəsindən 26 il keçdiyini qeyd edərək həmin günün Azərbaycanlıların könüllərində ən kədərli tarixlərdən biri olduğunu dedi. Müstəqilliyini yenidən qazandıqdan sonra ilk illərdən başlayaraq Azərbaycan xalqının xarici təcavüz və işğal ilə üzləşdiyini deyərək Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımın həmin təcavüzün ən qanlı səhifəsi olduğunu dedi. Soyuq fevral gecəsi onlarla uşağın arzu və gələcəyinin vaxtsız qırıldığını, yüzlərlə günahsız həyatlara qəddarcasına son qoyulduğunu bildirən diplomat, bu faciənin qurbanlarına bütün bu əzabların verilməsinin yeganə səbəbinin onların sadəcə Azərbaycanlı olması olduğunu vurğuladı.
Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamının dünya ictimaiyyəti tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi və insanlığa qarşı cinayət kimi tanındığını deyən Azərbaycan nümayəndəsi bu faciə barədə məlumatın dünya mətbuatı tərəfindən yayındığını qeyd edib. Bu faciənin erməni cəlladları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı işğal olunmuş şəhər və kəndlərdə törədilən dəhşətlərin və etnik təmizləmələrin simvoluna çevrildiyini bildirdi. Bildirdi ki, bu vəhşiliyin bütün beynəlxalq hüquq, mənəvi və insani normalara zidd olaraq qəsdən və soyuqqanlıqla törədildiyini Ermənistanın hazırkı prezidenti və Xocalı Soyqırımının əsas memarlarından olan Serj Sarqsyan tərəfindən Britaniya jurnalisti Tomas de Vala verdiyi müsahibədə etirafı bir daha sübut edir. O, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci başlanmış "Xocalıya Ədalət" beynəlxalq kampaniyasının dünya ictimaiyyətinə bu faciə barədə həqiqətlərin çatdırılması üzrə böyük nailiyyətlər əldə etdiyini dedi. Xocalı Soyqırımının artıq bir sıra ölkə, o cümlədən
Meksika, həmçinin bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanındığını bildirdi. Bu faciəni törədənlərin tezliklə əməllərinə görə beynəlxalq hərbi tribunal qarşısında cavab verməli olduqlarını vurğuladı.
Bundan sonra çıxış edən Türkiyənin Meksikada səfir müavini Fikrət Türkeş Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı bəyanatını səsləndirdi, Azərbaycan torpaqlarının indiyədək Ermənistan işğalı altında olduğunun Türkiyə tərəfindən qəti şəkildə pisləndiyini, Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını Türkiyənin bölüşdüyünü dedi.
Tədbir iştirakçılarına Xocalı faciəsindən bəhs edən və tamaşaçılara bu dəhşətlərin canlı şahidləri olmuş insanların danışdıqlarını çatdıran "Zülmətdən qaçış" (Running from the darkness) sənədli filmi nümayiş etdirildi. Eyni zamanda "Xocalı faciəsi uşaqların gözü ilə" silsiləsindən olan rəsmlər sərgiləndi. Xocalı Soyqırımı ilə bağlı çap və video materiallar paylanıldı.
Sonda şəhidlərimizin xatirəsinə ehsan süfrəsi verilib.
Qeyd edək ki, həmin gün Mexiko şəhərinin Tlakskoake/Xocalı (Tlaxcoaque/Jodyali) meydanında yerləşən "Xocalı Soyqırımı" monumenti qarşısına Səfirlik tərəfindən əklil qoyuldu, bu dəhşətli faciənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, həmçinin onların xatirəsinə Tlakskoake Kilsəsinin zəngi çalındı.
Koceli vilayətinin İzmit şəhərində də Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım tədbiri təşkil olunub. Xocalı faciəsi ilə bağlı təşkil olunan tədbirdə İzmit bələdiyyəsinin sədri Nevzat Doğan, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev iştirak ediblər. Tədbirdə həmçinin Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı digər türk dilli dövlətlərin gəncləri də iştirak edib.
Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində gənclər təşkilatları tərəfindən onlayn fəaliyyətlər təşkil olunub. Gənclər Təşkilatları Milli Şurasından bildirilib ki, kampaniyanın məqsədi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı haqqında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq və gənclər arasında məlumatlılığının artırmaqdır.
Fəaliyyətlər çərçivəsində sosial şəbəkələrdə Xocalı soyqırımı ilə bağlı məlumatlar paylaşılıb. Kampaniya zamanı gənclər təşkilatlarının təşkilatçılığı ilə fəal gənclər tərəfindən #justiceforkhojaly #khojalyonline ümumi 33600 tvit yazılıb və paylaşılan tvitlər "Twitter Azərbaycan" rəsmi profilində ən çox paylaşılan tvitlər siyahısına düşüb. Paylaşılan tvitlər 4 milyon nəfərin profilində görünüb. Facebook sosial şəbəkəsində xüsusi hazırlanmış "Justice for Khojaly" adlı çərçivədən 300 şəxs tərəfindən istifadə olunub. Fəaliyyət zamanı, həmçinin, gənclər sosial şəbəkələrdə örtük şəkli dəyişdirib və e-poçt ünvanlarının imza bölməsində "Justice for Khojaly" baneri istifadə edərək kampaniyaya dəstək olublar. Həmçinin, Xocalı Soyqırımı ilə bağlı 5 dildə Azərbaycan gəncləri tərəfindən hazırlanmış bəyannamə dünyanın müxtəlif ölkələrinin nazirliklərinə, parlametlərə və beynəlxalq təşkilatlarına göndərilib. Gənclər Bəyannamədə dünyanı sülh və insanlıq naminə erməni silahlı qüvvələrinin törətdiyi bəşər cəmiyyətinə qara hərflərlə yazılmış Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması və haqq səslərinin zülmə, haqsızlığa və ədalətsizliyə qarşı birgə ucaldılması üçün səslənirlər. Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində yaşayan həmyaşıdlarımıza, müxtəlif hökumət orqanlarında, ictimai təşkilatlarda, beynəlxalq qurumlarda, kütləvi informasiya vasitələrində çalışan və fəaliyyət göstərən həmkarlarımıza və ədalətin pozulmasına qarşı çıxanlara müraciət edərək etiraz səsimizə səs verməyə çağırıblar.
Qeyd edək ki, tədbirlər davam etdirilir.

Əli